• cümə, 19 Aprel, 02:54
  • Baku Bakı 18°C

“İaşə müxalifəti” növbəti dəfə ifşa olunur

25.09.18 19:38 608
“İaşə müxalifəti” növbəti dəfə ifşa olunur
Görünən kəndin bələdçiyə ehtiyacı yoxdur. Müdrikcəsinə söylənmiş bu atalar sözünü əsas tutaraq, ölkəmiz əleyhinə fəaliyyət göstərən antimilli ünsürlərin xarici kəşfiyyat orqanları ilə əlaqəli olduqlarını dəfələrlə vurğulamışıq. Ermənipərəst dairələrin, Azərbaycana təzyiq göstərmək istəyən dövlətlərin, güclərin əlində alətə çevrilmiş bu cür sapı özümüzdən olan baltalar aldıqları sifarişləri yerinə yetirmək üçün müxtəlif yollara əl atırlar. Seçkidən-seçkiyə "cücərən”, Azərbaycanı dünyaya qeyri-demokratik ölkə kimi təqdim etməyə çalışan "demokratlar”, "hüquq müdafiəçiləri”, radikal müxalifətçilər və sairlər bu qəbildəndirlər. Bununla yanaşı, ölkəmizdə hərbi xidmətdən yayınan, Vətən borcunu şərəflə yerinə yetirmək əvəzinə fərarilik edən, hansısa yollarla xaricə qaçan, Avropadan Azərbaycana dil uzadan "vətənpərvərləri” də bu siyahıya əlavə etmək olar. İşğal altındakı Cəbrayıl rayonunda anadan olan Orduxan Teymurxan Bəbiorv, Füzuli rayonundan məcburi köçkün Məhəmmədəli Mirzəli, eləcə də Tural Sadıqlı və ətraflarında olan daha 3-5 nəfər də yuxarıda qeyd etdiyimiz "qəhrəmanlardandırlar”.
"İaşə müxalifəti” kimi də tanınan bu "qəhrəmanlar” sosial şəbəkələrdə səhifələr yaradaraq, Azərbaycan barədə qeyri-real, obyektivlikdən uzaq "faktlar” paylaşır, ölkədə baş verən hər hansı hadisə ilə bağlı yalnız neqativ rəy formalaşdırmağa can atırlar. Bu şəxslər xarici maliyyəçilərindən aldıqları pullar qarşılığında hətta Azərbaycanda baş verməyən hadisələri də "bəzəyib-düzəyib” ölkəmizlə əlaqələndirir, sanki, iş görürmüşlər kimi ermənipərəst dairələrə çaqqal sadiqliyi nümayiş etdirirlər.
Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bütün bunlar barədə zaman-zaman müəllif yazıları ilə çıxış etmişik. Orduxanlı və başının dəstəsinin xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri və sifarişi ilə Azərbaycanda əhalini qızışdırmağa, təxribatlara çəkməyə çalışdıqlarını qeyd etmişik. Onların Gəncə hadisələri zamanı hakimiyyət nümayəndəsinə, qanunçuluğun keşiyində dayanan polis işçilərinə silahlı müqavimət göstərən, qətl və terror törədən şəxslərə "qəhrəman” kimi yanaşmaları da buna əyani sübutdur. Orduxanlar, məhəmmədəlilər, turallar özləri demiş, Avropada oturub kef edə-edə guya müxalifətçilik edir, Azərbaycan vətəndaşlarını müxtəlif vasitələrlə təxribatlara çəkmək istəyirlər.
Bu günlərdə Orduxanla bağlı mediada yayılan daha bir xəbər bu şəxsin və ətrafına toplaşanların hansı məqsədlərə xidmət etdiklərini növbəti dəfə ortaya qoyub. Məlum olub ki, Azərbaycana qarşı mənəvi terror aparan, "QRU” əməkdaşı olan "söyüş makinası” Orduxan hələ sovetlər vaxtında hərbi xidmət keçərkən "verbovka” edilib, hətta 1988-ci ildə başlayan xalq hərəkatına qarşı təxribatlar törədən cəza dəstəsində qulluq edib. Xüsusi-xidmət orqanlarında xidmət keçən şəxslər barəsində keçmiş zamanda danışmağın qeyri-mümkünlüyünü nəzərə alaraq, Orduxanın elə indi də eyni "mənsəbə” qulluq etdiyini birmənalı söyləmək olar. Təsəvvür edin, heç zaman siyasi-ictimai proseslərdə iştirakçı olmayan, mübarizə meydanlarında görünməyən Orduxan, həmçinin ətrafındakı bir-iki nəfər qəfildən Avropada peyda olublar və Azərbaycan dövlətinə qarşı indiyədək rast gəlinməyən iyrənc formada fəaliyyətə başlayıblar. Bu "fəaliyyət” nəticəsində Azərbaycan xalqı, vətəndaşlarımız, Prezidentə və ölkəsinə sədaqətlə qulluq edən vəzifəli şəxslər mənəvi dəyərlərə xas olmayan bir tərzdə söyüşün, ağır təhqirlərin hədəfinə çevrilirlər. Bu cür "mübarizə” metodu ilə faktiki olaraq, Azərbaycan insanlarına qarşı "mənəvi terror” törədilir. Ən acınacaqlısı da budur ki, belə "fəaliyyət” Azərbaycanı istəməyən qüvvələrin, xüsusən də erməni lobbisinin maraqları ilə uzlaşır. Bununla da orduxanlar açıq-aydın düşmən dəyirmanına su tökürlər.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə də mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında deyib ki, xaricdəki antimilli ünsürlər öz "fəaliyyətləri”, açıqlamaları ilə bəlli dairələrin əlində alət olduqlarını dəfələrlə sübut ediblər. Onun sözlərinə görə, bu şəxslər dünyadakı erməni diaspor təşkilatlarından, ermənipərəst dairələrdən aldıqları qrant müqabilində Azərbaycan əleyhinə təbliğat aparır, beynəlxalq aləmdə ölkəmiz barədə yanlış təsəvvür formalaşdırmağa çalışırlar: "Bunlar bəlli güc mərkəzlərinin, təşkilatların əlində alət rolunu oynayır, yaramaz fəaliyyətlə məşğul olurlar. Öz ölkəsinin, xalqının, millətinin əleyhinə təbliğat aparan, xalqın iradəsi ilə formalaşan idarəetmə üsulunu gözdən salmağa çalışan şəxslər Azərbaycana xəyanət yolunu tutublar. Heç kimin şübhəsi yoxdur ki, bu yolu seçənlər xarici xüsusi xidmət orqanları ilə də əlaqədədirlər. Onların Azərbaycan dövlətinə və dövlətçiliyinə, ziyalılarına, ictimai-siyasi xadimlərinə qarşı apardıqları qarayaxma kampaniyası yalnız düşmənlərimizi sevindirir. Şər-böhtan, qərəz dolu fikirlərlə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək istəyirlər. Zaman-zaman belələri ifşa olunur və tarix onlara əsl yerini göstərir”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər