• çərşənbə, 17 Aprel, 02:42
  • Baku Bakı 14°C

İbtidai sinif müəllimləri üçün “Yay Məktəbi” təşkil edilir

18.07.16 17:05 2350
İbtidai sinif müəllimləri üçün “Yay Məktəbi” təşkil edilir
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu iyulun 18-dən 22-nə qədər Respublikanın ümumtəhsil məktəblərində çalışan ibtidai sinif müəllimləri üçün "Yay məktəbi” təşkil edəcək. Bu gün "Yay məktəbi” nin rəsmi açılışı və ilk təlimləri baş tutub. Təlimi institutun direktor əvəzi Vəfa Yaqublu giriş sözü ilə açaraq təlimlərdə iştirak üçün seçilmiş müəllimlərə qarşıdakı təlim günlərində uğurlar arzulayıb.
"Yay məktəbi”nin ilk günündə təlim iştirakçıları peşəkar vizajist təlimçi Mehriban Məmmədovanın "İşgüzar qadının gündəlik makiyaj qaydaları” haqqında nəzəri və praktik məlumatlar əldə ediblər. Mehriban xanım işgüzar qadının, müəllimənin gündəlik makiyajından və istifadə etməli olduğu rəng çalarlarından, makiyaj vasitələrindən danışıb. Daha sonra günün ikinci təlimində Nəzakət Mehdiyeva və Könül Pirverdiyeva ibtidai sinif müəllimlərinə "Planlaşdırma” mövzusunda təlim keçiblər. "Planlama” təlimində müəllimlərə dərsin planlaşdırılması, mövzunun seçilməsi, meyarlardan düzgün istifadə və dərsə tətbiqi haqqında məlumat verilib. Qrup işləri ilə öyrənilən biliklər praktik şəkildə tətbiq edilərək daha da möhkəməndirilib.
İştirakçılar növbəti günlərdə "Sinifdə şagird tədqiqatının təşkili metodikası”, "Məntiq”, "Rəsmi və peşəkar geyim üslubu”, "Qiymətləndirmə vasitələrinin hazırlanması”, "Komanda quruculuğu”, "Sinifdə ilk 5 dəqiqə” adlı təlimlərdə iştirak edəcəklər. Beş gün davam edəcək təlimlərə iyulun 22-də yekun vurulacaq.
Qeyd edək ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun bazasında yaradılıb və onun hüquqi varisidir. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir. İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdir.
banner

Oxşar Xəbərlər