• cümə, 19 Aprel, 03:08
  • Baku Bakı 18°C

İcbari tibbi sığorta zamanı nəzarət mexanizmi necə qurulmalıdır?

08.11.18 20:08 752
İcbari tibbi sığorta zamanı nəzarət mexanizmi necə qurulmalıdır?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı yol xəritəsini hazırlayıb. Agentlikdən bildirilib ki, hazırda yol xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Növbəti ildə yol xəritəsində dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub: "Yol xəritəsində maliyyə dayanıqlığının təmin edilməsi üçün icbari tibbi sığortanın müxtəlif mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu maliyyə mənbələrinə dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə mənbələri aiddir. Növbəti il üçün dövlət büdcəsində icbari tibbi sığorta üçün nəzərdə tutulan vəsait alternativ maliyyə mənbələrinə aiddir və yol xəritəsinin tələblərindən irəli gələn məsələlərin icrası üçün rezerv (ehtiyat) vəsaitdir".
Qeyd edək ki, bir neçə gün əvvəl icbari tibbi sığortanın istifadəsinin elan edilməsi üçün son müddətin uzadıldığı bildirildi. Həmçinin Azərbaycan Maliyyə Naziri Samir Şərifov, 2019-cu ilin dövlət büdcəsinin paketinin parlamentdə müzakirəsi zamanı bildirib ki, bütün ölkənin ərazisində İTS-in tətbiqi 2020-ci ilə planlaşdırılıb və 2019-cu ildə yekun hazırlıq işləri aparılacaq. Nazir həmçinin qeyd edib ki, 2019-cu il dövlət büdcəsində İTS üzrə 224 milyon manat ayrılacaq və tətbiqi üçün xüsusi fondda vəsaitlərin yığılması məsələsinə baxılacaq. Hazırda İTS-in tətbiqi pilot xarakter daşıyır, bu sistem Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında tətbiq olunur. Bu istiqamətdə işləmək üçün beynəlxalq məsləhətçi olan "McKinsey & Company" şirkəti də cəlb olunub. Bu şirkət,Azərbaycan ərazisində İTS-ə mərhələli keçid üçün yol xəritəsi hazırlanmasında iştirak edəcək.
Ancaq sözsüz ki, bu sistemə keçid bir sıra problemlərlə müşayiət olunacaq. Xəstəxanalarla sığorta şirkətləri arasında anlaşılmazlıqların olması da qaçılmazdır. Bəs bütün bu problemləri necə həll etmək lazımdır?
Məsələ ilə bağlı "Kaspi” qəzetinə açıqlama verən İqtisadçı Rəşad Həsənov bildirdi ki, icbari tibbi sığorta mexanizminin tətbiqi vahid mənbə hesabına mümkün deyil və buna görə də maliyyələşmə mənbələrinin şaxələndirilməsinə ehtiyac var: "Normalda sığorta mexanizmi, insanların icbari qaydada ödədikləri sığorta haqqı əsasında maliyyələşir. Amma dünya təcrübəsi də onu göstərir ki, bu prosesdə bir sıra problemlər ortaya çıxır. Xüsusilə əhalinin aztəminatlı, bu sığorta haqlarını ödəmək imkanında olmayan, işləməyən insanların icbari sığorta haqqını ödəmək imkanları olmur. Ya da bu mexanizmə çıxışları olmur. Buna görə də, hər bir inkişaf etmiş ölkədə icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsini dövlət öz üzərinə götürür. Dövlət büdcəsindən maliyyələşmə olur. Amma eyni zamanda alternativ mənbələrdən də maliyyələşmənin təmin edilməsi prioritet olaraq qalmaqdadır. Lakin Azərbaycanda vəziyyət nisbətən mürəkkəbdir. Problemlərdən biri özəl səhiyyə müəssisələri ilə əməkdaşlıq məsələsidir. Burada da dünya təcrübəsində müxtəlif problemlər ortaya çıxıb. Problemlərdən biri də ondan ibarətdir ki, bəzi hallarda sığorta şirkətlərinin xərcləri qarşılamasında sui-istifadə halları yaranıb. Deyək ki, səhiyyə müəssisələri, pasiyentin istifadə etmədiyi xidmətlərin fakturasını sığorta şirkətlərinə göndərir. Özəl sığorta şirkətləri səhiyyə müəssisələrinə bu imkanı verməmək üçün xüsusi ekspertlərin xidmətlərindən istifadə edir. Bütün növ xidmətlər məhz bu ekspertlər tərəfindən qiymətləndirilir”.
Həmsöhbətim qeyd etdi ki, dövlət sektorunda bu risklər yüksəkdir: "Ona görə də, burada nəzarət mexanizmləri formalaşdırılmalıdır. Düşünürəm ki, bugünkü problemlərdən biri də odur ki, demək olar ki, həkimlər hansısa formada sığorta şirkətlərinin müştərilərinə xidmət göstərməməyə çalışırlar. Sığorta şirkətləri vasitəsi ilə gələn pasiyentlərə, nisbətən daha aşağı xidmətlər olur. Ona görə də burada da müəyyən təkmilləşdirilmə aparılmasına ehtiyac var. Burada çox mürəkkəb məsələlər var. Daha yaxşı olar ki, rəqabətli bir mexanizm formalaşdırılsın və insanlara, hospitalların xidmətlərindən istifadə üçün seçim azadlığı verilsin. Onlara əvvəlcədən deyilsin ki, məsələn, ürək əməliyyatı filan beş xəstəxanada həyata keçirilir. Siz də bunların hansını istəsəniz, onun xidmətlərindən istifadə edin. Bu zaman həmin xəstəxanalar daha çox pasiyenti özünə cəlb etmək üçün məcburdurlar ki, xidmətlərinin keyfiyyətlərini artırsınlar və qiymətlərini münasib etsinlər. Məncə, rəqabəti şərtləndirə biləcək mexanizmlərin qurulmasına ehtiyac var. İcbari tibbi sığorta üzərində nəzarəti təmin edə biləcək mexanizm lazımdır. Düşünürəm ki, bu çox da asan bir proses deyil. Uzunmüddətli bir dövrdə - təxminən 5 ildə tamamilə tibbi sığorta və səhiyyə arasındakı mexanizmləri formalaşdırıb aktiv hala gətirmək mümkündür”.

Günel Azadə


banner

Oxşar Xəbərlər