• cümə axşamı, 25 aprel, 12:21
  • Baku Bakı 23°C

İcbari tibbi sığorta mühüm yeniliklər vəd edir

20.05.16 13:46 1884
İcbari tibbi sığorta mühüm yeniliklər vəd edir
"İcbari sığorta həm əhali, həm media nümayəndələri, həm də bizim üçün bir yenilikdir. Bu, çox mürəkkəb prosesdir. Ona görə biz bu işi daha düzgün qurmaq üçün xarici ekspertləri cəlb etdik. İlk görüşümüzü isə jurnalistlərlə etməyimizin səbəbi odur ki, bu işin qurulmasında, cəmiyyətə çatdırılmasında medianın rolu böyükdür”. Bu sözləri ötən gün "İcbari tibbi sığortanın tətbiqi üzrə media nümayəndələrinin biliklərinin artırılması" mövzusunda keçirilən təlimdə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirdi.
Z.Əliyev dedi ki, icbari tibbi sığortanın təşkili ilə bağlı ölkə başçısı tərəfindən verilən tapşırığın icrası ilə əlaqədar işlər görülür. Burada qurulan model, təqdim olunacaq iş ilk növbədə vətəndaşların marağını təmin etməlidir: "Dövlət xidməti, eyni zamanda Azərbaycan vətəndaşı olaraq vətəndaşlarımıza xeyirli olacaq nələri çatdıra biləcəyimiz haqqında düşünürük. Çoxlu suallar verirlər ki, qanun 1999-cu ildə çıxıb, agentlik 2007-ci ildə yaranıb, amma heç bir fəaliyyəti olmayıb. Düşünürəm ki, son bir neçə ayda buna dair açıqlama vermişik. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri olub. Əgər biz nəyəsə nail olmaq istəyiriksə, gələcəyə, agentliyin bundan sonrakı fəaliyyətinə baxsaq, daha yaxşı olar”.
Pilot layihə
Z.Əliyev icbari tibbi sığorta ilə bağlı yaranan çoxsaylı suallara layihənin tam təsdiqlənməsindən sonra cavab veriləcəyini dedi. Bildirdi ki, bu ilin sonu-gələn ilin əvvəli üçün pilot layihə olaraq icbari sığortanın tətbiqi gözlənilir: "Aidiyyatı dövlət qurumları ilə müzakirələr aparılır. Artıq demək olar ki, müzakirələrimiz yekunlaşır. Mayın sonu-iyun ayında bunu ölkə rəhbərliyinə təqdim edəcəyik. Təsdiqləndikdən sonra modelin, eyni zamanda növbəti addımlarımızın nədən ibarət olacağını açıq-aydın görəcəksiniz. Eyni zamanda, bu ilin sonu - 2017-ci ilin əvvəli üçün layihənin pilot olaraq başlanması gözlənilir. Ölkə başçısı tərəfindən sərəncam verildikdən sonra hansı rayonların seçiləcəyi, işin necə qurulması ilə bağlı da açıqlama veriləcək”.
Dövlət agentliyinin direktoru pilot layihənin icra müddəti haqqında da danışdı. Qeyd etdi ki, pilot olaraq fəaliyyət uzun sürə bilməz: "Biz bunun uzun bir zamanı əhatə etməsini istəmirik də. Düşünürük ki, pilot layihənin tam olaraq başlanmasından 6-9 ay keçdikdən sonra nəticələrini təhlil edəcəyik. Nə kimi səhvlərimiz olur, nə çətinliklər var? Bunları araşdırıb üzərində işləyəcəyik. Bu bizə problemləri və çətinlikləri daha tez araşdırmağa yardımçı olacaq”.
Onkoloji və qan dövranı xəstəliklərindən əziyyət çəkənlərin gözləntiləri
Z.Əliyev onkoloji və qan dövranı xəstəliklərindən əziyyət çəkənlərin də bu sığrotadan gələcəkdə yararlanmasının mümkün olmasından danışdı: "Hər bir ölkənin önəmli məsələlərindən biri də vətəndaşlarının sağlamlığının qorunması ilə bağlıdır. Buna necə nail olurlar? Dünya ölkələrinin təcrübəsinə baxsaq, bu yolda universal təminata nail olmağa çalışırlar. Universal təminat bütün əhalini əhatə edəcək geniş tibbi xidmətlərin tətbiq olunmasıdır. Buna da daha effektiv, səmərəli nail olmaq üçün bütün bu işlər bir hovuzda cəmləşməlidir. Bir hovuzda cəmləşdikdən sonra bu işi görən quruma vətəndaşların ehtiyaclarına uyğun xidmətlər təqdim etmək rahat olur.
Bu prosesə hansı ölkədə baxsanız, görəcəksiniz ki, bu proses uzun bir zamandan keçir. Çünki bu, uzun zaman aparan, şaxəli bir islahatdır. Bunun mürəkkəbliyindən irəli gələrək bir gündə hər şeyi edə bilmərik. Bizim gələcəkdə məqsədimiz odur ki, bütün risklər bir hovuzda cəmləşsin. Bir hovuzdan da bu xidmətlər göstərilsin. Bunun nə qədər zamana reallaşacağı ilə bağlı proqnoz verməkdə çətinlik çəkirəm. Çünki ilk növbədə pilot layihəsi işə başladıqdan sonra mərhələli şəkildə digər işləri də icra edəcəyik. Zamanla görəcəksiniz ki, xalqımız həm onkologiya, həm də digər proqramlar üzrə bu sığortadan yararlanır. Onkologiya ilə yanaşı, qan dövranı problemləri də ciddi narahatçılıq doğuran məsələdir. Bununla bağlı dövlət proqramı da yoxdur. Biz çalışacağıq buna da üstünlük verək ki, vətəndaşlarımız yararlana bilsinlər. Məqsədimiz prosesi universal paketə çatdırmaqdır”.
"Sənədlərimizin təsiqlənməsini gözləyirik”
Agentlik direktoru bildirdi ki, icbari sığortanın tətbiq olunmasında məqsəd digər ölkələrlə eynidir. Amma maliyyələşmə cəhətdən Avropa təcrübəsini daha uğurlu hesab edirlər: "İngiltərədə milli səhiyyə xidmətidir. Orada sığorta tam dövlət tərəfindən maliyyələşir. Amma digər Avropa ölkələrinə baxdıqda daha çox sosial yönümlü bir səhiyyə xidməti qurulub. Yəni vətəndaşların risklərinin qarşısını almaq üçün öz vəsaitlərindən də bir hovuza cəmləşdirilsin. Biz görürük ki, ən dayanlıqlı sistem də budur. Həmin o hovuzda cəmləşən vəsaitlərin 80 faizi vətəndaşlar, 20 faizi isə dövlət tərəfindən ödənilir. Bizdə isə bu balans düzgün deyil. Amma biz buna nail olmaq istəyirik. Bu, vətəndaşın cibindən kifayət qədər böyük vəsait çıxması demək deyil. Sadəcə, onun ödədiyi vəsaitin qarşılığında daha geniş təminata nail olacağıq. Sığorta işinin ən önəmli tərəflərindən biri də sığorta təminatı ilə bağlı vətəndaşların düzgün maarifləndirilməsidir. Əhali bundan necə yararlanacağını bilməlidir. Vətəndaşlar bu işlə bağlı nə qədər məlumatlı olsalar, o qədər də uğurlu olacaq. Bizim əsas uğur faktorlarımızdan biri də medianın roludur. Hər kəsin bu mövzu ilə bağlı sualları çoxdur. Amma daha konkret danışmaq üçün sənədlərimizin layihə şəklində təsiqlənməsini gözləyirik”.
"Dövlətin maliyyə yükü azalacaq”
Agentliyin monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyevin sözlərinə görə, Azərbacanda icbari tibbi sığortanın tətbiqi bir sıra problemlərin həllinə və dəyişikliklərə səbəb olacaq. İcbari tibbi sığortanın tətbiqindən ən böyük gözlənti əhalinin öz cibindən ödədiyi müalicə xərclərinin azalması olacaq: "Hədəf götürülüb ki, ümumi müalicə xərcinin 15%-ni əhali özü ödəsin. Qalan vəsait isə sığortanın hesabına olacaq. Bu faizi dünya ölkələrinin təcrübəsinə əsaslanaraq qeyd edirik. Təcrübə belədir ki, müalicəyə gələnlər müalicə xərcinin 15%-ni özündən ödəyirlər. Bəzisində bundan çox və ya azdır. Hədəf olaraq buna bizdə bir neçə ildən sonra nail olunacaq. Xaricdə bu həddə nail olmaq üçün on illər sərf edilib, bizdə müddət bu qədər uzanmaya da bilər. Amma bu məsələ bir neçə amildən asılıdır.
İcbari tibbi sığorta sisteminin işə düşməsi dövlətin maliyyə yükünün azalmasına imkan verəcək. Çünki bu sahəyə əlavə maliyyə mənbələri də cəlb ediləcək. Bunlar müxtəlif sosial proqramlar, işəgötürənlərin və insanların özünün ödədiyi sığorta haqları olacaq”.
İ.Əliyev deyir ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı çətinliklərdən biri də qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanması ilə bağlıdır. O deyir ki, bu problem tək Azərbaycanda deyil, bütün inkişaf edən ölkələrdə var: "Belə şəxslər çox zaman sığorta sisteminə çox gec, yaşlandıqda və ya səhhətləri ilə bağlı müəyyən risk yarandıqda qoşulurlar. Ancaq bir sıra ölkələr buna qarşı tədbirlər görür. Misal olaraq, Türkiyə və Almaniyada belə şəxslərə deyirlər ki, siz istədiyiniz zaman sığorta sisteminə qoşula bilməzsiniz. Əgər onlar ötən 5 il ərzində tibbi sığortaya görə heç bir ödəniş etməyibsə və işsiz olmayıblarsa, onlardan bu sistemə qoşulmaq üçün çox yüksək məbləğ tələb edirlər. Demirəm ki, bizdə də belə mexanizm olacaq, ancaq dünya təcrübəsində belədir".
İlkin səhiyyə və ailə həkimi sistemi
İ.Əliyev deyib ki, tibbi xidmətlərin satınalması iki formada - passiv və strateji formada ola bilər. Passiv satınalma tibbi sığorta sisteminə uyğun gəlmir: "Passiv satınalma o deməkdir ki, tibb müəssisələri xidmət göstərir və ödəyiciyə invoys göndərirlər ki, mənə pul ödə. Nəzarət olunmur ki, orada xidmət göstərilib, ya yox. Yaxud bu xidmət orada lazimi səviyyədə göstərilib, ya yox. Strateji satınalmada isə keyfiyyət standartlarına uyğun ödənişlər edilir. Bütün vəsaitlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində toplandığı və burada alıcılıq qüvvəsi çox olduğu üçün strateji satınalmanın əhəmiyyəti artır və bunun mümkünlüyü daha çoxdur".
Şöbə müdiri bildirib ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində tibbi xidmətlərin tənzimlənməsinə şərait yaranacaq – qiymət fərqləri azalacaq: "Təbii ki, bütün klinikalarda eyni qiymətlərin olması tələb edilməyəcək. Amma eyni yanaşma qiymətlərə də təsir edəcək. İcbari tibbi sığortanın tətbiqi Azərbaycanda səhiyyədə yeni keyfiyyət standartlarının və idarəetmə metodlarının tətbiqini stimullaşdıracaq. Qeyd edək ki, hazırda Azərbaycan xəstəxanaları baş həkimlərin rəhbərliyi prinsipi ilə işləyir. Amma müasir yanaşma olaraq xəstəxanaların menecerlər - icraçı direktorlar tərəfindən idarə olunması lazımdır. Artıq Səhiyyə Nazirliyində bu məsələ - xəstəxanaların idarə edilməsi formasının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır.
İcbari tibbi sığortanın əsas vəzifələrindən biri müalicə ilə yanaşı, profilaktiki tədbirlərin artırılması olacaq. Sistem elə qurulacaq ki, əhalinin müalicəsindən çox onların xəstələnməsinin qarşısı alınsın. Eləcə də xəstəliklərin əvvəlcədən aşkar edilməsi üçün ilkin səhiyyə sistemi təkmilləşdiriləcək, o cümlədən ailə həkimi sistemi tətbiq ediləcək”.
İcbari tibbi sığorta əcnəbilərə də aid olacaq
Agentliyin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib ki, icbari tibbi sığorta haqları Azərbaycan Respublikasının sosial yönümlü layihələrinin büdcəsi hesabına formalaşdırılacaq. O qeyd edib ki, icbari tibbi sığorta Azərbaycan vətəndaşları və Azərbaycanda müvəqqəti qeydiyyatda olan əcnəbiləri əhatə edəcək. Xidmət paketinin müddəti hər il yenilənmək şərtilə 1 il müəyyən olunub. Keyfiyyətə nəzarət isə Səhiyyə Nazirliyi və Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.
V.Qurbanov bildirib ki, risk qrupuna daxil olan xəstəliklər - ürək-damar xəstəlikləri, habelə stasionar müalicə üçün dərmanların xidmət paketinə daxil edilməsi haqda rəy formalaşıb: "Ambulator müalicənin dərman təminatının xidmət paketinə daxil edilməsi haqda müzakirə aparılır”.
Agentliyin Hüquq şöbəsinin müdiri Aysel İbayeva isə qeyd edib ki, qurumun gələcəkdə tibb müəssisələrinin akkreditasiya məsələsində iştirak etmək hüququ olacaq: "Buna görə də gələcəkdə tibb müəssisələrinə qarşı onların fəaliyyəti və bizim fəaliyyətin kəsişdiyi nöqtələr üzrə tələblər qoya bilərik. Biz bununla Səhiyyə Nazirliyinin işinə qarışmayacağıq. Biz sadəcə, bu məsələdə iştirakçı qismində olub bizə aid məsələləri həll edəcəyik".
Təlim zamanı o da bildirildi ki, icbari tibbi sığorta ilə bağlı tibb müəssisələrinin akkreditasiya prosesinə nəzarət hələlik heç bir quruma həvalə olunmayıb. İcbari tibbi sığorta xidmətlərinin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyi və Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər