İbrahim Topçubaşı və “dəmir pərdə” açılımı
İyirminci əsrin əvvəllərində Çar Rusiyası ilə Yaponiya arasındakı
savaş rusların məğlubiyyəti ilə bitmiş, bu durum özü ilə bir çox dəyişiklikləri
gətirmişdi. Çarlığın 1905-ci ildə elan etdiyi məşrutə və yeniliklər Rusiya müsəlmanlarını
da oyandırmışdı. Bir araya gələn müsəlmanlar bu dönəmi "bərabər vətəndaşlıq”
üçün bir fürsət olaraq görüb və təmsilçilər seçərək Dumaya göndərmişlər. Ancaq
çox sayda fikrin və qrupların ortaya çıxması toplumda tam bir qarışıqlıq meydana
gətirmiş, inzibati gücləri qorxutmuşdu.
Beləcə, azad fikirlər dalğa-dalğa yayılanda müsəlmanlar və rus
olmayan toplumlar daha demokratik haqlar üçün mücadilə etməyə başlamışdılar.
Amma onlara verilən vədlərə əməl edilmədi. Çarlıq rəhbərliyi basqı və şiddət
yolu ilə çevriliş siyasətini ortadan qaldırmağa çalışarkən yeni bir savaş
qapıya dayanmış, hər şey alt-üst olmuşdu. Birinci Dünya Müharibəsi yaşananda
milyonlarla insan itmiş, müharibədən sonra aclıq və səfalət başlamışdı. Bir tərəfdə
sosialist fikirlər böyüyür, digər tərəfdə kapitalist "küləklər” əsməkdə idi.
Çar Rusiyası əvvəllərdə bolşeviklərlə mübarizə aparıb varlığını davam
etdirmək istəmişdisə də, uğursuz olmuşdu. Bolşeviklər hərəkatı hər tərəfi
bürümüş, iqtidarı ələ keçirərək Sovet Sosialist Respublikaları İttifaqını
qurmuşdular. Bolşeviklərin qurduğu sovet sistemi geniş torpaqlarla yetinməmiş,
çevrəsində olan müstəqil ölkələrə də hücum etmişdi. Bu çərçivədə Qafqazda
qurulmuş olan Gürcüstan, Ermənistan, Azərbaycan respublikalarını da işğal edib
rusların ağa olduğu qorxulu bir dövlət sistemi yaratmışdılar. Bir müddət sonra
çarlıq idarəsi kimi onlar da verdikləri sözü tutmamış, hər şeyin rus mədəniyyətinə
bağlandığı bir həyat tərzi qurmuşdular. Müharibədən sonra ortaya yeni düzən
çıxmışdı.
Ancaq yetmiş illik zaman kəsiyinin çox da təsirli olmadığı göründü, əsrin
sonuna doğru bu imperial güc çatlamağa başladı və yıxıldı. Bu yıxılmadan sonra
15 respublika doğuldu, hər millət öz kökünü və keçmişini araşdırmağa başladı.
Bu gün mövcud olan Rusiya Federasiyası daxilində də müsəlman birliklər böyük
nüfuz sahibidirlər və federativ quruluşların gələcəyi müzakirə mövzusudur.
Geriyə baxanda 19-cu əsrin ikinci yarısından başlayaraq, Orta Asiya,
Tatarıstan, Başqırdıstan, Krım və Azərbaycandan çox sayda elm adamının Osmanlı
İmperiyasına köçdüyünü, İstanbulun bir "Türk mədəniyyət mərkəzi” halına gəldiyini
görürük.
Rus hakimiyyəti altına düşmüş respublikalarda 1920-1930-cu illər
arasında köklü dəyişikliklər edilməyə çalışılmışdır. Eyni xalqın əlifbası,
tarixi və təhsili dəyişdirilib yeni nəsillər yetişdirilmiş, ayrı-ayrı adlar
verilərək süni respublikalar və muxtar idarələr ortaya çıxarılmışdı. Yeni
sistemi yaşatmaq üçün hər cür gücdən istifadə olunmuş, ziyalı sinfi ya ortadan
götürülmüş, ya da sürgünə göndərilmişdi.
1930-cu illərdən sonra gediş-gəlişlər, ailə və dostluq münasibətləri
nəzarət altına alınmış, xalqın "repressiya” dediyi bir dövr yaradılaraq mərhəmətsiz
bir "Dəmir pərdə” dövrü başladılmışdır. Xalq hər cür basqıya boyun əysə də, adət
və ənənələrinə sadiq qalmağa çalışmış, böyüklərdən gənclərə gizli-gizli çox şey
ötürülərək öz mədəniyyətlərini yaşada bilmişlər.
1926-cı ildə Azərbaycan "Latın əlifbası”na keçdi. 1928-ci ildə Türkiyənin
də "Latın əlifbası”na keçməsi ilə sovetlərdə təkrar əlifba dəyişikliyinə
gedilmiş, 1930-cu illərin sonlarına doğru türk dilinə heç uyğun gəlməyən "Kiril
əlifbası” qəbul edilərək hər cür insani və mədəni münasibətlərin kəsilməsinə
çalışılmışdır. Quzey və Güney Azərbaycan arasındakı bəşəri münasibətlər də eyni
yolu keçib. Digər Orta Asiya respublikalarına baxanda orada da vəziyyətin çox
da fərqli olmadığını görürük. Beləcə, türk toplumları arasında münasibətlərə də
tam bir baryer qoyulub.
Bir müddət sonra İkinci Dünya Müharibəsi başlayıb və müharibənin
sonuna qədər heç bir əlaqə olmayıb, böyük insan itkiləri yaşanıb. Müharibədən
sonra isə almanlara əsir düşən sovet əsgərləri Stalinin çıxardığı qanun ilə vətən
xaini elan edildilər. Buna qarşı Türkiyə bir qanun çıxararaq türk soylu
olanlara qapılarını açmış, türk vətəndaşlığı alanlara ev, iş verilmişdir.
Avropadakı əsir düşərgələrindən Türkiyəyə gələn bu insanların bir qismi
qorxudan ad və soyadlarını belə dəyişdirmiş, bu yolla rahatlığa çatmışlar. Çox
az qisim isə Türkiyədəki qohumlarını tapa bilmişlər
Azərbaycan Xalq Cümhuriyyətinin həyatda qala bilən bəzi qurucuları ilə
elm adamları 1920-ci illərdə bir müddət İran və Gürcüstanda qalıblar, daha
sonra Türkiyəyə gəlib yerləşmişlər. Digər bir qisim isə 1930-cu illərdə
Avropaya gedərək Azərbaycanı dünyaya tanıtmağa və hüquqlarını, haqlarını geri
almağa çalışıblar. Amma təəssüf ki, bu, mümkün olmayıb.
Bu insanlar mübarizə aparmağa davam ediblər, Türkiyəni yurd seçərək
tanıdıcı dərnəklər qurublar, azadlıq fikrinin aktuallığını mətbuat və yayım
yolu ilə ayaqda saxlayıblar. Çıxardıqları bir çox dərgi, kitab, yaratdıqları mədəniyyət
hərəkatları ilə həmrəylik nümayiş etdrimişlər. Bu yolla müstəqillik fikri hər
zaman uca tutulmuş, Türkiyə xalqı və dövləti məlumatlandırılmışdır.
İkinci Dünya Müharibəsi sonrası Avropanın müxtəlif ölkələrinə yayılmış
sovet vətəndaşı olan türk əsilli əsirlər çıxarılan qanunlardan yararlanaraq
Türkiyəyə yerləşmişlər və vətəndaş olaraq buranı yurd, məkan seçmişlər.
Mənim nəslim xalq cümhuriyyəti qurucuları və elm adamlarını bu dövrlərdə
tanımış, konfranslarını dinləmiş, tarixlərini öyrənmişdir.
"Dəmir pərdə” səbəbilə 1960-cı illərə qədər diplomatlar və KQB işçiləri
xaricində Türkiyəyə heç kim gəlməmiş, digər ölkələrə gedənlər İstanbul boğazından
keçərkən gəmidən əl yelləməyə belə, cəsarət etməmişlər. Çünki yaşanan SSRİ hər
kəsin bir-birinə nəzarət etdiyi sistem idi.
