• cümə axşamı, 18 aprel, 23:49
  • Baku Bakı 21°C

“İbrahimin yaşıdı” dedilər...

12.03.14 10:02 1390
“İbrahimin yaşıdı” dedilər...
...bir əlini bağrına basarsan, birini də açarsan yumulu gözlərinin dikildiyi yerlərə. Başında bir dəli saz havası, dilində “biz səni bilirik, bilənlərə salam olsun” kəlməsi...
Mənə adamların danışdıqları SÖZ boyda olduğunu öyrətdilər. Mən də dünyaya gəldim-gələli bu tərəzinin gözündə ölçdüm hər kəsi. Baxdım ki, ey dili-qafil, bu çəkidə böyük, sözdə kiçik adamların ÖZ dərdləri nə yaman çəkilməzmiş. O boyda gövdənin SÖZ boyda ÖZ-ü yoxdusa, vay o yükü çəkənin halına. Bir gün biri də qalxdı dedi ki, bu dünyada qohumluq da yoxdu əsas olan RUH yaxınlığıdı. Barmağımı dişlədim, məndən soruşulanda ki, filankəs sənin nəyindi, duruxub qaldığım sualların cavabı yazıldı beynimə. Məni doğan tərs doğub dedim, qandan keçdim, yetmədi CANdan keçdim. Ruhdan keçilmədi. EŞQ olub dolandı dəli bağrıma, mənim qidam elə bu oldu. SÖZ ə əyilib, SAZA səcdədə durdum, sonra da dedim ki, bu KÖNÜL bu CANA divanə, al ipini əlinə, getdiyin yolun sonu sənin, başı mənimdi.
Elə bu məqamda bir saz havası çalındı qulağıma,
“...padişah deyiləm, çəksəm otursam,
saraylar qursam da əsgər yetirsəm,
hədiyyəm yoxdur ki, DOSTa götürsəm,
iki damla yaşdan qayrı nəm qaldı...
bir ağılsız başdan qayrı nəm qaldı...”
İki damla yaşım da, bir ağılsız başım da DOST olanın yoluna qurban!
SÖZ deməyi bacaran adamlardan biridi bu gün məni belə dilləndirən. Dedilər ki, İbrahimin yaşıdı, yetiş. Dərdini belinə şəlləyib keçir ömrün ikinci yarısına. Yetiş yükündən də bir az sən al. De ki, şair, “doğum günün mübarək! Yüz yaşa demə, SÖZ qədər yaşa, de! Əlini uzatdığın TURAN ellərinin yovşan qoxusunu ovuclamadan getmə bu dünyadan. Getmə şair, bu dünyanın adamlara hələ çox ehtiyacı var... ”
De! De və sus. Sən bilirsən deyilməyən sözlərin yarasının necə ağır olduğunu. Bir yetim saçındakı tumarın ağrısı kim...
...əlinə almağa qorxduğun sazın, çala bilmədiyin sarı simindən qopan havanın harayı kimi göynədər içini...
Bir də de ki, sənin Əkbərə yazdığın bu şeir var ha, səni yazdı Turan ellərinin çöllərinə!
...burnuma qoxusu gəlir...
"...Şimdilerde
Sana yüz tutub,
şu misraları ismarladığımda
ömrün 46-cı senesindeyim,
arkadaş.
Zaten ömrümde
ne İstanbulda mehman olamadım,
ne Tebrizde müsafir.
Ne at sırtında
Altay dağlarını aşamadım,
ne de payi-piyada yortamadım
ucsuz-bucaksız
Kıpçak çöllerini.
Fakat,
Palıd kendi yaprağını,
Yovşan kendi kokusunu
tanıdığı kadar tanıram
sınırsız Turan illerini..."
Yaxşı ki, varsan şair İbrahim! Dərd əlindən dağa çıxanları endirən SÖZlərinə oxuya bilmədiyim SAZ havasını qəbul elə məndən. Bir dəli sarı simin izinə düşüb gedən sətirlərimi, SÖZ deməyə qorxduğum kəlmələrimi hədiyyəm bil. Ad günün mübarək olsun! Sən ömrün yarısında olduğun yerdən gülümsə eləcə. Bəlkə Tanrı bizə də sənin ətəklərinə yüksəlməyi nəsib edər nə vaxtsa. Sən sən ol, SÖZdən, SAZ dan bir də BİZ dən vaz keçmə!
Tanrı SÖZə əyilənlərin yoluna baş qoymağı çox görməsin ruhumuza!
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər