• cümə, 29 Mart, 11:50
  • Baku Bakı 5°C

I Avropa Oyunlarının qonaqları muğamımızdan feyziyab olacaqlar

28.05.15 11:56 2126
I Avropa Oyunlarının qonaqları muğamımızdan feyziyab olacaqlar
Mənsum İbrahimov: “İyunun 18-də Heydər Əliyev Sarayında konsert, 20-də isə Opera və Balet Teatrında “Leyli və Məcnun” tamaşası ilə Oyunlara öz töhfəmi verməyə çalışacağam”
Hazırda dünyanın diqqəti Azərbaycana yönəlib. Ölkəmiz ciddi-cəhdlə birinci Avropa Oyunlarına hazırlaşır. Təkcə Oyunlar ərəfəsində on mindən çox xarici qonağın gələcəyi gözlənilir. Təbii ki, bu qonaqların qarşılanması, onların yerləşdirilməsi və səmərəli istirahələri üçün ölkəmizdə hər cür şərait yaradılıb. Azərbaycanın sürətli iqtisadi inkişafı, xalqımızın mədəni səviyyəsi və qonaqpərvərliyi imkan verəcək ki, ölkəmiz birinci Avropa Oyunlarını və bu beynəlxalq tədbirin özü ilə gətirdiyi qonaqları yüksək səviyyədə qarşılasın. Bunlar öz yerində. Başqa bir məsələ isə ondan ibarətdir ki, Azərbaycan gələn qonaqların mənəvi istirahətlərini, əyləncə və konsert tələbatlarını da nəzərə alıb.
Belə tədbirlərdən biri də tanınmış muğam ifaçısı, xalq artisti Mənsum İbrahimovun və onun tələbələrinin çıxışı ilə Heydər Əliyev Sarayında təşkil olunacaq. Xalq artisti “Kaspi” qəzetinə müsahibəsində həm birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyəti, həm də sözügedən konsert proqramı barədə danışdı.
- Mənsum müəllim, istərdik ki, əvvəlcə birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə və bu Oyunlara əsassız şəkildə qara yaxmağa çalışanlara münasibət bildirəsiniz.

- I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, sözün əsl mənasında Azərbaycanın inkişafı, tanınması və müsbət imicinin formalaşması üçün əvəzolunmazdır. Bu tədbirin yüksək səviyyədə təşkili Azərbaycan üçün çox önəmli bir məsələdir. Bu gün Azərbaycan həm iqtisadi, həm siyasi, həm də mədəni cəhətdən Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Bu üstünlük özünü hər sahədə göstərir. Xüsusən idman və mədəniyyət sahəsində ölkəmizin çox ciddi uğurları var. Bu baxımdan, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinin idmana olan diqqətidir və beynəlxalq imicinin nəticəsidir. Mən bir sənət adamı kimi bu Oyunların ilk dəfə ölkəmizdə keçirilməsinə görə çox sevinirəm və alqışlayıram. Hər birimiz bu tarixi hadisəyə görə qürur duymalı, sevinməli və Oyunlara dəstək olmalıyıq. Çünki Azərbaycan güclü bir dövlətdir və bu dövlətin İlham Əliyev kimi güclü lideri var. Ona görə də hər birimiz öz liderimizin ətrafında bir yumruq kimi birləşməli, ona dəstək olmalıyıq. Bu Oyunlar münasibətilə xalqımızı təbrik edirəm.
Bütün idmançılarımıza uğurlar arzulayıram ki, hər biri yüksək nəticələr əldə etsin və əsas medalların hamısı qoy elə Azərbaycanda qalsın. Birinci Avropa Oyunlarına ləkə salmağa çalışan, qarayaxmalarla məşğul olan anti-Azərbaycançı qüvvələr həmişə Azərbaycanın yüksəlişini, inkişafını istəməyən, buna qısqanclıqla yanaşan insanlardır. Düşünürəm ki, damarında azərbaycanlı qanı axan hər bir kəs beynəlxalq səviyyəli bir idman tədbirinin ölkəmizdə keçirilməsinə yalnız sevinməlidir və dəstəkləməlidir. Pisfikirli şəxslərə heç məhəl də qoymaq lazım deyil. Özləri deyib, özləri də eşidəcəklər. Çünki ortada reallıq var, real nəticələr var.
- Məlumata görə, birinci Avropa Oyunları ərzində xarici qonaqlar üçün konsert proqramı təşkil edəcəksiniz. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, Avropa Oyunları günlərində iki konsert proqramı nəzərdə tutulub. İyunun 18-də Heydər Əliyev Sarayında mənim rəhbərliyimlə “Gəncləşən Muğam” konserti təşkil olunacaq. Mən orada öz tələbələrimlə birgə ölkəmizə gələn əcnəbi qonaqlar üçün muğam konserti verəcəyəm. İyun ayının 20-də isə Opera və Balet Teatrında mənim ifamla “Leyli və Məcnun” tamaşası oynanılacaq.
Düşünürəm ki, bu tədbirlərlə həm Azərbaycan muğamının təbliğinə, həm də birinci Avropa Oyunlarına öz töhfəmi vermiş olacağam. Əminəm ki, xaricilər muğamımızı böyük həvəslə dinləyəcəklər. Deyirlər ki, musiqinin dili olmaz. Bax, muğam da dili olmayan bir musiqidir. Dilini başa düşməsələr belə, onu çox yaxşı anlayacaqlar. Buna xarici ölkələrdə təşkil etdiyimiz muğam konsertlərində dəfələrlə şahidlik etmişəm. Milliyyətindən asılı olmayaraq, muğam hər kəsi öz sehirli ağuşuna almağı bacarır.
- Konsertdə hansı ifalara üstünlük verəcəksiniz? Yəni repertuarınız nələrdən ibarət olacaq?

- Repertuarımız, əlbəttə ki, Azərbaycanla, Vətənlə bağlı muğam və xalq mahnılarından ibarət olacaq. Yeni bir xəbəri də sizin vasitənizlə bildirmək istəyirəm ki, Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən mən də bu Oyunların məşəlçisi seçilmişəm. Simvolik olaraq məşəli daşıyanlardan biri də mən olacağam. O məşəli qaldırmaq mənə də qismət olacaq və mən də həmin tarixi ana şahidlik edəcəyəm.
- Sizin özünüzün hansı idman növünə xüsusi marağınız var?

- Futbola.
- Xarici ölkələrə qastrol səfərləriniz çox olur. Sizcə, dünyada bizim muğama münasibət necədir?

- Bu yaxınlarda ilk dəfə olaraq Braziliyada “Azərbaycan Mədəniyyəti Günləri” keçirildi. Mən də həmin tədbirlərdə iştirak edirdim. Orada “Qarabağ” muğam qrupu, tələbəm Arzu Əliyeva, Elçin Həşimov, Elnur Əhmədov və maestro Yalçın Adıgözəlovla birgə çıxışlarımız oldu. Biz orada Braziliyanın milli musiqi orkestri ilə Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”ni oxuduq. İki min beş yüz nəfərlik Opera Teatrının binasında anşlaq idi və sonda tamaşaçılar bizi səhnədən buraxmadılar.
Onların israrı ilə biz “Qarabağ şikəstəsi”ni yenidən oxuduq. İfamız ikinci dəfə də böyük anlşaqla qarşılandı. Yəni demək istəyirəm ki, bizim musiqiyə, muğama qarşı münasibət, bax, belədir. Azərbaycan muğamı bəşəri, dünyəvi bir musiqidir. Ona görə də dünyanın harasına gedirsən-get, Azərbaycan musiqisi çox maraqla qarşılanır və insanların diqqətini cəlb edir. Bir sözlə, Azərbaycan muğamı dünyanın hər yerində sevilir. Yeri gəlmişkən, bu ayın sonunda mən Çinin paytaxtı Pekinə yola düşəcəm. Pekin simfonik orkestri ilə birgə ayın 31-də konsertimiz olacaq. Bu o deməkdir ki, bizim muğamımız bütün dünyada sevilir, başa düşülür. Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya təşəkürümü bildirirəm. Ona görə ki, bu gün bizim muğamımızın dünyada tanınmasında onun müstəsna xidmətləri var. Bundan başqa, dövlət tərəfindən muğama və muğam ifaçılarına çox böyük diqqət və qayğı göstərilir.
- Bəs, avropalılar Azərbaycan muğamı barədə nə dərəcədə məlumatlıdırlar?

- Hal-hazırda xeyli məlumatlıdırlar. Amma əvvəllər tək-tük hallarda Azərbaycan muğamı Avropada səslənirdi. Bu gün isə müntəzəm olaraq Avropanın bütün ölkələrində, bütün şəhərlərində, hətta əyalətlərində belə, Azərbaycan muğamı təbliğ olunur və davamlı şəkildə konsertlər verilir. Bunun belə geniş vüsət almasının səbəbi yenə də Heydər Əliyev Fondu tərəfindən irəli sürülən layihələr və təşəbbüslərdir.
- Oyunlar ərəfəsində hər hansı bir xarici ifanı muğamla sintez şəklində təqdim etmək fikriniz varmı?

- Elə bir layihəmiz yoxdur, amma təbii ki, təşəbbüs, yaxud bununla bağlı hər hansı bir firkir olsa, ifa edərdim. Çünki mən yeniliyin tərəfdarıyam, amma həmin yenilik peşəkar səviyyədə olmalıdır. Bununla bağlı hələlik yeni bir fikrimiz yoxdur.
- Yeni zəmanədə yeni tələblər ortaya çıxır. Bəs zamanın nəbzini tutmaq üçün hansı yenilikləri edirsiniz?

- Yenilik budur ki, 2007-ci ildən bəri bir muğam layihəmiz var. Biz bu layihə ilə dünyanın 15 ölkəsində Azərbaycan muğamını ifa etmişik. Bundan böyük yenilik məncə, yoxdur. Firkət Əmirovun “Şur” simfonik muğamı, Niyazinin “Rast” simfonik muğamı, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” segah muğamı və s. – bütün bunları həmin ölkələrin simfonik orkestrlərinin müşayiəti ilə ifa edirik. Bu yaxınlarda Pekində də həmin simfonik muğamların ifasını planlaşdırırıq.
- Muğamın gələcəyini necə görürsünüz? Bu incəsənət növü də hər hansı bir dəyişikliyə uğrayacaqmı?

- Dünyada hər şey dəyişir, klassik Azərbaycan muğamı da eləcə dəyişərək inkişaf edəcək. Elə bizim böyük caz sənətkarımız Vaqif Mustafazadə də tamamilə yeni musiqi növü olan caz muğamını yaradıb bütün dünyanı heyrətləndirmişdi. Alim Qasımov isə dünyanı tamam başqa muğamla fəth edir. Nəsillər dəyişəcək, yeni cərəyanlar ortaya çıxacaq, amma ənənəvi Azərbaycan muğamı daim gənc, yeni siması ilə bütün bunların içində ahəngdar şəkildə dəyişərək dirçələcək. Həmişə zamanla ayaqlaşan həqiqi sənətin böyüklüyü də məhz budur. Amma bu dəyişmə mütləq qayğı ilə, ehtiramla, sevgi və diqqətlə həyata keçirilməlidir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər