İcazəsiz aksiyalara görə cərimələr artırıldı

İcazəsiz aksiyalara görə cərimələr artırıldı

Siyasət
02 Noyabr 2012, 13:52 1407
Milli Məclisin plenar iclasında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, həmçinin İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər müzakirə olunur.

APA-nın məlumatına görə, layihənin müəllifi deputat Rəfael Cəbrayılov bildirib ki, bu dəyişikliklər hazırlanarkən 30 qədər ölkənin təcrübəsi öyrənilib: “Bu, hüquqi tənzimləmənin daha da dəqiqləşməsinə imkan verəcək”.

BQP sədri Fazil Mustafa toplantı təşkilatçıları barədə məlumatla əlaqədar dəyişikliyi mənasız sayıb: “Təşkilatçının üzərinə hədsiz məsuliyyət da düzgün deyil. Əgər xoş niyyətlə bir aksiya keçirilirsə, sonra kimsə təxribata yol verirsə, təşkilatçının üzərinə bu qədər məsuliyyət qoymaq nə dərəcədə düzgündür? Belə qanun layihələri ilə sanki Azərbaycan beynəlxalq aləmdə tənqidlərin hədəfinə gətirilir. Məhdudlaşdırıcı addımlardan çəkinmək lazımdır. Bu dəyişikliklərin qəbul olunmaması bizim məsələlərə məsuliyyətlə yanaşmağımızın nəticəsi olardı. Azərbaycana qarşı əlavə təzyiqlərə yol vermək olmaz. Mən layihənin əleyhinəyəm”.

MM-in sədri Oqtay Əsədov aksiya ilə bağlı qərarın partiya sədri yox, partiyanın ali orqanları tərəfindən qəbul edildiyini xatırladıb: “İkincisi, aksiyalar üçün paytaxtda 5 yer ayrılıb”.

Deputat İqbal Ağazadə isə hər seçki öncəsi sərbəst toplaşmaqla bağlı qanunvericiliyə və digər inzibati aktlara dəyişikliyin gündəmə gəldiyini bildirib: “Avropada cərimələr var. Bəli, İsveçrədə cərimələr var, ancaq orada əhalinin illik gəliri 50 min avrodur. Azərbaycanda əhalinin gəliri hansı səviyyədədir? Millət vəkillərinin gəliri nə qədərdir? Bu fantastik cərimə rəqəmlərini nəyə əsasən müəyyənləşdirmisiniz?”

İ. Ağazadə əlavə edib ki, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılarsa, Azərbaycana təzyiqlər olacaq.

YAP-çı deputatlar isə İ. Ağazadə və F. Mustafanın dedikləri ilə razılaşmayıblar. YAP icra katibinin müavini Siyavuş Novruzov dəyişikliyin zəruri olduğunu vurğulayıb: “Deyirsiz misal göstər. Fransanı, Böyük Britaniyanı göstərə bilərəm. Su şırnaqlarından istifadə edirlər. Polis atının ayağı altına salırlar. Azərbaycan polisi isə sakit və mədəni şəkildə yaxınlaşır ki, qanunsuz aksiyadır, dağılışın. Polisin nəsil-nəcabətini də üzünə qarşı söyürlər, polis hətta bu halda da sərt davranmır. Axı söhbət qanunsuz aksiyalardan gedir. Qanuni aksiya keçirsinlər, cərimə də olunmasınlar. Qanuni aksiya keçirə bilmirlər. Çünki sosial baza və elektoratları yoxdur”.

Deputat İlham Məmmədov da dəyişikliklər layihəsini dəstəkləyib.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

105 deputat məsələnin lehinə, 5 nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.

Qeyd edək ki, dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub).

Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.

Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub).

Qanunvericiliyə təklif edilən dəyişikliklərdə razılaşdırılmamış aksiyalara görə fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti fərqləndirilib.