İbtidai sinif şagirdlərinin repetitora ehtiyacı varmı?
"Yaxın
zamanların tədqiqatı göstərdi ki, praktiki olaraq ölkədəki hər üç şagirddən
biri repetitorla məşğul olur”. Rusiya mətbuatı bu sözləri təhsillərinin gələcəyi
üçün heç də qürur duymadan tirajlayır. Valideynlərdən birinin: "birinci sinifdə
övladım cavan, təcrübəsi olmayan müəllimin sinfində oxuyurdu. Qiymət
verilmirdi. Əvvəllər mən buna razı idim ki, qiymət qoyulmasın – əgər pis qiymət
yazılarsa, bu, yəqin ki, uşağın psixikasına zərər yetirə bilər. İkinci sinfin əvvəlində
aydın oldu ki, qızım hələ birinci sinif proqramını demək olar ki, mənimsəməyib
və əlavə məşğələlərə ehtiyacı var. Sonralar bildim ki, sinfimizin hər üç
şagirdindən biri repetitor yanına gedir. Proqramı yalnız ilyarımdan sonra mənimsəyə
bildik” - sözləri bu sferada narahatlığa rəsmilərin də diqqətini cəlb edib.
Məlum
olub ki, şagirdlərin yarısı bir neçə fəndən məktəb proqramını mənimsəyə bilmir
və əlavə məşğələlərə ehtiyacları yaranıb. Nəticədə əgər əvvəllər repetitor
yanına yalnız 10-11-ci sinif şagirdləri gedirdisə, indi valideynlər ibtidai
siniflərdən uşaqlarına repetitor tutmaq məcburiyyətində qalırlar.
Əlbəttə,
"ibtidai siniflərdə repetitor tutmaq mənasızdır” - uşaqlarını birinci sinfə
göndərən valideynlərin bəzisi isə belə deyir. Görünür, belə valideynlər
övladlarının hazırlığına sərf etməyə özlərində vaxt tapan və ya tədris
prosesindən, fənlərdən anlayışı olanlardır. Digər tərəfdən, təcrübələr göstərir
ki, uşağının dərslərinin hazırlığına vaxt tapmayan və ya təməl savadı müasir
proqramla uyğunlaşmayan valideynlər çətinlik qarşısında qalırlar. Müəllimin
sinifdə əlavə hazırlıq təklifi isə onların övladlarının təməldən yaxşı
hazırlaşmaq istəyini dəstəkləyir. Bu sıraya "qonşudan qalma dala” prinsipi ilə
repetitor yanına yollananları da əlavə etsək, artıq siyahının kütləviləşməsindən
danışmaq mümkündür. Pedaqoqların isə öz mövqeləri var: «Müəllim uşaqlara ümumi
proqramı öyrədir”.
Qonşu
ölkənin azyaşlı vətəndaşlarının təhsili ilə bağlı qayğısı, əslində bizim də
oxşar problemimizdir. Belə ki, bizim ibtidai sinifdə oxuyan uşaqlar üçün də
repetitor tutmaq get-gedə ənənəyə çevrilir. Valideynlərə elə ibtidai sinifdə dərs
deyən müəllimlər əlavə hazırlıq təklif edirlər. Təbii ki, ödənişli əsaslarla. Məktəblərin
birində söhbətləşdiyim valideynlərdən təxminən bu sözləri eşitdim: "Xüsusən
ikinci sinfin axırlarına yaxın repetitor yanına meyillər yaranır və 4-cü sinifdə
artıq sinfin yarısından çoxu repetitorla məşğul olur”. Hətta valideynlər
övladlarına repetitor tutmaq üçün əvvəlcədən pul yığmağa başlayırlar. Bəziləri
elə düşünür ki, 1-3 sinif proqramını mənimsəmək o qədər də çətin deyil. 4-cü
sinifdə isə səylə məşğul olmaq, elə bu sinifdəcə övladının hansı fəndən daha fəal
olduğunu öyrənmək lazımdır. Bəziləri isə elə birinci sinifdən övladlarını əlavə
təhsilə yönləndirirlər.
Maraqlıdır,
valideyn uşağına əlavə hazırlığın lazım olub-olmadığını necə müəyyənləşdirir?
Onun min bir zəhmətlə qazandığı pulunu əbəs yerə xərcləmədiyinə kim təminat
verir? Ümumiyyətlə, kütləvi surətdə repetitor tutmağa səbəb nədir: təhsilin
keyfiyyətinin aşağı düşməsimi? Bəlkə səbəb uşaqların dərs oxumağa həvəssizliyi
və ya qavrayışlarının zəif olmasıdır? Bəlkə valideynlərin təkəbbürü buna səbəb
olur? Ya bəlkə ibtidai siniflər üçün nəzərdə tutulan proqramın tədrisində
çatışmazlıqlar var?
