• cümə, 19 Aprel, 15:35
  • Baku Bakı 25°C

I Kültəpədə arxeoloji tədqiqatlar

18.04.17 15:40 862
I Kültəpədə arxeoloji tədqiqatlar
2013-cü ildən 2016-cı ilə qədər AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə Babək rayonunun ərazisində yerləşən və e.ə. VII-I minilliklərə aid edilən I Kültəpə yaşayış yerində arxeoloji tədqiqatlar aparıb. Tədqiqatlarda da əsas məqsəd yaşayış yerində məskunlaşma tarixini dəqiqləşdirməkdən ibarət olub. Araşdırmalar nəticəsində məlum olub ki, I Kültəpə yaşayış yeri Cənubi Qafqazın ən qədim Neolit abidəsidir və burada insanlar e.ə. VII minilliyin ortalarında məskunlaşıblar. Arxeoloji tədqiqat işləri ilə bərabər, ekspedisiyanın üzvləri qədim mədən yerləri və köçmə maldarlıqla bağlı yaşayış yerlərini, köç yollarının istiqamətlərini araşdırıb. Tədqiqatlar zamanı bu yaşayış yerindən aşkar olunan minlərlə keramika, daş, sümük, metal və obsidiandan hazırlanmış arxeoloji materiallar aşkar edilib. Aparılan tədqiqatların nəticəsində I Kültəpə ətrafında yerləşən Neolit və Eneolit abidələri yalnız Azərbaycan arxeologiyası üçün deyil, həmçinin bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün mühüm əhəmiyyətli olduğu müəyyən edilib.
I Kültəpə və onun ətrafında yerləşən yaşayış yerlərinin tədqiqinin nəticəsi olaraq bu günlərdə "Kültəpədə arxeoloji qazıntılar (2013-2016)” adlı kitab işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, həmin institutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro, Remi Berthon və Savaş Sarıaltunun həmmüəllif olduqları kitabda I Kültəpə yaşayış yerində və onun ətrafındakı abidələrdə 2013-2016-cı illərdə aparılan arxeoloji tədqiqat işlərinin nəticələri ümumiləşdirilib. Arxeoloji tədqiqatlar Kültəpədə Neolit dövrünün varlığını təsdiq etmiş, onun Cənubi Qafqazın ən qədim Neoloit məskənlərindən biri olduğunu deməyə imkan vermişdir.
"Elm və təhsil” nəşriyyatında çap olunan yeni kitab mütəxəssislər, universitet tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər