• çərşənbə axşamı, 23 aprel, 20:40
  • Baku Bakı 20°C

I Avropa Oyunları Əməliyyat Komitəsinin rəsmiləri “AzərTAc”da olub

18.02.15 14:32 1139
I Avropa Oyunları Əməliyyat Komitəsinin rəsmiləri “AzərTAc”da olub
Bu gün Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs və kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari ilə görüşüb.
APA-nın xəbərinə görə, görüşdə baş direktor Aslan Aslanov “AzərTAc”ın keçdiyi inkişaf yolu, dövlət siyasətinin informasiya təminatında rolu, agentliyin son illərdə əldə etdiyi uğurlar, beynəlxalq əlaqələri, xüsusən dünyanın nüfuzlu xəbər agentlikləri alyanslarının rəhbər heyətində təmsil olunması haqqında qonaqlara ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, 95 illik yubileyini qeyd etməyə hazırlaşan “AzərTAc” 2016-2019-cu illərdə media sahəsində iki nüfuzlu quruma - Dünya Xəbər Agentlikləri Konqresinə, eləcə də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edəcək.
Ölkələr və xalqlar arasında münasibətlərin qurulmasında və inkişafında mədəniyyət, idman və digər tədbirlərin əhəmiyyətini vurğulayan baş direktor son illər Azərbaycanın mühüm beynəlxalq tədbirlərin, o cümlədən mötəbər idman yarışlarının təşkilatçısı olduğunu qeyd edib. Bu tədbirlərin yüksək səviyyədə işıqlandırılmasında AzərTAc-ın daim fəal iştirak etdiyi vurğulanıb.
Görüşdə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi böyük tarixi hadisə kimi dəyərləndirilib, bu mühüm idman tədbirinin təşkilinin Azərbaycana həvalə edilməsinin ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərə verilən yüksək qiymət olduğu diqqətə çatdırılıb.
Azərbaycanın yeganə rəsmi informasiya qurumu - “AzərTAc”la əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Uilyam Lui-Mari agentliyin 7 dildə xəbər yayımlamasının mötəbər idman tədbirləri, xüsusən birinci Avropa Oyunları ilə bağlı informasiyaların bütün dünyaya çatdırılmasında mühüm rol oynayacağını bildirib.
Ceyn Pirs bir çox Olimpiya Oyunlarına hazırlıq işlərində qazandığı böyük təcrübəyə əsaslanaraq, yarışların işıqlandırılmasında “AzərTAc”ın yaxından iştirakının vacibliyini qeyd edib.
Söhbət zamanı “AzərTAc”la “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi, birgə fəaliyyət barədə müvafiq sənədin imzalanması, hazırlıq prosesində bir sıra tədbirlərin keçirilməsi, yarışların geniş işıqlandırılmasında iştirak və digər məsələlər müzakirə olunub.
”AzərTAc”ın baş direktoru qonaqları agentliyin 95 illik yubiley tədbirlərində iştiraka dəvət edib.
banner

Oxşar Xəbərlər