AZE | RUS | ENG |


I vitse-prezidentin köməkçisi: "Azərbaycan islahatlarla xarekterizə olunan mühüm mərhələ yaşayır"

I vitse-prezidentin köməkçisi:
Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, I vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyevin APA-ya müsahibəsi
 
Yusuf Məmmədəliyev 1979-cu il 23 yanvar tarixində Bakı şəhərində anadan olub.
 
O, 1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə qeyd olunan institutda bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
 
1997-ci ildə 18 yaşlı Y. Məmmədəliyev Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb.
 
2002-2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.
 
2003-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Leyla Əliyevanın rəhbərliyi ilə "İlhamla İrəli” şüarı altında gənclərin təşəbbüs qrupunun tərkibində İlham Əliyevin seçkiqabağı kampaniyasında iştirak edib.
 
2005-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib vəzifələrində çalışıb.
 
2009-2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.
 
2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra Daimi Nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini almışdır.
 
2013-cü il 1 may - 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışmış, ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib.
 
2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində iş fəaliyyətini davam etdirib.
 
İngilis, ispan, rus və türk xarici dillərini bilir.
 
- Ölkə başçısının sizinlə bağlı təyinatını necə qiymətləndirirsiniz? Bu barədə fikirlərinizi öyrənmək istərdik.
 
- İlk növbədə qeyd edim ki, cənab Prezidentin Sərəncamı ilə həyata keçirilən struktur dəyişikliyi yeni situasiyaya və çağırışlara uyğun olaraq ölkənin ali icra orqanının fəaliyyətində dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır. Güclü prezidentlik institutu, heç şübhəsiz, sabit və dayanıqlı idarəçiliyin vacib şərtidir. Bildiyiniz kimi, Prezidentin köməkçi vəzifəsinə təyinat alan şəxslər uzun illərin idarəçilik təcrübəsinə malikdirlər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması da cənab Prezidentin müəyyən etdiyi islahatlar kursunu uğurla reallaşdırmaq və qarşıya qoyulan vəzifələri daha effektiv şəkildə icra etmək məqsədi daşıyır. Mən də öz növbəmdə cənab Prezidentə bir daha təşəkkür edir, üzərimə düşən məsuliyyəti dərk edir, göstərilən etimadı doğrultmağa çalışacağam.
 
- Məlumat yayıldı ki, eyni zamanda I vitse-prezidentin köməkçisi təyin olunmusunuz. Bu məlumat doğrudurmu?
 
- Bəli, doğrudur. Ümumiyyətlə, bu gün Azərbaycan islahatlarla xarekterizə olunan mühüm bir mərhələni yaşayır. Hər birimizə aydındır ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumdan sonra Azərbaycanda səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılması, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsi, həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılmışdır. Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması da bu mühüm islahatların tərkib hissəsidir. Mehriban xanımın həm bir ictimai-siyasi xadim kimi, həm də Heydər Əliyev Fondunun prezidenti kimi dövlət və xalq qarşısında xidmətləri göz qabağındadır. Onun bu tarixi, təmənnasız xidmətləri həm hər bir Azərbaycan vətəndaşı, həm də xarici dövlətlər və qurumlar tərəfindən təqdir olunur. Məhz bu səbəbdən I vitse-prezidentin köməkçisi vəzifəsinin qarşıma çox vacib öhdəliklər və məsuliyyət qoyduğunu yaxşı anlayıram.
 
- Sizin vəzifəniz yeni təsis olunub. Müvafiq sahə və istiqamətlə bağlı fikirlərinizi bilmək maraqlı olar. Hər hansı yeni layihələr nəzərdə tutulurmu?
 
- Gənclər və idman məsələləri ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün cənab prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət tərəfindən gənclərə diqqət və qayğı hər il artır. Gənc nəslin ölkənin innovativ potensialı olduğunu nəzərə alaraq, bu istiqamətdə onların fəaliyyətini təşviq etmək, gənclərlə intensiv fikir mübadiləsi həyata keçirmək, ən əsası isə rəqabətə davamlı kadrların formalaşdırılması, zənnimcə, hazırda qarşıda duran prioritet istiqamətlərdəndir. Dünyanın inkişaf etmiş ölkələrində yeni, enerjili və produktiv gənc nəslin həm zehni, həm fiziki imkanları ölkənin iqtisadi, mədəni və sosial inkişafın əldə edilməsinə təsir göstərir. Hazırda, Azərbaycanda bütün sahələrdə professional mühit cavanlaşır.
 
Qeyd edim ki, bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər gənclərin vətənpərvərlik ruhunun yüksək olması, onların yaxşı təhsilə yiyələnməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, idman sahəsində uğurlarının daha da artırılması, məşğulluq, sağlamlıq, sosial və s. problemlərinin həllinə dəstək olmaqdır.
 
Azərbaycanda həyata keçirilən idman siyasəti nəticəsində ölkə artıq mötəbər beynəlxalq yarışların keçirildiyi məkana çevrilib. Gənclərin özlərinin və gələcək övladlarının gələcəyini məhz Vətəndə görməsi üçün daima onlara dəstək olacağıq.
 
Dünyanın müasir çağırışlarına adekvat olaraq belə bir strukturun yaradılması, ölkə başçısının və I vitse-prezidentin dəstəyi ilə fəaliyyətimizin nəticəsində uğur qazanan Azərbaycan gəncliyi olacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022