• cümə axşamı, 25 aprel, 03:38
  • Baku Bakı 19°C

Hüseyn Quliyev: Özbəkistanda qalan Azərbaycan vətəndaşları ilə bağlı xüsusi komissiya və fond yaradılıb

05.04.20 21:15 757
Hüseyn Quliyev: Özbəkistanda qalan Azərbaycan vətəndaşları ilə bağlı xüsusi komissiya və fond yaradılıb
Dünyada COVID-19 pandemiyasının geniş yayılması və ölkələrimizin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində Özbəkistanda qalan Azərbaycan vətəndaşlarının ölkəmizə qayıtması qeyri-mümkün oldu.
Bu sözləri Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn QuliyevAZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Özbəkistanda qalan vətəndaşlarımızın səfirliyə müraciət edərək, Azərbaycan dövlətindən Bakıya qayıtmaq üçün kömək istədiklərini bildirən səfir qeyd edib: "Biz Özbəkistanda qalan vətəndaşlarımızla bağlı araşdırma apardıq və bununla əlaqədar xüsusi komissiya yaratdıq, onların siyahısını tutduq. Məlum oldu ki, burada qalan soydaşlarımız 160 nəfərdir. Bu, əlbəttə, kiçik rəqəm deyil, onların bəziləri evlərdə, bir çoxu isə mehmanxanalarda yaşayırdı. Biz mehmanxanalarda yaşayan vətəndaşlarımızı evlərə köçürdük. Özbəkistana müvəqqəti və iş məqsədilə gələn Azərbaycan vətəndaşları Daşkənd, Səmərqənd və Anqren şəhərlərində məskunlaşıblar. Səfirliyin əməkdaşları onların ünvanlarını, əlaqə telefonlarını dəqiqləşdiriblər. Soydaşlarımız səfirliyimizin konsulluq xidmətində müvəqqəti qeydiyyata alınıblar”.
Özbəkistanda qalan Azərbaycan vətəndaşlarına yardım məqsədilə xüsusi fondun yaradılmasına münasibət bildirən diplomat deyib: "Düşündük ki, xüsusi fond yaratmasaq vətəndaşlarımızın problemlərini həll etmək çətin olacaq. Ona görə də belə bir addım atdıq. Səfirliyimizin diplomatları, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbəkistanda fəaliyyət göstərən azərbaycanlı iş adamları Nazim Musazadə və Elvin Məmmədov fonda ianə edən ilk şəxslər oldular. Maddi vəziyyəti çətin, ailəsi, uşağı olanlara pul vəsaiti verilib, dövlətimizin onların yanında olduğu bildirilib”.
Özbəkistandakı azərbaycanlıların ölkəmizə qaytarılması üçün səfirliyin fəaliyyəti nəticəsində martın 21-də AZAL-ın təyyarə göndərməyə hazır olduğunu deyən Hüseyn Quliyev vurğulayıb ki, vəziyyət gözləniləndən daha tez dəyişdi və bu reyslərin həyata keçirilməsi mümkün olmadı. Məlumdur ki, Daşkənd hava limanı aprelin 20-dək bağlıdır. Əgər aprelin ayın 20-dən sonra uçuşlar bərpa edilsə, biz vətəndaşlarımızı qısa müddətdə Azərbaycana göndərəcəyik.
Gürcüstanın Özbəkistandakı səfirliyinin bu ölkənin vətəndaşlarının Azərbaycan vasitəsilə vətənə qayıtması ilə bağlı səfirliyə ünvanlanan müraciətə toxunan diplomat deyib: "Gürcüstan səfirliyi burada qalan 18 vətəndaşının Azərbaycan vasitəsilə ölkələrinə qayıtmasına kömək göstərilməsi üçün bizə müraciət edib. Təbii ki, biz öz vətəndaşlarımızı Azərbaycana göndərəndə, Gürcüstan vətəndaşlarının da ölkələrinə getmələrinə kömək göstərəcəyik. Qeyd etməliyəm ki, Gürcüstan vətəndaşları arasında orada yaşayan soydaşlarımız da var”.

banner

Oxşar Xəbərlər