İbrahimbəyovun sağ əlinin «vətənpərvər»liyi

İbrahimbəyovun sağ əlinin «vətənpərvər»liyi

Cəmiyyət
17 Noyabr 2012, 08:11 1304
Xeyli müddətdir müxtəlif mətbuat orqanlarında Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovun silsilə açıqlamaları dərc olunur. Onun Rusiyada yaratdığı təşkilat, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi «bəyanatlar» mətbuat səhifələrini bəzəməkdədir. Neçə illərdir səsi-sorağı olmayan bu adam sanki mətbuat ulduzuna çevrilib. Çıxışlarına diqqət etdikdə onun «vətənpərvər»liyi adamı valeh edir.

Amma hər şeyi kompleks izlədikdə Söyün Sadıqovun özü kimi yekə yalanlar danışdığı aydınlaşır. Başqa sözlə desək addımbaşı Azərbaycan məmurlarına, siyasətçilərinə vətənpərvərlik, vətən təəssübkeşliyi dərsi keçən bu adamın sözləri ilə əməllərində heç bir bağlılıq yoxdur. Bunun üçün bir neçə konkret fakta diqqət etmək kifayətdir.

Məlum olduğu kimi, S.Sadıqov əslən Gürcüstan azərbaycanlısıdır. Uzun müddətdir Rusiyada yaşasa da, onun doğulub boya-başa çatdığı yerlərlə əlaqəsi hələ də qalır. O da məlumdur ki, Gürcüstanda son vaxtlar soydaşlarımızın – həm də Söyün Sadıqovun həmyerlilərinin vəziyyəti çətinləşib. Kimlər tərəfindən idarə olunduğu bilinməyən cinayətkar dəstə sistemli şəkildə evlərə basqın edərək onları döyür, təhqir edir, sonra da əllərindəki pulu, qiymətli əşyaları alaraq talayır. Gürcüstanın yeni hökumətinin başı daxili intriqalara qarışdığından cinayətkarların tapılıb cəzalandırılması istiqamətində heç bir iş görülmür. Gürcüstanda yaşayan azərbaycanlıların ictimai təşkilatları, millət vəkilləri, politoloqlar yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalıb, rəsmi Tbilisidən yaranmış vəziyyətə müdaxilə edilməsini tələb edir, rəsmi Bakını baş verənlərin qarşısının alınması üçün əməli fəaliyyətə keçməyə çağırır, Söyün Sadıqovdan isə heç bir xəbər yoxdur. Çünki onun başı bu aralar Rusiyada yaşayan ermənilərlə dostluq görüşlərinin keçirilməsinə qarışıb.

Məlum olduğu kimi, bu adam ətrafındakı milyarder dostlarının kənara çəkilməsinə, Bakıdan səslənən etiraz səslərinə baxmayaraq, Moskvada ermənilərlə görüş keçirərək guya iki xalq arasında düşmənçiliyin aradan qaldırılmasına xidmət edən müzakirələr apardı. Sonda da erməni dostu Ara Abramyanla birlikdə «Sarı gəlin» festivalı keçirmək qərarı verdi. Həmişə milli təəssübkeşlikdən danışan bu şəxs həmin görüşdə Azərbaycanın torpaqlarını 20 ildir işğal altında saxlayan ermənilərlə qardaşlıqdan dəm vurdu. “Biz erməni və Azərbaycan xalqları arasında dialoq mühitinin yaranmasına kömək etməyə çalışırıq” – dedi. Həmin görüşlə ildə iki dəfə Rusiyada yaşayan azərbaycanlı və ermənilərin birgə tədbirinin keçirilməsi qərara alındı.

Rüstəm İbrahimbəyovun sağ əli Söyün Sadıqovun erməni sevgisi bununla yekunlaşmır. O, hələ 2006-cı ildə «Azərros» federal milli-mədəni muxtariyyətinin prezidenti kimi ermənilərin "Noev Kovçeq" qəzetinə verdiyi müsahibədə bu sevgisini ətraflı şəkildə izhar etmişdi. «…Bizim xüsusən ermənilərin Federal milli-muxtariyyəti ilə çox yaxşı münasibətlərimiz var. Bizim cənab Apet Tapalsiyanla, Povoljedə Ermənistanın fəxri konsulu cənab Ara Abramyanla, həmçinin Rusiya ermənilərinin prezidenti ilə dostluq münasibətlərimiz var. Əlaqələrimiz istidir, çox yaxşıdır».

Daha sonra «vətənpərvər» davam edərək bildirir: «Mənim tarixi vətənim Gürcüstan, etnik vətənim Azərbaycandır. Hansı rayon da ki mən böyümüşəm, orada ermənilər azərbaycanlılarla çiyin-çiyinə bir ailə kimi yaşayırlar. Elə bizim qonşumuz da ermənilərdir. O vaxtdan bəri biz dostluq edir, əlaqə saxlayırıq, bir-birimizin işinə yarayırıq. Ermənilərlə azərbaycanlılar arasında heç vaxt problem olmayıb, elə indi də yoxdur. Problem qan tökməkdən qorxmayaraq hakimiyyətə gələn siyasətçilərin problemidir.

Qarabağ hadisələri başlayanda Moskvadakı evimə Bakıdan dörd erməni dostum gəldi. O zaman iki otaqlı evdə həyat yoldaşım və iki uşağımla yaşamağıma baxmayaraq, onları bir neçə ay yanımda saxladım. İndi isə Amerikada yaşayırlar. Axı bizim dostluğumuzu, qarşılıqlı hörmətimizi kim poza bilər»?..

Görəsən bu cür fikirlərin müəllifi olan bu şəxs hansı üzlə vətənpərvərlikdən, mili təəssübkeşlikdən danışır?

Bu həmin Söyün Sadıqovdur ki, vaxtilə Rusiyada yaşayan azərbaycanlılar təşkilatlanıb ilk dəfə Rusiya Azərbaycanlıları Konqresini yaradanda prosesə pəl vurmağa çalışmışdı. O, ilk gündən təşkilatlanma işinə mane oldu, sonda isə məqsədinə nail ola bilməsə də, təşkilatda da təmsil olunmadı. Bəlkə də başqaları konqresin işindən, Rusiyada yaşayan azərbaycanlıların problemlərinə lazımi səviyyədə dəstək verə bilməməyindən danışa bilər. Amma Söyün Sadıqovun bu cür bəhanələr gətirməsinə heç bir əsas yoxdur. O, lap əvvəldən Azərbaycan dövlətinin dəstəyi ilə Rusiyadakı azərbaycanlıların təşkilatlanmasına mane olmağa çalışıb.
Bütün bunlar onu göstərir ki, uzun müddət SSRİ-nin xüsusi xidmət orqanlarında çalışmış bu şəxs bu gün «paqon»larına sadiqdir. O, öz şəxsi maraqları naminə hansısa mərkəzlərdən verilən tapşırıqların icrası ilə məşğuldur.

Fuad Qəhrəmanlı