Türkiyədə isə xalqda bir kommunist qorxusu vardı. Daha aşırı
sosialist fikirli insanlar basqı altında idilər. Bunlar üçün zaman-zaman dövlətin
qanunları işlədilir, durduq yerdə heç kim izlənmir, hər cür zidd fikir müzakirə
mövzusu ola bilirdi. Universitetlərdə iqtisad, hüquq, sosioloji kimi fakültə və
bölümlərdə kapitalist nəzəriyyələr keçildiyi kimi, Karl Marks, Engels kimi
sosialistlərin nəzəriyyə və düşüncələri də keçirilirdi.
Nə yazıq ki, hələ uzun müddət dünya vətəndaşları iki qütblü olaraq
yaşamağa məhkum olacaqdı.
Bizim universitet illərində ilk dəfə Azərbaycanın böyük sənətçisi Rəşid
Behbudovun Türkiyəyə gəldiyini və 19 mart 1961-ci ildə Ankara "Büyük Sinema”da
möhtəşəm bir konsert verdiyini öyrəndik. Daha sonra İstanbula gəldiyini və
"Atlas Sinemasi”nda konsert verəcəyini bildik. Həyəcanla konserti izlədik.
Xatırladığıma görə, ilk addımlar belə atılmışdı.
Rəşid Behbudov 1964 və 1970-ci illərdə təkrar gələrək Saray və Şan
sinemalarında konsertlər verdi. İş bununla da bitmədi. 1964-cü ildə bir tələbə
festivalında Lütfiyar İmanov, Zeynəb Xanlarova və dostları "Açık Hava
Tiyatrosu”nda konserler verdilər. O zamanlar məhdud da olsa, onlarla danışmaq və
Azərbaycanı soruşub öyrənmək biz gənc nəslin məşğuliyyəti olmuşdu. Yenə bu illərdə
folklor qrupları, səs sənətçiləri, opera və balet sənətçiləri tez-tez gəlməyə
başladılar.
Mən Maestro Niyazi Tağızadəni bu dövrlərdə tanıdım. "İstanbul Oda
Orkestrası”nı idarə etmək üçün gəlmişdi. Daha sonra təkrar gələrək Ankarada
Lütfiyar İmanov və Xuraman Qasımovanın da rol aldığı "Maça kızı” operasını türk
dilində səhnəyə qoydu.
Bir qisim insan qohumlarını bu yolla tapıb xəbərləşdilər. Çox az
sayda adam Niyazinin köməyi ilə Azərbaycana gedib ailələri və qohumlarını ziyarət
edə bildilər. Beləcə, "dəmir pərdə” yavaş-yavaş deşilməyə başlamış, hər kəsin
bir hekayəsi olmuşdu.
Bunlardan biri də Prof. Dr. İbrahim Topçubaşının hekayəsidir və mənim
üçün unudulmaz olub.
Məlum olduğu kimi, o zamanlar sovetlər birliyində xaricə çıxan ilk
qruplar diplomatlar, sənətçilər və elm adamları olurdu. Daha sonra qrup turizmi
ilə intizamlı şəkildə gəzintilər başladıldı.
Bu yaşanmış hekayə Ankaradan 3 tibb professorunun 1967-ci illərdə Tokioda
keçirilən bir tibb konqresinə getməsilə başladı. Orada Prof. Dr. İbrahim
Topçubaşı ilə qarşılaşırlar. Eyni millətdən olub eyni dili danışan bu adamlar
konqres boyunca birlikdə olub həyəcanlı və gözəl günlər keçirirlər. Türkiyədən
gedən qrupda Dağıstan kökənli Prof. Dr. İzzət Kantemir ilə birlikdə Prof. Dr.
Muhittin Ülker ve Prof. Dr. Hüsnü Göksel də olur.
Prof. Dr. İzzət Kantemirin atası və əmiləri ipək, qumaş ticarəti ilə
məşğul olduqlarına görə İstanbula gəlib-gedirmişlər. Ailə "Yahsay”da yaşayan Kumuk
türkləri soyundan idi. O zamanlar Dərbənd və Dağıstanın böyük bir qismi Azərbaycana
aid idi. Kantemir ailəsi son gəlişlərində ailə olaraq Türkiyədə qalmağa qərar
vermişlər. Ancaq bir müddətdən sonra İzzət bəyin əmisi geri dönür.
İzzət bəyin atası Musa, anası Umuy xanım, böyük qardaşı Mecid,
qardaşları Ziya, Abidin ve Zihnidir. Bacıları isə Ümmü Gülsüm ve Reyhandır.
İzzət bəyin iki böyük bacısından Ümmü Gülsüm evli olduğundan orada
qalmış, digər bacısı Reyhan ailə ilə birlikdə Türkiyəyə gəlmiş, heç evlənməmişdir.
Qardaşı Abidin bəy ilə yaşayırmış. İzzət bəyin böyük qardaşı Məcid bəy burada
ticarətə davam etsə də, uğurlu ola bilmir.
İzzət bəy "İstanbul Sultanisi”ni, qardaşı Ziya bəy Galatasaray
Lisesini bitirib. Ziya bəyin iki qızı İnci ve Mine xanımlar hələ də İstanbulda
yaşayırlar. Abidin bəy dənizçilik müəssisəsində çalışırmış. Ən kiçik qardaşı
Zihni isə Lise məzunu olub bankda işləməyi seçib.
İzzət Kantemir 1903 doğumlu olub 1925-ci ildə İstanbul Tibb fakültəsindən
məzun olur. Əsgərliyini Trakyada Mürefte ve Saray kazalarında tamamlayıb
İstanbula dönür. "Gureba Hastahanesi”ndə "Dahiliye” ixtisasına başlayır, dörd
ilini tamamlayıb 1933-cü ildə mütəxəssis olur. Qısa bir vaxtda İstanbuldakı
alman xəstəxanasında işləyən Dr. Kantemir bilik və ədəbini artırmaq üçün
Almaniyaya getmiş, orada Bolqarıstan köçkünü Mikrobiyoloji Uzmanı olan Dr.
Safiye xanımla evlənmişdir.
O tarixlərdə əksər musəvi əsilli elm adamları Almaniyadan qaçmaq məcburiyyətində
qaldıqda onlara Türkiyə qucaq açmış, Mustafa Kamalın dəstəyi ilə təxminən
dünyada məşhur olan 150 elm adamı ilə anlaşılıb Türkiyə universitetlərinə yerləşdirilmişlər.
O günlərdə Türkiyəyə
qayıdan Dr. İzzət Kantemir bir müddət Almaniyadan gələn Prof. Dr. Oberndorfer
ilə İstanbul Tibb Fakültəsi Patoloji Kursunda işləmiş, daha sonra isə Ankaraya
gedərək Nümunə Xəstəxanasında daxili xəstəliklər uzmanı olaraq işə davam
etmişdir.
Həkim Kantemir 1942-ci ilə
qədər bu şəkildə çalışıb. Daha sonra ayrılıb sərbəst həkim olaraq çalışarkən
1946-cı ildə Prof. Dr. Paul Pulewkanın təklifi və təşviqi ilə müayinəxanasını bağlayıb
yeni yaradılan Ankara Tibb Fakültəsi Farmakoloji kursuna keçib. 1947-ci ildə dosent,
1954-cü ildə professor olub. Ankara Tibb Fakültəsinin quruluşundan bəri Prof. Dr
Paul Pulewka farmakologiya dərslərini almanca keçmiş, İzzət hoca da sinxron
olaraq türkcəyə çevirmişdir.
Bir müddət sonra
İstanbulda birlikdə çalışdığı Prof. Dr. Oberndorfer’i nümunə götürərək Ankarada
bir Xərçəng Araşdırma Mərkəzi qurmuş, Avropa Xərçəng Araşdırma Cəmiyyəti halına
gətirmişdir. Onkoloji İnstitutu Farmakologiya bölmə rəhbəri və Türk Xərçəng
Araşdırma və Mübarizə Qurumu qurucularından olan Dr. Kantemir Əhməd Andiçen
adına bir xərçəng xəstəxanasının qurucusu da olmuş, bu mövzuda əhəmiyyətli vəzifələr
almışdır.
Təəssüflər olsun ki,
yaxşı bir araşdırmaçı və enerjili bir elm adamı olan Dr. Kantemiri 1988-ci ildə
itirdik.O, çox dəyərli tibb
kitabları və məqalələri ilə yanaşı, "Rusiyada Pantürkizm hərəkətları” və "Cənnətin
qılıncları” adlı iki kitab da tərcümə edib.
Onu da qeyd edək ki, Dr.
Kantemir həm də "Kafkas Derneği, Şamil Eğitim ve Kültür Vakfı” qurucularındandır.İzzət bəy illər keçsə də,
kökünü unutmur, ailəsini və böyük bacısını tapmağa çalışır. Millətlərarası
konqreslərdə qarşılaşdığı sovetlər birliyindən gələn elm adamlarına ünvanlar
vermiş, qohumlarını, bacısını, əmilərini sorub-soruşdurmuşdur. Onlar da hər dəfə
tapacaqlarını vəd edirlər, ancaq heç kimdən xəbər çıxmır.
Tokioda tanış olduğu Prof.
Dr İbrahim Topçubaşına da ailəsini axtardığını deyir, onları necə tapa biləcəyini
soruşur. Topçubaşı "narahat olma, mən taparam" deyəndə gülmüş,
qarşılaşdığı hər sovet elm adamının ünvanı alıb yoxa çıxdığını, buna öyrəşdiyini
söyləmişdir: "Siz hamınız yəqin ki, sistemdən qorxursunuz", - deyə,
yarızarafat, yarıciddi deyinəndə, Topçubaşı "ünvanı ver, qalanına
qarışma" demiş, onu sevindirmişdir.
Həqiqətən də, Azərbaycana
dönər-dönməz bu işi o bölgədən olan bir
assistentə tapşırır, "sənə istədiyin qədər icazə verirəm, bu insanları və
ya yaxınlarını araşdır, tapmadan geri gəlmə" deyir.
Assistenti bir ay sonra
tapa bilmədən geri gəlsə də, Dr. Topçubaşı ümidini itirməmiş, o bölgəni tanıyan
hər adamı sorğu-sual etmiş, araşdırmağa davam etməsi üçün Dağıstana təkrar
assistent göndərmişdir.
Bir gün otağında oturarkən
assistenti "onları tapdım” deyib yaşlı bir qadın və onun oğlu olduğu ehtimal
edilən birilərini təqdim etmişdir. Yaşlı qadın Dr.Kantemirin bacısı Ümmü
Gülsüm, yanındakı da oğlu Kamal imiş.
Beləcə, həm axtaranlar, həm
də tapılanlar üçün çox həyəcanverici bir qovuşma baş tutur. Dr.Topçubaşı bu gözəl
xəbəri dərhal Dr. Kantemirə çatdırır.
Prof. Dr. İzzət Kantemir
Ankarada yaşadığından, Sovet səfirliyinə baş vurur, vacib qanuni əməliyyatları
tamamlayır. Bacısı Ümmü Gülsüm xəstə olduğundan, oğlu Kamalı dəvətli olaraq
Türkiyəyə gətirə bilir. Beləcə, qardaşı oğlu Kamal ailədən ilk gələn olur, növbəti
illərdə sovetlər birliyi dağıldıqda digər qardaş oğulları da bir neçə dəfə
Türkiyəyə yollanmışlar.
Biz yenidən İbrahim
Topçubaşının öyküsünə qayıdaq.İzzət bəy və dostları Topçubaşının
köməyindən çox məmnun olub onu qısa müddətlik də olsa, universitet dəvəti ilə təmin
etmişlər. Dr. Topçubaşı qaraciyər cərrahiyyəsi ilə məşğul olduğundan, Hacettəpə
Tibb Fakültəsi Genel Cerrahi Anabilim Dalında qonaq müəllim olaraq dəvət
edilmiş, konfranslar vermiş, elmi işlərə qatılmışdır. Beləcə, həm Türkiyədəki
tibbi işləri, həm də ölkəmizin müxtəlif yerlərini görmə şansına sahib olmuşdur.
Bir müddət sonra Dr. İzzət
Kantemir ve Dr. Muhittin Ülker onu İzmir və İstanbula dəvət etmişlər. Üç yoldaş
birlikdə əvvəl İzmirə getmişlər, gəziləcək yerləri ziyarət etmişlər. Mövsüm
yayın sonları idi və bu o deməkdir ki, İzmirdə sərgi zamanı idi. Üç elm adamı bəzi
xəstəxanaları gördükdən sonra təbii olaraq, Beynəlxalq İzmir sərgisini da gəzmək
istəmişlər. Bilindiyi kimi, sərgi əsnasında müxtəlif sənətçilərin İzmir konsertləri
olurdu. Bu durum Topçubaşının diqqətini çəkmiş, bir türk musiqisi konserti izləmək
istəmişdir. O həftəki sənətçi qiymətli bir ad - Nesrin Sipahi olur. Onun
konsertinə bilet tapıb ön sıradakı yerlərini tutmuş, izləməyə başlamışlar.
Nesrin Sipahi bir neçə əsər oxuduqdan sonra tamaşaçılara xitabən İranda yazılmış
45-lik bir valdan öyrəndiyi "Söyüdlər başın əyəndə" adlı möhtəşəm bir
əsər oxuyacağını, ancaq bəstəkarını bilmədiyini söyləyib əsəri oxumağa başlayır.
Nesrin xanım o parçanın bəstəkarının ön sırada tam qarşısında oturduğunu nə
bilsin. Topçubaşının həyəcandan az qala ürəyi duracaqmış.
Nesrin xanım hər fürsətdə
bu qarşılaşmanın ömrünün ən gözəl təsadüfü olduğunu söyləyərdi.
İzzət bəy və Muhittin bəy
Topçubaşının eyni zamanda böyük bir bəstəkar olduğunu haradan bilsinlər. Tamaşaçılar
möhtəşəm səsli Nesrin xanıma bu əsəri yenidən ifa etdirmək istəmişlər.
Topçubaşı dostlarına "məni
bu xanımla mütləq tanışdırın” deyib israr etdiyindən səlahiyyətlilər vasitəsilə
səhnənin arxasına Nesrin xanıma xəbər göndərilmiş və əsərin bəstəkarının bir cərrahiyyə
professoru olduğunu, onunla tanış olmaq istədiyini çatdırmışlar. Nesrin xanım
"telif hakları” qanununu düşünüb öncə narahat olmuş, amma konsert sonrası
onları kulisə dəvət etmişdir. Xeyli söhbət etmişlər. İbrahim bəy başqa əsərlərini
də verəcəyini vəd edir, bir həftə sonra İstanbulda görüşməyi planlaşdırırlar.
İstanbula gəldiklərində
öncə universitet xəstəxanalarını gəzmişlər. Həmin vaxt mən İstanbul Universiteti
Tibb Fakültəsi Cerrahpaşa Genel Cerrahi Klinikasında təcrübə keçən assistent
idim və artıq üçüncü ilim idi. İşlədiyim servisə bir qonaq professor gələcəyini
demişdilər. Hocamız Prof. Dr. Erol Düren onları qarşıladı və xəstə ziyarətinə
başladıq. İbrahim Topçubaşını və birlikdə gələn hocaları bizə tanıtdılar.
O zamanlar məndəki Azərbaycan
vallarından İbrahim bəyin bəzi bəstələrini dinləmişdim. Ancaq onun bir cərrahiyyə
hocası olduğunu bilmirdim.
"Akut Apandisit” səbəbiylə
təcili şəkildə əməliyyat edilmiş bir xəstə başında durub xəstəni təqdim etdik.
Dr. Topçubaşı bizə dönüb "nə üçün öz dilinizi istifadə etmirsiniz? Niyə "kəskin
apandisit” demirsiniz? ” dedi və "biz daima öz dilimizi işlədirik” deyib yürüməyə
başladı. Bizim xoşumuza gəldi, amma illər sonra getdiyimiz Azərbaycanda işlərin
çox da elə olmadığını gördük.
Dr.Topçubaşı İstanbulda mənim
çox sevib saydığım kimya mühəndisi, Kabataş Erkek Lisesində kimya müəllimliyi də
edən Salih Gencenin evində qalırdı. Salih Gence 12 yaşında ikən ailəsi ilə
birlikdə dayısı Prof. Dr. Ahmet Caferoğlunun yardımı ilə Gəncədən İstanbula köçdüklərini
danışırdı. Böyük qardaşı Kamil bəy "askeri okul”a girib zabit olarkən, Salih bəy
də kimya mühəndisi olmuşdu. Mən də fürsət tapdıqca onlara gedir, birlikdə Azərbaycanı
yad edirdik. Bəzən də onlarda olan köhnə vallardan Azərbaycan musiqisini dinləyirdik.
Xəstəxanada növbətçi olduğum
bir gecə Salih bəy mənə zəng edib Topçubaşının evlərində qonaq olduğunu, marağım
səbəbilə məni də tanışdırmaq istədiyini söylədi. Bu vaxt Topçubaşı da yanında
idi və onun da "bıraksın gelsin” dediyini eşidirdim. İsrarları qarşısında bir yoldaşımla
növbə dəyişimi edib Salih bəyin evinə getdim. Xeyli söhbət etdik. Məni Azərbaycana
dəvət etdi. Qohumlarımı soruşdu. Bir gün sonra Nesrin Sipahinin evinə gedəcəklərini,
mənim də onlarla birlikdə gəlməyimi istədi, amma çalışma şərtlərim buna izin vermədi.
Salih bəydən öyrəndiyimə
görə, orada pianonun başına keçmiş, "Doldurun, doldurun qədəhləri, doldurun”
adlı bir mahnısını da çalıb-oxumuşdu. Daha sonrakı illərdə Nesrin Sipahi bu mahnını
konsertlərində və vallarında ifa etmişdi.
O zamankı möhkəm Sovet intizamı
içində istər Niyazinin, istər Topçubaşının, istərsə də ara-sıra gələn sənətçilərin
və ya yanındakıların KQB-yə bağlı olduqlarını düşünürdük.
Bu tip ziyarətlər nəticəsində
bir çox azərbaycanlı ailələr yaxınlarını və qohumlarını tapdılar. Beləcə,
münasibətlər davam etdi. "Dəmir pərdə” boşalmağa başladı.
Gələn sənətçilər və üst təbəqə
insanların çoxunun məhdud iqtisadi şərtlərdə gəlib-getdiklərini müşahidə
etmişik. Son zamanlardakı söhbətlərimizdə hər şeyi daha rahat danışmağa, gerçəkləri
qarşılıqlı paylaşmağa başladıq.
1955–1960-cı illər arasında
dinlədiyimiz Mustafa Vekilli, Naki Keykurun (Şeyxzamanlı), Mehmet Sadık Aran,
Prof. Dr. Ahmet Caferoğlu, Kamil Arran (Refibeyli) kimi nəsillər ilə İkinci Dünya
Müharibəsi köçkünlərindən dinlədiyimiz Sovetlər birliyi çox fərqli idi.
1965-1970-ci illər sonrası gələn sənətçilər və digər gələnlərdən
dinlədiyimiz Sovetlər birliyi arasında isə sürətli bir dəyişikliyin yaşandığını
hiss etdik və bir gün bu günlərə varacağımıza inanaraq ümidlə gözlədik.
Bu yaşanmış hekayə həm Prof.
Dr. İzzət Kantemir ailəsini, həm də Dağıstandakıları sevindirərək başlamış, bir
çox insan qrupuna yayılaraq sevinc yaratmışdır.
Bu cür xatirələr hamımız
üçün unudulmaz günlərdir. Bu öykünü Azərbaycanda və Dağıstanda oxuyanlar köhnə günləri
acı və şirin tərəfləri ilə daima xatırlayacaqlar.
Mənə Ankara günlərini
anladan Tibb Fakültəsi mənsublarına, Prof. Dr. Mehmet Melliye, ailə şəkillərini
mənimlə paylaşan İzzət bəyin sevimli qızı İris xanıma təşəkkürlərimi bildirirəm.
Prof. Dr. İbrahim YILDIRIM