• şənbə, 20 Aprel, 15:22
  • Baku Bakı 23°C

İbtidai sinif müəllimləri: say çox, yer az

23.06.18 10:00 3575
İbtidai sinif müəllimləri: say çox, yer az
"İndi ibtidai sinif müəllimlərinin sayı həddindən artıq çoxdur. Taxtanı götürüb atırsan, ibtidai sinif müəlliminə dəyir. İbtidai sinif müəllimi hazırlayan Azərbaycan Dövlət Pedaqoji Universiteti, digər universitetlər var. Bunlarla bərabər, bir neçə pedaqoji texnikumun olması nəyə lazımdır axı?!”
Bu sözləriAzEdu.az-a açıqlamasında193 saylı məktəbin direktoru Rahim Hüseynovdeyib. O, müəllimlərin işə qəbulu məsələsinə də münasibət bildirib:"Artıq 9 ildir ki, 193 saylı məktəbin direktoruyam. Mən bu məktəbi 240 müəllimlə qəbul etmişəm. Əvvəllər direktorlar hansısa tapşırığa, maraqlara görə xeyli müəllimi işə qəbul edir, 6 saat dərs verirdilər. Beləcə, müəllimlərin sayı artırdı. İndi isə rəhbəri olduğum məktəbdə müəllimlərin sayı 145-ə düşüb. Mən 6-7 ildə cəmi 2 və ya 3 müəllim işə götürmüşəm. Hansı ki, bu fənlərə məktəbdə ehtiyac var və onlara uyğun vakansiya açılıb. Bu 9 ildə məktəbi yalnız "təmizləmişəm”. Rəhmətə gedən, işdən çıxan müəllimlərin sayəsində işçilərin sayı100 nəfər azalıb. Ölkədə müəllimlərin sayı həddindən artıq çoxdur”.
O, müəllim sayının vakansiyalarla müqayisədə çox olmasının səbəbini izah edib: "Müəllimlərin sayı ona görə çoxdur ki, bu ixtisaslara çox yer verilib. Elə ibtidai sinfi götürək. 1930-cu illərdə ibtidai sinif kadrı çox lazım idi, müəllim çatışmırdı. Bunun üçün texnikumlar açıldı və ibtidai sinif üçün müəllim hazırlamağa başladılar. İndi isə ibtidai sinif müəllimlərinin sayı həddindən artıq çoxdur. Taxtanı götürüb atırsan, ibtidai sinif müəlliminə dəyir. Azərbaycan Dövlət Pedaqoji Universiteti, digər universitetlər var. Bunlarla bərabər bir neçə pedaqoji texnikumun olması nəyə lazımdır axı? Pedaqoji texnikumlar hamısı ibtidai sinif müəllimi yetişdirirlər. Belə olanda, təbii ki, müəllimlərin sayı çox olacaq.
1990-cı illərdə isə texnikumları bağlayıb, Müəllimlər İnstitutunun filiallarına çevirdilər. Axı bu qədər müəllim nəyə lazımdır? Hər rayonda müəllim hazırlayan universitet filialı var. Hamısı da ibtidai sinif müəllimi hazırlayır. Mən o vaxt iradımı bildirdim. Cavab verdilər ki, eybi yoxdur, onsuz da ora yalnız qızlar qəbul olunacaq, iş tapmayacaqlar. Heç olmasa evdə uşaqlarını düzgün istiqamətdə böyütsünlər. Axı bu, düzgün yanaşma deyil. Onlar da hamısı diplom əlində hansısa texnikumu bitiriblər. Nə yaxşı oxuyub, nə də müəllim işləyiblər. Özünüz bilirsiniz ki, rayonlarda necə dərs keçirlər. Çoxu heç dərsə də getməyib, imtahanları tanışlarının köməyi ilə veriblər. İndi həmin savadsız müəllimlər hamısı gəlib ortalığa düşüb ki, mən də müəlliməm, işləmək istəyirəm. Hazırda Təhsil Nazirliyi müəllimləri imtahanla işə qəbul edir. Bundan əvvəl isə kimin adamı vardısa, o iş tapırdı. Buna görə də ibtidai siniflərdə xeyli savadsız müəllimlər var. Bunlar hamısı 1990-cı illərin səhvləridir. Elə bilirsiniz ki, mənim məktəbimdəki ibtidai sinif müəllimlərinin hamısı yaxşıdır? O qədər savadsız adamlar var ki, heç nə edə bilmirik, işləyirlər”.
Məktəb direktoruna haqq qazandırmamaq mümkün deyil. Həqiqətən də son dövrlər müəllimliyə, xüsusilə də ibtidai sinif müəllimliyinə marağın artması danılmaz faktdır. Bəs bu artımın səbəb nədir, bu artımı necə tənzimləmək olar? Məsələ ilə bağlı ekspertlərin fikrini öyrənməyə çalışdıq.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirdi ki, bu problemin belə davam etməməsi naminə növbəti 5 il üçün düzgün planlama aparmaq lazımdır: "Direktorların fikirləri ilə tamamilə razıyam. Son dövrlər ibtidai sinif müəllimlərinin sayı kifayət qədər artıb. 1990-cı illərdən sonra müxtəlif fənn müəllimləri arasında ixtisas dəyişməyə, ibtidai sinif müəllimliyinə maraq çoxaldı. Həmin dövrdə başqa fənn müəllimləri ixtisaslarını dəyişərək ibtidai siniflərdə dərs deməyə başladılar. Digər bir səbəb isə planlaşdırmada olan qüsurlardan irəli gəlir. Yəni düzgün şəkildə planlaşdırma aparmaq lazımdır. Biz bilməliyik ki, növbəti 5 ildə hansı fəndən müəllimlərə daha çox ehtiyac olacaq. Bu ehtiyacı müəyyən etdikdən sonra universitetlərə sosial sifariş verilməlidir. Həmin sifariş siyahısında növbəti mərhələdə nə qədər ibtidai sinif, fizika, kimya, coğrafiya müəlliminə yer ayrılmalı olduğu qeyd edilməlidir. Amma təəssüf ki, bizdə bu sistem yoxdur. Bura həm dövlət, həm də özəl universitetlər daxildir. Universitetlər də baxır ki, hansı ixtisasa maraq daha çoxdur, həmin sahəyə daha çox tələbə qəbul edir. Bunun da nəticəsində bir fənn üzrə böyük müəllim ordusu yaranır, başqa bir fənn üzrə isə müəllim qıtlığı yaşayırıq”.
Müsahibimizdən balans yaratmaq üçün nə etmək lazım olduğunu da soruşduq: "Balansı tənzimləmək üçün ilk növbədə planlamaya diqqət edilməlidir. Hansı universitetin nə qədər müəllim hazırlayacağı barədə təlimat verilsə, o zaman universitetlər də öz işini bilər. Bəli, etiraf etməliyik ki, günümüzdə ibtidai sinif müəllimi ixtisasına maraq böyükdür. Əgər perspektivli bir plan tərtib edilərsə, yəni lazım olan qədər kadr məzun olarsa, həmin məzunları gələcəkdə işlə təmin etmək də mümkün olar. Hazırda nə qədər diplomlu müəllim işsizdir. Çünki müəllim sayı, ayrılan vakansiyadan daha çoxdur. Universitetlər onlara verilən siyahıdan artıq tələbə qəbul etməməlidir”.
M. Mürşüdlü qeyd etdi ki, ibtidai sinif müəlliminin çoxluğuna səbəb həm də valideynlərin ixtisas seçimi zamanı, xüsusilə də qızları bu sahəyə yönəltmələridir. Yəni düşünürlər ki, bu peşə xanım üçün daha uyğundur, maaşı və dərs saatı digər fənlərdən yaxşıdır.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, ümumiyyətlə, son dövrlər müəllimlik ixtisasını maraq artıb: "İxtisas seçimi zamanı əvvəllər həm valideynlər, həm də abituriyentlər prestijli peşələrə meyl edirdilərsə, indi isə əmək bazarında daha çox ehtiyac duyulan sahələri seçirlər ki, istər dövlət, istərsə də özəl sektorda iş tapa bilsinlər. Buna görə, qəbul imtahanında yetərli balı toplayanlar seçimini müəllimlik ixtisasından edir. Çünki hamıya məlumdur ki, bu fakültəni bitirənlər həm dövlət, həm də özəl sektorda çalışa bilirlər. Ən pis halda repetitorluqla məşğul olurlar. Digər bir tərəfdən isə yüksək bal toplayıb bu sahəni seçənlərə prezidentin qərarı ilə 100 manat təqaüd verilir deyə, istər-istəməz bu ixtisasa maraq artır. Bundan başqa, son zamanlar müəllimlərin işə qəbul imtahanındakı şəffaflıq da abituriyentlərin bu ixtisasa yönəlməsini stimullaşdırır. Həmçinin bunu da qeyd edim ki, aşağı bal toplayan da müəllimliyi seçir. Məncə, bu fakültələrin keçid balını artırmaq lazımdır. Yəni pedaqoji yönlü sahəni seçənlərin balı 350-dən aşağı olmamalıdır”.
Ekspert yuxarı siniflərlə müqayisədə, ibtidai sinifdə uşaqların daha çox olduğunu və ibtidai sinif müəllimlərinin də digərlərindən daha çox fənn tədris etdiyini deyir: "Hər il ölkəmizdə ibtidai sinfə 125-130 min şagird qəbul olur. Amma 9-cu sinifdən məzun olanları sayı isə 100 minə qədər azalır. Həmçinin fənn müəllimi bir sinifdə yalnız bir dərsi deyirsə, ibtidai sinif müəllimi isə bir neçə fənni tədris edir. İbtidai sinif müəllimlərinin dərs saatının və əmək haqqının çox olması gənclərin həmin ixtisası seçməsinə səbəb olur”.
Günel Azadə
banner

Oxşar Xəbərlər