İcbari tibbi sığorta ana və uşaq ölümlərinin sayını azaldacaq
"Ana olmağa
hazırlaşıram, artıq hamiləliyin 6-cı ayıdır, sözün həqiqi mənasında həkim və
analizlərə, müalicəyə verilən pul bizi yıxıb sürüyür. Əldə olan nə varsa, elə həkimlərə
gedir. Məndə bəzən başqa problemlər də yaranır ki, daha çox xərcimiz çıxır. Hələ
birinci uşağımızdır, sağ-salamat doğulsun, iki-üçüncü uşaq fikirləşsək, bu
uşağı saxlaya-saxlaya onları dünyaya gətirmək düşünürəm ki çox çətin olar”. Bu
sözləri bizimlə söhbətində 3 aydan sonra ana olmağa hazırlaşan Aytən Mehdiyeva
bildirdi. Müsahibimizin elə bu problemindən dolayı belə bir sual yarana bilər:
İcbari tibbi sığorta ana olmağa hazırlaşan xanımlar üçün hansı imkanları
yaradır? Maddi tərəfləri ilə yanaşı, başqa nə kimi faydası olacaq?
Axı ölkəmizdə
İcbari tibbi Sığortanın tətbiqi sahəsində işlərə başlanılıb, iki ilə yaxındır
ki, ilkin olaraq seçilmiş Yevlax, Mingəçevir və Ağdaş şəhərlərində pilot olaraq
layihənin icrası həyata keçirilir. Növbəti ildən icbari tibbi sığortanın artıq
bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur. Ona görə hər kəsi bu istiqamətdə maraqlandıran
suallar çoxdur. Biz bu yazımızda ana olmağa hazırlaşan xanımları maraqlandıran
suallara cavab tapmağa çalışacağıq.
İlk olaraq İcbari Tibbi Sığortaüzrə DövlətAgentliyi ilə əlaqə saxladıq. Agentliyin Tibbi Sığorta Departamentinin rəhbəri Vüqar
Qurbanov "Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə icbari
tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsinin şərtləri
və qaydası müəyyən olunub, baza (əsas xidmətlər) zərfinə daxil olan tibbi xidmətlərin
siyahısı, tibbi xidmətlərə görə tariflər təsdiq edilib. Pilot layihə çərçivəsində
sığorta olunanlara tibbi xidmətlər həmin siyahıya uyğun növdə, həcmdə və şərtlərlə
göstərilir. Hamiləlik dövründə ana və dölün sağlamlığının tam təminatı üçün
baza zərfi çərçivəsində həkim tərəfindən təyin olunmuş bütün tibbi xidmətlər
icbari tibbi sığorta tərəfindən qarşılanır.
Hətta əgər hamilə
qadının hər hansı xəstəliyi mövcuddursa, baza zərfi çərçivəsində ona uyğun digər
laborator və instrumental müayinələrə də təminat verilir. Yəni, doğuşa aid hər
bir xidmət bura daxil olacaq, qeysəriyyə əməliyyatları da. Doğuş zamanı hər
pasientin durumu fərqli olduğu üçün, göstəriləcək xidmətlər də dəyişə bilər. Məsələn,
tutaq ki, hamilə qadın şəkərli diabetdir, ya ürək xəstəsidir. O zaman da əlavə
xidmətlər göstərilir.
Tibbi ekspert Adil Qeybulla deyir ki, icbari tibbi sığorta paketinə ilk növbədə
doğuş və təxirəsalınmaz tibbi yardım daxil edilməlidir: "Çünki təcili təxirəsalınmaz
tibbi yardıma hər kəsin ehtiyacı olur. Həm cərrahi, həm terapevtik kəskin xəstəlikləri
qeyd etmək olar. Məsələn, xəstə infarkt, kəskin apendisit, xolestitit və s. ola
bilər. Yaxud yıxıla, avtomobil qəzası keçirə bilər və s. Bunlarda təcili yardım
lazımdır. Sonra artıq zaman-zaman digər xidmətləri də əlavə etmək olar. Hamiləliyin
izlənməsi prosesi də önəmlidir, ona görə ilk olaraq bunlardan başlanılmalıdır”.
A.Qeybullanın
sözlərinə görə, icbari tibbi sığorta tətbiq olunduğu zaman hamiləlik davamlı
olaraq izləniləcək və bu, ana və uşaq ölümlərinin sayının azalmasına gətirib
çıxaracaq: "Bunun hamiləlik vaxtı çəkilən xərclərdən əlavə də əhəmiyyəti var.
Hamiləlik dönəmi protokolla izlənməlidir. Təəssüf ki bizdə hamiləlik çox vaxt
planlaşdırılmamış olur, hamilə qalır, sonra uşaq anadan olana yaxın həkim
axtarırlar. Yanaşı da anada şəkərli diabeti, böyrək problem olanda vəziyyət
ağırlaşa bilir. Hamiləliyin təqibi məhz buna görə lazımdır. Əgər doğuş zamanı təhlükə
yaranırsa, birinci ananın xilasına çalışılır. Ona görə ilkin dövrdə
monitorinqin önəmi çoxdur. Xəstələr tərəfindən hamiləliyin izlənilməsi çox da
diqqətə alınmır. Beynəlxalq protokollar olsa, tətbiq edilsə, nəticədə ana və
uşaq ölümlərinin sayı kəskin dərəcədə aşağı düşər”.
Ginekoloq Naibə Həsənova deyir ki, maddi cəhətdən sərf etmədiyi üçün bəzi
hamilə xanımlar lazım olan bütün müayinələrdən keçə bilmirdilər. Bu da bəzi
problemlərin vaxtında aradan qaldırılmasına mane olur: "Bizdə çox qadın hamilə
vaxtı qadın məsləhətxanasına getmir, gedənlər də sənəd işləri üçün gedir. Hər
xanımın vaxtında müayinəyə gəlməməyinin fərqli səbəbləri olur. Kimi internetdə
oxuyub tətbiq edir, kimi təkrar doğuşu olur, elə bilir ki, hər doğuşu rahat
olacaq, fərdi bir şeydir. Amma doğum prosesi izlənməli, təbii doğuşla, yoxsa
qeysəriyə ilə olacağı müəyyənləşdirilməlidir. Bunun üçün də hamilə qadınlar mütəmadi
olaraq həkim nəzarətində olmalıdırlar. Bu proses üçün də müəyyən qədər maliyyə
gedir. Məsələn, ultrasəs müayinəsi. Dopler ultrasəs müayinənin qiyməti çox
adamın cibinə uyğun olmur. Qiyməti 50 manatdan başlayır. Bu xidmət icbari sığorta
paketinə daxil olsa, ailələr bunu rahatlıqla etdirərlər. Çünki bu müayinə daxil
olsa, anadangəlmə qüsurlar, döldə nə isə problem olanda görmək olur”.
N.Həsənova deyir
ki, süni mayalanma da icbari tibbi sığortaya daxil edilsə, bir çox ailələr üçün
böyük kömək olar: "Sonsuzluq problemi indi böyükdür, ona görə sığortaya süni
mayalanmanın da daxil olmağını istəyərəm. Çünki süni mayalanmanın ilk dəfədən
tutmamaq şansı çox yüksəkdir. Bunu 3-4 dəfə edirlər. Uzağa getməyək, Türkiyə,
Gürcüstan, Rusiyanı götürək. O ölkələrdə artıq 2-cidən sonrakının ya müəyyən
hissəsini dövlət qarşılayır, ya da ümumiyyətlə pulsuz olur. Sonsuz ailələrin
müayinə paketləri var, hormonlar, dərmanlar. Əsas maliyyəni o aparır. Onlar
qarşılansa, çox yaxşı olar”.
Aygün Asimqızı