• cümə axşamı, 28 mart, 23:11
  • Baku Bakı 13°C

İbrahim Quliyev: “Ədəbiyyat bütün dünyada eyni inkişaf yolunu keçib”

05.03.18 13:30 2025
İbrahim Quliyev: “Ədəbiyyat bütün dünyada eyni inkişaf yolunu keçib”
Tanınmış jurnalist, şərqşünas alim, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev 10-a qədər kitabın müəllifidir. Bu günlərdə onun "Məczub Təbrizi və Füruğ Fərruxzadın şeirləri” adlı yeni kitabı işıq üzü görmüşdür. Kitabda İ.Quliyevin farsdilli ədəbiyyatın yuxarıda adı çəkilən bu iki görkəmli nümayəndəsi haqqında apardığı elmi araşdırmalar və onların yaradıcılığından etdiyi bədii tərcümələr yer almışdır.
– İbrahim müəllim, bu günlərdə Sizin M.Təbrizi və F.Fərruxzaddan etdiyiniz tərcümələr kitab halında nəşr olunub. İstedadlı şair, tanınmış jurnalist, alim kimi tanınan İbrahim Quliyevin birdən-birə tərcüməçiliyə meyl etməsi nə ilə bağlıdır?
– Bu günə qədər ayrı-ayrı sənətkarların yaradıcılığına aid bədii nümunələrdən əlavə, Azərbaycan tarixinə aid İranda fars dilində çap olunmuş "İrəvan müsəlman sakinli vilayət idi” kitabı tərcümə etmişəm və həmin əsər AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən nəfis şəkildə nəşr olunub. Kitab İrəvanın ən qədim tarixi, rus imperiyasının köməyi ilə ermənilərin bu yerlərə köçürülməsi və orada məskunlaşdırılmaları, azərbaycanlıların o torpaqdan sıxışdırılıb çıxarılmaları və s. barədə tarixi faktları əks etdirir. Məşhur İran tarixçisi Səməd Sərdarniya adı çəkilən əsərdə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı prosesini mərhələ-mərhələ araşdırmış, erməni alimlərinin yalan və saxtakarlıqlarını İranda ilk dəfə olaraq ifşa etmişdir. Hesab edirəm ki, ölkəmizdən kənarda yazılmış və Azərbaycan həqiqətlərini tam dolğunluğu ilə əks etdirən bu əsəri biz dünyaya təqdim etməliyik.
Bundan əlavə, İran şahı Rza Pəhləvinin həyat yoldaşı Bakılı Tacülmülükün memuarlarını tərcümə etmiş və hissə-hissə "Aydın yol” qəzetində çap etdirmişəm. O, kitab da çapa hazırlanır.
Sonrakı dövrdə də tərcümə işini davam etdirmiş və gördüyünüz bu kitab ərsəyə gəlmişdir.
-Kitabda bir araya gətirilmiş şairlər tamam fərqli dövrləri, tarixi mərhələləri təmsil edir. Məcub Təbrizi XVII əsr ədəbiyyatının, F.Fərruxzad isə XX əsrin "yeni şeir” hərəkatının nümayəndəsidir. İki fərqli zaman və tarixi şəraitdə yaşamış şairin bir kitabda təqdim edilməsi təsadüfdür, yoxsa burada bir məntiq var?
-Nəinki ayrı-ayrı tarixi mərhələləri, hətta dəst-xətt və üslub baxımından aralarında yerlə-göy qədər fərq olan, dünyagörüş və məfkurə baxımından isə bir-birinə daban-dabana zidd olan şairlər bu kitabda bir aradadır. Bu kitab klassiklərlə müasirlərin, onları təmsil edən poetik düşüncələrin bir-birini izləməsi baxımından da maraqlıdır. M.Təbrizi XVII əsrdə yaşamış, Səfəvilər dövlətinə xidmət etməsi ilə qürur duymuş bir sufi şairidir. Məlum olduğu kimi, Səfəvi hakimiyyəti idarə etdiyi dövlətin ərazisində yaşayan xalqlar arasında heç bir ayrı-seçkilik qoymayan, onların ədəbiyyatına, tarixinə, mədəniyyətinə eyni gözlə baxan bir iqtidar idi. F.Fərruxzad isə XX əsrdə Rza Pəhləvi tərəfindən ideoloji bazası hazırlanan, onun özü və oğlu Məhəmmədrza Pəhləvinin birbaşa dəstəyi ilə həyata keçirilən fars şovinizmin tüğyan etdiyi bir tarixi mərhələdə yaşayıb yaratmışdır. Bu tarixi fərqlər ədəbiyyatda da öz əksini tapmışdır: Məczubun şeirlərində dünyaya fəlsəfi yanaşma, tanrıya doğru cəhd, Füruğun şeirlərində isə üsyan, mübarizə və inkarçılıq, bir qədər də tanrısızlıq var. İstəyirəm ki, oxucu zaman və dünyabaxış fərqinin, ədəbi mərhələlərin bir-birini necə izləməsinin şahidi olsun, onu öz ruhu ilə hiss etsin.
- Bu farsdilli ədəbiyyatda gedən prosesdir. Bunun Azərbaycan ədəbiyyatına və oxucusuna nə aidiyyatı var?
- Şərq ədəbiyyatı uzun zaman eyni yolu gəlmişdir, burada fars, ərəb, türk mətnləri bir-birinə qarışmışdır. Və bir qədər dərinə getsək, ümumiyyətlə, dünya ədəbiyyatı eyni inkişaf yolunu keçmişdir, onun mövzuları, ideya-estetik prinsipləri arasında fərq az olmuşdur. Şərqdə "Leyli və Məcnun”u Ərəbistandan-Hindistana, İrandan-Türkiyəyə qədər bütün ölkələrdə şairlər eyni sevgi və məhəbbətlə nəzmə çəkmişlər. Heç kəs Leylinin, yaxud Məcnunun ərəb olmasının fərqində olmamışdır. Bu gün Qərbdən gəldiyi iddia olunan əsl multikulturlizm, əslində, Şərqdə daha böyük ənənələrə malik olmuşdur. Bu mənada İran ədəbiyyatında gedən proseslərlə Azərbaycan ədəbiyyatında gedən proseslər arasında qəti sərhəd qoymaq mümkün deyil. Digər tərəfdən, haqqında söhbət gedən şairlərdən biri, Məczub Təbrizi azərbaycanlıdır.
– Onun Azərbaycan dilində əsəri varmı?
– Var, amma uzun illər elm aləminə bəlli olmayıb. İran mənbələri onu həmişə XVII əsrin böyük farsdilli şairi kimi təqdim ediblər, farsdilli əhali arasında onun qəzəlləri, qəsidələri, rübailəri çox məşhur olub. Yalnız 2002-ci ildə Leyden Universitetinin Kitabxanasının nəşr etdiyi türkdilli əlyazmalar kataloqunda şairin azərbaycanca divanının olduğu üzə çıxıb. Almaniyada yaşayan güneyli soydaşımız Məhəmmədəli Hüseyni tezliklə onun surətini əldə edərək, respublikamıza – Əlyazmalar İnstitutuna göndərmişdir. 2013-cü ildə həmin divan nəşr edilmişdir. Bir qədər obrazlı desək, azərbaycanlı şair təxminən 350 ildən sonra öz ana dilində oxucuları ilə görüşə bilmişdir. Ümumiyyətlə, bu sahədə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun çox önəmli fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu institut çoxsayda gizli qalmış milli xəzinəni üzə çıxarıb Azərbaycan oxucusunun ixtiyarına vermişdir.
– Necə oldu ki, siz onun fars dilindəki məsnəvisini azərbaycancaya çevirmək qərarına gəldiniz?
– Bilirsiniz, "Şahrahe-nicat” sufi ədəbiyyatı nümunəsidir, əsərdə Allah dərgahına gedən yoldan, salikin Allaha qovuşmasından danışılır. Təbii ki, sovet dövrünün ideologiyası və konkret desək, sovet ateizmi bu cür əsərlərin üzə çıxmasına, oxucuya çatmasına imkan vermirdi. Onlara qadağa qoyulmuşdu. Ona görə böyük sənətkarlarımızın bir çoxunun əlyazmaları uzun zaman qovluqlarda qalıb saralmışdı. Bu gün Azərbaycan müstəqil dövlətdir və biz öz mənəvi irsimizi tədqiq edib üzə çıxarmaq, Azərbaycan oxucusuna təqdim etmək hüququ qazanmışıq.
- Bildiyimizə görə, F.Fərruxzad fars şairəsidir, həm də İranda yeni şeirin nümayəndələrindəndir...
- F.Fərruxzadın anasının adının Turan olması onun da ana tərəfdən azərbaycanlı olduğunu göstərir. O, çox az yaşayıb, cəmi 32 il, amma İran ədəbiyyatında və incəsənətində dərin iz qoyub. O, İranın Rza və Məhəmmədrza Pəhləvilərin diktatorluğu altında inildədiyi, insan haqlarının kobud şəkildə pozulduğu, azad sözə divan tutulduğu bir dövrdə yaşayıb.
Füruğ son dərəcə cəsarətli, üsyankar bir şair olub. O, şeirlərində bəzən çox ümidsiz, pessimist görünür, amma sonda həmin şeirlərdən işıq doğur, zülmətlər səhər ovqatı ilə başa çatır. Onun üsyankarlığı nifrət və qəzəbə köklənmiş pafosdan uzaqdır, bu üsyankarlıq şeirin daxili qatında cərəyan edir, sakit səth arxasındakı okean təlatümünə bənzəyir. Füruğ, adətən, üçüncü şəxsin adından pıçıltıyla danışır:
Mən gecənin dibindən danışıram,
Mən gecənin və qaranlığın dərinliyindən danışıram.
Əgər mənim evimə gəlsən, ey dost,
Ey dost, mənim üçün bir çıraq gətir
Və bir nəfəslik-
Ki ordan xoşbəxt küçələrdəki izdihama baxa bilim.
Füruğ öz şeirləri ilə zülmət içindəki İranı işıqlandırmağa çalışıb. O, yeni poeziyanın bütün müsbət və aparıcı xüsusiyyətlərini həyat və yaradıcılığında təcəssüm etdirən şairədir. Dərs vəsaiti kimi hazırlanan kitaba XX əsr fars ədəbiyyatının mükəmməl yenilikçi şairini salmaqla həmin dövr İran ədəbiyyatı haqqında dolğun fikir yaratmağa çalışmışıq. Buna nə səviyyədə nail olmuşuq, oxucu bilər...
– Kitabda hər şairin həyat və yaradıcılığını əhatə edən ətraflı məqalə də var.
– Bu şairləri Azərbaycanda geniş oxucu kütləsi tanımır. Buna görə də onları təqdim etməyə ehtiyac vardı. Məqalədə hər iki sənətkarın həyat və yaradıcılığı barədə oxucuya dolğun məlumat verməyə çalışmışıq.
Söhbətləşdi: Kənan Hacı
banner

Oxşar Xəbərlər