• cümə, 29 Mart, 04:14
  • Baku Bakı 7°C

I Avropa Oyunlarının könüllülərinə təşəkkürnamələr verilib

11.07.15 12:33 1787
I Avropa Oyunlarının könüllülərinə təşəkkürnamələr verilib
Bu gün Bakı-2015 I Avropa Oyunlarının könüllülərinə prezident İlham Əliyev və Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanmış təşəkkürnamələrin təqdimatı olub.
APA-nın xəbərinə görə, ilk 50 könüllü gəncə təşəkkürnamələr gənclər və idman naziri Azad Rəhimovla təhsil naziri Mikayıl Cabbarov tərəfindən təqdim olunub.
A. Rəhimov bildirib ki, Bakı-2015 I Avropa Oyunları zamanı ölkədə könüllülər mədəniyyəti yaranıb: “Biz Azərbaycanı Avropa və dünyanın tarixinə yazdıq. Bu prosesdə minlərlə könüllü iştirak etdi. Lakin bu gün burada 50 gənc iştirak edir. Düşünürəm ki, siz burada minlərlə könüllü ordusunu təmsil edirsiniz. Prezident İlham Əliyev və Bakı 2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva sizin əməyinizi yüksək qiymətləndirdilər Sizə təqdim olunacaq təşəkkürnamələrdə Azərbaycanın iki əziz insanının imzası var. Bu sizin əməyinizə verilən ən böyük qiymətdir. Biz bu işləri sizsiz bacara bilməzdik. Sizin köməyinizlə bu işləri həyata keçirdik”.
A. Rəhimov qeyd edib ki, gələcəkdə ölkədə keçiriləcək beynəlxalq idman yarışlarında da könüllülərin xidmətindən istifadə oluna bilər: “Azərbaycanda Formula-1, İslam Həmrəylik Oyunları, Dünya Şahmat Olimpiadası və 2020-ci ildə keçiriləcək Avropa futbol çempionatında sizin xidmətlərinizdən istifadə edə bilərik. Sizinlə əlaqələrimizi kəsməməliyik”.
Təhsil naziri M. Cabbarov isə Bakı-2015 I Avropa Oyunlarının Azərbaycana böyük miras qoyduğunu deyib: “Düşünürəm ki, I Avropa Oyunlarının Azərbaycana qoyduğu ən böyük miras insan kapitalıdır. Bu prosesdə iştirak edən 17 mindən çox könüllünün 14 mini təhsil müəssisələrini təmsil edirdi. Bu, qürurverici haldır. Təhsil Nazirliyi olaraq bu işə gələcəkdə də töhfə verməyə hazırıq. I Avropa Oyunları idmanın populyarlaşdırılmasına xidmət etdi və Azərbaycanı dünya xəritəsində tam fərqli bir yerdə nümayiş etdirdi. Azərbaycan böyük bir idman ölkəsi kimi üzərinə götürdüyü işin öhdəsindən layiqli şəkildə gəldi”.
Tədbirdə könüllülər haqda hazırlanmış video-çarx nümayiş olunub.
Qeyd edək ki, təşəkkürnamələrin digər hissəsi gələn həftə Prezident yanında Gənclər Fondu tərəfindən təqdim olunacaq.
banner

Oxşar Xəbərlər