Məsələyə
münasibətdə təhsil ekspertlərinin fikirləri uşaqları az yaşda əlavə yükdən
qorumaq baxımından üst-üstə düşür.
Uşaq dərslərdən dincəlməlidir
Uşaq dərsliklərinin müəllifi
Rafiq İsmayılov ibtidai siniflərdən repetitor yanına tələsməyin
müxtəlif səbəblərinin olduğunu deyir. Belə ki, bir çox hallarda valideyn bilmir
ki, birinci sinfə gedən uşağının hazırlığı ilə necə məşğul olsun: "Yəni
valideyn bilmir ki, onu hansı səviyyədə hazırlayıb birinci sinfə gətirmək
lazımdır. Bəzən uşaq dərsdən geri qalır. Valideyn də məcbur olur ki, uşağa əlavə
repetitor tutsun”. Ekspertin fikrincə, digər bir səbəb dərsliklərlə bağlıdır:
"İbtidai siniflər üçün dərsliklər daha çox bacarıqlar üzərində qurulur. Məsələn,
Azərbaycan dili dərsliyində dinləmə, danışma və s. bacarıqlar öyrədilir. İndiki
valideynlər də ənənəvi köhnə proqramla dərs keçmiş valideynlərdir. Onlar öyrəşiblər
ki, sinifdə uşaqlara sait-samitlər, dil qaydaları və s. haqqında çoxlu
tapşırıqlar verilsin. Bunu görməyəndə elə hesab edirlər ki, uşaqları dərsdən
geri qalır. O cümlədən, görəndə ki uşaq vurma cədvəlinə yaxşı cavab vermir,
hesab edirlər ki, hazırlığı aşağı səviyyədədir. Ona görə də uşağı repetitor
yanına aparırlar».
Ekspert
hesab edir ki, əgər müəllim proqramlar və standartlar əsasında tədrisi düzgün
qurursa, uşağa sosial və öz fənni ilə bağlı bilik və bacarıqları mənimsədə
bilirsə, ibtidai sinifdə uşaqların repetitor yanına getməyə ehtiyacı olmayacaq.
Yalnız xüsusi hallarda, məsələn, uşağın bəzi qüsurları varsa, o zaman əlavə
olaraq psixoloqa və ya loqopedə ehtiyacı yarana bilər. Müsahibimiz qeyd edir ki,
siniflərdə uşaq sayının çoxluğu da problem yaradan amillərdəndir: «Bu da ona gətirib
çıxarır ki, hər bir valideyn hesab edir ki, uşağı sinifdə seçilməlidir. O
çalışır ki, övladı sinifdə birinci olsun. Bu baxımdan məsələnin obyektiv və
subyektiv səbəbləri var ki, bu da valideyndən, müəllimin yanaşmasından
asılıdır”. R.İsmayılov hesab edir ki, uşaqların ibtidai sinifdəykən uşaqlığının
əlindən alınması düzgün deyil: "Uşaq evdə daha rahat olmalı, dərslərdən dincəlməlidir”.
Valideynlər
bir-birinə baxaraq...
Əməkdar
müəllim Almaz Həsrət ölkəmizdə ibtidai təhsil sahəsində baş verən yenilikdən söhbət
açaraq bildirdi ki, artıq son illər uşaqlar öncə məktəbəqədər bağçalara və
sonra da məktəbəqədər hazırlıq qruplarına gedirlər. Bu, uşaqların ilk addım
atacaqları 1-ci sinfə adaptasiyası üçün müəyyənləşdirilmiş bir işdir və müsbət
tərəfləri də çoxdur: "Ailədən gələn uşaqlar əksər hallarda sinifdə yoldaşları
ilə sərbəst ünsiyyət qura, sinifdə özlərini doğru idarə edə bilmədiklərindən, məktəbəqədər
hazırlığın yaranması təqdirəlayiq bir addım oldu. Həmin hazırlıq qruplarında
uşaqlara 1-ci sinfin materialları, dərslər keçirilmir. Yalnız ilkin məktəb
mühitinə hazırlıqla əlaqədar işlər aparılır. 1-ci sinfə qədəm qoyan uşaqlar
artıq ibtidai təhsil pilləsində şagird adını daşıdığından yaş səviyyələrinə
uyğun təhsilin məzmununa dair dərslər keçməyə başlayırlar. Təbii ki, bu da ilk
olaraq doğma dilimizin əlifbası və ilkin riyazi biliklərin mənimsənilməsi üçün
rəqəmlərin yazılışı-oxunuşu ilə əlaqədar dərslərin keçirilməsi ilə baş verir”.
A.Həsrət Rusiyada ibtidai təhsildə
uşaqların əlavə olaraq müəllim yanına getməsinin kütləvi hal daşıması fikri ilə
razı deyil: "Bu yalnız və yalnız bəzi valideynlərin şəxsi təşəbbüsü ilə əlaqəli
bir iş sayılır. Yəni valideyn görəndə ki övladı ilə evdə məşğul ola bilmir və
ya təlimin məzmunundan məlumatsızdır, uşaqlarına əlavə müəllim tutur. Bunu da təbii
ki, tək imkanlı valideynlər deyil, digər
sosial kateqoriyalardan olan ailələr də edirlər”. Əməkdar müəllim ibtidai
siniflərdən başlayaraq repetitorluğun Azərbaycanda getdikcə kütləviləşməyə
başladığını təəssüf hissi ilə qeyd edir: "Əksər ibtidai sinif müəllimləri az
qala bütün sinfi əlavə məşğul olmaq üçün dərsdən kənar saxlayır. Bütün sinfi
saxlamaqla, sanki hamısının təhsil keyfiyyətinin yüksəlməsinə nail ola bilər.
Valideynlər də bir-birinə baxaraq öz uşaqlarının sinifdə əlavə məşğul olmasına
razılıq verirlər. Burada həm müəllimin, həm də valideynin yalnız özlərini
düşündükləri görünür. Şagirdləri elə ilk ibtidai sinifdə dərsdən əlavə olaraq
saxlamaqla, əlavə misallar etdirib, çox sayda hərflərin yazılışını təkrar-təkrar
etməklə böyük uğura malik olmaq mümkün deyil. Uşaqları yoruruq yalnız. Uşaqları
yüklədikcə, onlar artıq məktəbə qarşı sevgilərini də unudurlar. Daim məzmunla
bağlı məşğuliyyətdə olduqları üçün, normal istirahətdən uzaq qaldıqlarından,
artıq həmin uşaqlar məktəbə getmək belə istəmirlər. Sanki məktəb onların bütün
istəklərini unutdururmuş kimi, məktəbə qarşı antipatiyaları yaranır”.
Ekspertin fikrincə, bu cür
halların qarşısının alınması üçün öncə ibtidai təhsillə məşğul olan müəllimlərin
özlərinin empatiyalarını artırmaq gərəkdir: "Doğrudur, bu dediklərim bütün
ibtidai sinif müəllimlərinə aid deyil. Ancaq əksər ibtidai sinif müəllimləri dərs
prosesində reallaşdıra bilmədiyi proqramlarını əlavə hazırlıq adı altında
uşaqların əlavə məşğul olması yolu ilə həyata keçirməyə çalışırlar. Bəzən də əksər
valideynlər övladlarının yanında çox ola bilmədikləri (işləri ilə əlaqədar),
ailədaxili problemlər, yeni təhsil məzmunundan məlumatsızlıq səbəblərindən əlavə
məşğuliyyəti böyük həvəslə qəbul edirlər. Bunun üçün də ilk növbədə ibtidai
sinif müəllimi gündəlik olaraq 45 dəqiqəlik mövzusunun proqramını tam olaraq
sinifdə çatdırmalı, uşaqlara əlavə yüklü materiallar verməməlidir”. A.Həsrətin
fikrincə, valideynlər uşaqları ilə daha çox vaxt keçirməli, yaş səviyyələrinə
uyğun məzmuna dair rəsm çəkmələrinə, cizgi filmlərinə baxmalarına şərait
yaratmalıdırlar: "Sinifdə geri qalan şagird olarsa, yalnız o zaman müəllim əlifbadan,
riyaziyyatdan əlavə dəftərdə yazı qaydalarını təkrar yazmağı tapşıra bilər.
Ancaq əlavə müəllim yanına göndərilməsinə yol vermək olmaz. Çünki "uşaqlar
bizim gələcəyimizdir” deyiriksə, öncə onlar cəmiyyətin beyni yüklü deyil,
sağlamlığı mükəmməl vətəndaşları kimi böyüməlidirlər”. Ekspert hesab edir ki,
uşaqların idmana meylləri, dinləmə və mütaliəyə maraqları artırılmalıdır: "Bu
işdə öncə ibtidai sinif müəllimləri və valideynlər özləri fəal olmalıdırlar.
Ondan sonra əsl sağlam nəsil yetişdirmiş olarıq”.
"Repetitor xəstəliyi”nin daha da
yayılmaması, gələcəkdə məktəbəhazırlıq siniflərinə də yoluxmaması üçün bizdə də
tədbirlər görülməsinə ehtiyac var. Xüsusən də bu, təkcə uşaqların bilikli
olmaları, proqramı tam mənimsəmələrinə deyil,
dəbə çevrilməyə və ya sadəcə müəllimlərin "iştahlarını” artırmağa yönəlirsə,
daha ciddi tədbirlərə ehtiyac var...
Təranə Məhərrəmova