I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezident təqaüdünün ödənilməsi QAYDASI

I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezident təqaüdünün ödənilməsi QAYDASI

Cəmiyyət
14 İyul 2019, 20:31 14158
Nazirlər Kabineti "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi Qaydası"nı təsdiq edib. SİA-nın məlumatına görə, "I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli fərmanına əsasən, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub və onun aylıq məbləği 50 manat müəyyən edilib.
 
Bu Qayda I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi mexanizmini müəyyən edir. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilir. 2019-cu il aprelin 1-dək əmək pensiyası təyin edilmiş şəxslərə münasibətdə təqaüd onların əmək pensiyasının üzərinə "Əmək pensiyaları haqqında" qanuna əsasən hesablanmış qulluq üçün sığorta hissəsinə əlavənin əvəzinə verilir. 2019-cu il aprelin 1-dək əmək pensiyası almaq hüququ yaranan, lakin pensiya təyin edilməsi üçün, 2019-cu il aprelin 1-dən sonra müraciət edən şəxslərə münasibətdə həmin il aprelin 1-dək əmək pensiyalarının sığorta hissəsinin üzərinə qulluq üçün əlavə ödənilir, aprelin 1-dən sonra isə qulluq üçün sığorta hissəsinə əlavə əvəzinə onlara qulluq edən şəxsə təqaüd verilir.
 
Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. Bu Qaydanın məqsədləri üçün I dərəcə əlilliyi olan şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur. Təqaüd təyin olunması üçün I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi"nin "Sosial ödənişlər altsistemi"ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"na uyğun kağız üzərində müraciət edir.
 
Müraciətə daxil olduğu gündən 5 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: - I dərəcə əlilliyi olan şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Şöbəyə I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; - I dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Mülki Məcəlləyə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Şöbəyə I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış I dərəcə əlilliyi olan şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; - sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd.
 
Təqaüd təyin edilməsi barədə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir. Təqaüd təyin edilməsi barədə qəyyum (himayəçi) müraciət etdikdə, bu barədə müvafiq sənəd təqdim etməsinə baxmayaraq, I dərəcə əlilliyi olan şəxs (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) qəyyumun (himayəçinin) ona baxan şəxs olduğunu təsdiq etmədiyi halda, təqaüd təyin olunmasından imtina edilir. Təqaüd qulluq olunanın I dərəcə əlilliyi müddətinə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda, onlara qulluq edən şəxsə təqaüd I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə ödənilir.
 
Bir nəfər I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir. Mülki Məcəlləyə uyğun olaraq qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə olan və ya bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri həmin müəssisələrdir. Qeyd edilən müəssisələrdə yerləşdirilən və tam dövlət təminatında olan I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edilməsinə görə təqaüd ödənilmir. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına, ayda bir dəfə nağdsız qaydada ödənilir.
 
Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır:
 
I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə;
 
- Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
 
- I dərəcə əlilliyi olan şəxsin əlillik dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın sağlamlıq imkanlarının məhdudluğu müddəti bitdikdə və ya ləğv edildikdə;
 
- sağlamlıq imkanları məhdud uşaq 18 yaşına çatdıqda;
 
- I dərəcə əlilliyi olan şəxs (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və ya sağlamlıq imkanları məhdud 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə.