• cümə, 26 Aprel, 18:43
  • Baku Bakı 22°C

I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır

24.05.18 21:19 2110
I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır
Azərbaycanda 6 yaşı təqvim ili ərzində (uşağın məktəbə getməli olduğu il) tamam olmayan uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Trend-ə bildirilib ki, ilin hansı ayında anadan olmasından asılı olmayaraq, təqvim ili ərzində 6 yaşı tamam olan bütün uşaqlar həmin ildə I sinfə qəbul olunacaqlar. Bununla bağlı "Təhsil haqqında” qanuna yeni əlavələr edilir.
İ.Həbibbəyli qeyd edib ki, 6 yaşı təqvim ilinin sentyabr ayının 15-dək tamam olmayan uşaqların I sinfə qəbulu zamanı müəyyən bürokratik əngəllər olurdu: "Bəzən deyirdilər ki, uşağın I sinfə qəbulu üçün 5-6 ay çatmır, gərək uşağın 6 yaşı tamam olsun. Bu da narazılığa yol açırdı”.
İ.Həbibbəyli bildirib ki, əvvəllər ölkədə məktəbəhazırlıq qruplarının sayı kifayət qədər olmadığından, 6 yaşı tamam olmamış uşaqların I sinfə vaxtından əvvəl qəbulu üçün valideynlər xüsusi qaydada müraciət edirdilər. Bu müraciət əsasında uşaqlar xüsusi komissiyaların razılığı əsasında I sinfə cəlb edilirdilər.
Komitə sədri qeyd edib ki, qanuna edilən yeni dəyişiklik 5 yaşlıların hamısının məktəbəhazırlıq qruplarına cəlbinə imkan yaratmaqla yanaşı, 6 yaşı təqvim ilinin sonuna qədər tamam olan bütün uşaqların I sinfə qəbuluna imkan yaradacaq:
"Belə olan halda, vaxtından əvvəl I sinfə qəbul üçün 6 yaşı tamam olmayan uşaqların istedadlarının xüsusi komissiyalar tərəfindən yoxlanılmasına lüzum qalmayacaq. Çünki bütün hallarda 5-6 yaşlıların hamısı maneəsiz təhsilə cəlb oluna biləcəklər”.
Azərbaycanda 5 yaşlıların məktəbəhazırlıq təhsilinə cəlbi imkanlarının artdığını və ölkədəki orta məktəblərdə də artıq məktəbəhazırlıq qruplarının yaradıldığını nəzərə çatdıran İ.Həbibbəyli əlavə edib ki, ötən ildən ölkə üzrə bütün 5 yaşlı uşaqları məktəbəhazırlıq qruplarına cəlb edirlər:
"Bu, "Məktəbəqədər təhsil haqqında” qanunda da təsbit edilib. Bu qanuna əsasən, istedadlı olub-olmamasından asılı olmayaraq, ölkədəki bütün 5 yaşlı uşaqlar məktəbəhazırlıq qruplarına cəlb olunurlar. Bu təcrübə dünyanın qabaqcıl ölkələrində də var. Azərbaycanda məktəbəhazırlıq yaşında olan uşaqların demək olar ki, 90 faizi məktəbəqədər təhsilə cəlb olunub. "Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri olduğundan, xüsusi istedadlı uşaqların ayrı-ayrılıqda, fərdi qaydada məktəbə cəlb edilməsinə xüsusi ehtiyac qalmır”.
Qeyd edək ki, Azərbaycanda ümumtəhsil müəssisələrinin I sinfinə fiziki və əqli cəhətdən normal inkişaf etmiş, həmin ilin sentyabr ayının 15-nə kimi 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. 6 yaşı 16 sentyabr-31 dekabr müddətində tamam olan uşaqların I sinfə qəbulu isə "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılır. Bu qaydalara əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) I sinfə qəbulu məsələsinə bilavasitə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında baxılır.
Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar ümumtəhsil müəssisəsinin rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunurlar.
Məsələ ilə bağlı ekspertlərin münasibətini öyrəndik. Ancaq bildirək ki, fikirlər birmənalı olmadı.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, uşaqların sağlam böyüməsi erkən təhsildən daha vacibdir: "Bizdə övladını məktəbə daha erkən qoymaq üçün valideynlər "Təhsil haqqında” Qanunun yaş həddi ilə bağlı tələbinə məhəl qoymayaraq, müxtəlif vasitələrə əl atırlar. Övladının xüsusi istedada malik olmasını əsaslandırmaq və 5 yaşdan məktəbə getməsini təmin etmək üçün müvafiq komissiyaya yol tapmaqda yardımçı ola biləcək vasitəçi axtaranlar da var. Hara tələsirik? Bunu nə düşünən var, nə də bu fikri ağlına yaxın buraxan. Halbuki, uşaqlarımızın sağlam böyüməsi, öz uşaqlıq həyatını yaşaması onların erkən təhsilə cəlb olunmasından daha vacibdir. İndi uşaqların əksəriyyəti eynək taxır və fiziki cəhətdən cılız görkəmdədir. Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsini təklif edənlər heç fikirləşməyiblər ki, dünya təhsilinə meydan oxuyan Finlandiyada, digər aparıcı dövlətlərdə məktəbə ancaq 7 yaşı tamam olanlar götürülür?”
Ekspert deyir ki, qərar geniş şəkildə müzakirə edilməlidir: "Əgər bir yaşlı uşaqları məktəbəqədər təhsilə cəlb ediriksə, 6 yaşı tamam olmayan uşaqların da məktəbə qəbul edilməsi təklifini birincinin davamı kimi əlaqələndirmək olar. Hesab edirəm ki, müvafiq qaydalar hazırlanıb ictimailəşdirilməli və ümumi ictimai rəy öyrənilməlidir. Qərarın pedaqoji və psixoloji cəhətləri əsaslandırılmadan, işlək mexanizminin olub-olmamasına tam əminlik yaranmadan qəbul olunan hər hansı bir qərar uzunömürlü ola bilməz. Ümumiyyətlə, qanuna əlavə ediləcək bu kimi dəyişikliklərin geniş müzakirəyə ehtiyacı var. Belə müzakirə və razılaşmalar ölkə başçısının 16 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nun da tələbidir”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə bu dəyişikliyi müsbət qiymətləndirir: "Əvvəllər hətta uşağın 6 yaşının tamam olmasına bir gün qalsa da, onu məktəbə götürmürdülər. Bu, əslində, bir qədər ədalətsizlik kimi qəbul oluna bilər. Məhdudiyyətin aradan qaldırılması problemin həlli istiqamətində atılan mühüm addım kimi qiymətləndirilməlidir. Əvvəllər valideynlər idarələri gəzir, müxtəlif qapıları döyməli olurdular ki, ərizə yazsınlar. Uşaq yoxlamadan keçirilir, öz istedadını nümayiş etdirməli idi. Hətta bir çoxları bu qədər əziyyətdən sonra "yox” cavabı alırdılar Bu qərar valideynlər üçün gözəl fürsət yaradır. Valideynlər artıq heç bir qapını döymədən, əsəbiləşmədən öz övladını məktəbə yazdıra bilərlər. Düşünmürəm ki, bu qərar məktəblərdə şagird sıxlığını daha da artırsın”.
Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər