İcazəsiz aksiyalara görə cərimələrin artırılması aktuallaşır

İcazəsiz aksiyalara görə cərimələrin artırılması aktuallaşır

Siyasət
23 Oktyabr 2012, 16:50 1419
İcazəsiz aksiyalara çıxanların daha böyük miqdarda cərimələnməsi aktuallaşır. Bununla bağlı millət vəkili Rəfael Cəbrayılovun hazırladığı təkliflər oktyabrın 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarıldı. R.Cəbrayılov qeyd etdi ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna və bu qanunun tətbiqi ilə bağlı İnzibati xətalar və Cinayət məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi sosial sifarişdir. Qanunvericiliyin köhnəlmiş müddəaları müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Əsas maraq doğuran dəyişiklik razılaşdırılmamış aksiyalara çıxan vətəndaşların və aksiyaların təşkilatçılarının inzibati qaydada cəzalandırılması ilə bağlı müddəalara təklif olunan yeniliklərdir. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər vətəndaşların tənbeh tədbiri kimi ictimai işlərə cəlb olunması nəzərdə tutulur. Əvvəllər bu cəza Cinayət Məcəlləsində yer alırdı. Vətəndaşların 60 saatdan 240 saata qədər ictimai əməyə cəlb olunması mümkün idi. İndi bu müddəa İnzibati Xətalar Məcəlləsinə daxil edilir. Cinayət Məcəlləsində isə ictimai işlərə cəlb olunma müddəti 240 saatdan 480 saata qaldırılır. Millət vəkili dedi ki, indiki qanunvericilikdə inzibati tənbeh tədbiri kimi nəzərdə tutulan cərimələrin ödənilməməsi zamanı hansı tədbirlərin görüləcəyi ilə bağlı boşluq var. Buna görə də təklif olunur ki, cərimələri ödəməyən vətəndaşlar 15 gün müddətinə inzibati həbsə məhkum olunsunlar.

İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinə təklif olunan dəyişikliklərdə isə razılaşdırılmamış aksiyaların təşkilatçıları ilə iştirakçıları arasında məsuliyyət fərqi müəyyənləşdirilir. Millət vəkili dedi ki, indiyədək yalnız icazəsiz aksiyaların təşkilatçıları hərəkətlərinə görə məsuliyyət daşıyırdılar. İştirakçılar isə yalnız ictimai asayişi pozmağa yönəlik hərəkətlərə cəhd etdikdə cərimələnirdilər. İndi isə qanunvericilikdəki bu hüquqi disbalans aradan qaldırılır. İndiyədək icazəsiz aksiyalarda iştirak edənlər 7 manatdan 13 manatadək cərimələnirdilər. Millət vəkili bu rəqəmin çox cüzi olduğunu bildirərək dedi ki, əslində cərimə qanunu pozan şəxsin maliyyə durumuna zərbə vurmalıdır. Amma indiki halda vətəndaş dəfələrlə qanunu pozsa belə nəzərdə tutulan cərimə onun maddi durumuna təsir etmir. Nəticədə insanlar sonsuza qədər qanunu pozmaq imkanı əldə edirlər. Buna görə də təklif olunur ki, həm razılaşdırılmamış aksiyaların təşkilatçıları, həm də iştirakçıları üçün nəzərdə tutulan cərimənin məbləği artırılsın. Təkliflərə əsasən, razılaşdırılmamış aksiyanın təşkilatçıları 1500-3000 manat, vəzifəli şəxslər 3000-6000 manat, hüquqi şəxslər 15000-30000 manat məbləğində cərimələnəcək. R.Cəbrayılov dedi ki, oxşar maddələr Rusiya, Qazaxıstan, Belarus və Pribaltika ölkələrinin qanunvericiliklərində əksini tapır. Avropa ölkələrində də razılaşdırılmamış aksiyaların keçirilməsinə görə cəzalar nəzərdə tutulur. Məsələn, Böyük Britaniyada razılaşdırılmış aksiyanın marşrutunu dəyişməyə görə 3 aylıq həbs və böyük miqdarda cərimə ödənilir. Almaniyada kütləvi aksiyalarda toplantının məqsədinə uyğun olmayan şüarlar səsləndirildikdə kütləvi aksiya dağıdılır. Fransada polisin «dağılın» əmrinə əməl edilmədikdə iştirakçılar 3 min avrodan 45 min avroya qədər cərimələnirlər.

R.Cəbrayılov bildirdi ki, razılaşdırılmamış aksiyalarda iştirak edən şəxslər üçün nəzərdə tutulan cərimələrin məbləğinin də artırılması təklif olunur. Təklifə əsasən, buna cəhd edən vətəndaşlar 500-1000 manat məbləğində cərimələnəcəklər. Vətəndaşların cərimələnməsi ilə bağlı qərar məhkəmə tərəfindən çıxarılacaq. Təklifin müəllifi qeyd etdi ki, məhkəmə vətəndaşın maliyyə imkanları olduğu təqdirdə onu qeyd olunan məbləğdə cərimələyəcək. Əgər vətəndaş cəriməni ödəmə iqtidarında olmayacaqsa, ictimai işlərə cəlb oluna bilər. O bundan da boyun qaçırsa, 15 sutka inzibati həbsə məhkum ediləcək.

Millət vəkili Cinayət Məcəlləsinə də müəyyən dəyişikliklərin nəzərdə tutulduğunu dedi. Onun sözlərinə görə, vətəndaşlar ictimai asayişin pozulmasına cəhd göstərərlərsə 5000-8000 manat məbləğində cərimələnəcəklər. Təkliflərin 2013-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Müzakirələrdə iştirak edən millət vəkili Azay Quliyev təkliflərin ilk baxışda cəlbedici olmadığını vurğuladı: «Amma mahiyyətinə varanda görürük ki, qanunvericiliyə ciddi bir dəyişiklik edilmir. Onsuz da icazəsiz aksiyalarda iştiraka görə cərimələr var idi. İndi sadəcə olaraq onların məbləği artırılır». Millət vəkili dedi ki, nəzərdə tutulan dəyişikliklər ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunmasına heç bir problem yaratmayacaq. Dəyişikliklər sadəcə vətəndaşların daha məsuliyyətli olmasına yönəlib: «Bu baxımdan bu təkliflərin hüquqi aspektdən qəbul olunmasında heç bir problem görmürəm. Məsələnin siyasi tərəflərinə gəldikdə isə təəssüf ki, son vaxtlar icazəsiz aksiyalar keçirməklə ölkənin imicinin korlanması istiqamətində addımların atıldığının şahidi olmaqdayıq. Uzağa getməyə ehtiyac yoxdur. Biz bunu «Avrovizion» mahnı müsabiqəsi ərəfəsində gördük». Millət vəkili dedi ki, bəziləri razılaşdırılmamış aksiyalara çıxmaqla Azərbaycanda guya sərbəst toplaşmaq azadlığının olmaması barədə rəy formalaşdırmağa çalışırlar. «Ümumilikdə təklif olunan dəyişikliklər Azərbaycanın qəbul etdiyi demokratik prinsiplərdən geri çəkilməsi kimi qəbul edilməməlidir» - deyə millət vəkili vurğuladı.

İclasa sədrlik edən Ə.Hüseynli də bildirdi ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişiklik yox, dəqiqləşdirmə edilir. 1998-ci ildə qəbul edilən bu qanuna 2008-ci ildə əlavə və dəyişikliklər edilib və bu dəyişikliklərə Venesiya Komissiaysı tərəfindən müsbət rəy verilib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev inzibati və cinayət məsuliyyəti nəzərdə tutan hərəkətlərlə bağlı ciddi dəqiqləşdirmələrə ehtiyac olduğunu bildirdi. Onun sözlərinə görə, uzun müddətdir böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılması təklif olunsa da, buna müsbət yanaşılmır. Amma bu yaxınlarda döyülmənin cinayət məsuliyyətinə səbəb olması aradan qaldırılıb və bu hərəkət inzibati xəta kimi tövsif olunub: «Təsəvvür edin ki, indi biz başqasına «qanmaz» deyəni həbs edirik, döyəni isə cərimələyirik. Bunun nəticəsidir ki, bu günlərdə gənc bir qızı dəniz kənarına aparıb döyən, sonra saçlarını kəsən vətəndaşı həbsdən azad ediblər».

Millət vəkili bu təkliflərin bugünlərdə Təhsil Nazirliyinin qarşısındakı aksiyadan sonra hazırlandığını bildirdi. Onun sözlərinə görə, bir aksiyaya görə cərimələrin sərtləşdirilməsi doğru yol deyil: «Bu addım Azərbaycana qarşı kampaniyanın başlanmasına bəhanə verəcək. Nəzərə almaq lazımdır ki, bizim Qarabağ kimi problemimiz var. Bu problemi isə demokratik dəyərləri təbliğ edən Qərbin köməyilə həll etməyə çalışırıq. Bu baxımdan təklif olunan dəyişikliklər mili maraqlarımıza ziddir».

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı təklifləri dəstəklədiyini, amma nəzərdə tutulan cərimələrin bir qədər azaldılmasını istədiyini bildirdi. Onun sözlərinə görə, razılaşdırılmamış aksiyalara görə cərimələr artırılırsa, Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi ilə bağlı müraciətlərə daha diqqətlə baxmalıdır. Çünki sərbəst toplaşma hər bir vətəndaşın konstitusyon hüququdur.

Millət vəkili Cingiz Qənizadə də dəyişikliklərin müxalifətin deyil, Təhsil Nazirliyinin qarşısında radikal dindarların keçirdiyi aksiya ilə bağlı olduğunu dedi. Onun sözlərinə görə, dəyişiklikləri qəbul edərkən onların işlək mexanizm ilə hazırlanmalıdır. Elə etmək lazımdır ki, icra məmurları, hüquq-mühafizə orqanları çətin durumda qalmasınlar.

Müzakirələrdən sonra təkliflər plenar iclasa tövsiyə olundu. Qərara alındı ki, məclisdəki müzakirələrə qədər komitə iclasında səsləndirilən təkliflər işçi qaydada bir daha nəzərdən keçirilsin.

İlham QULİYEV