• şənbə, 20 Aprel, 16:14
  • Baku Bakı 23°C

Hüseyn Cavidin “Şeyx Sənan” əsəri İranda nəşr olunub

09.06.15 20:11 1788
Hüseyn Cavidin “Şeyx Sənan” əsəri İranda nəşr olunub
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Şeyx Sənan” dramı Azərbaycanın “Kaspi” Təhsil Şirkətinin himayədarlığı ilə İran İslam Respublikasında nəşr olunub.
AZƏRTAC xəbər verir ki, ərəb qrafikalı Azərbaycan türkcəsində və farsca nəşr olunan kitabın “Ön söz” müəllifi “Kaspi” Təhsil Şirkətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. Həmçinin kitabda mütərcimin, türkoloq alim Hüseyn Sədiqin, yazıçı və tədqiqatçı Mustafa Quluzadənin də əsər, müəllif və tərcümə haqda məqalələri yer alıb.
Sona Vəliyeva böyük şairimizin yaradıcılığını belə qiymətləndirib: “Hüseyn Cavid bəşəri sənətkardır. İnsan haqlarının yüksəlişi, dünyada haqq və ədalətin qorunması, sülh və sabitlik, İslam dəyərlərinin təbliği və yayılması Cavid yaradıcılığının ana xəttini təşkil edir. Bütün müsəlman xalqlarının Hüseyn Cavid şəxsiyyətinin ucalığından öyünməyə, onun yaradıcılığından bəhrələnməyə mənəvi haqqı var. Çünki böyük şairimiz ülvi hissləri və bəşəri ideyaları ilə müqəddəs İslam dininin pak əxlaqi dəyərlərini tərənnüm edib. Cavid İslam dinini, bütün aləmi işıqlandıran və bütün bəşəriyyəti zülmətlərdən, qara günlərdən, haqsızlıqlardan qurtaran bir günəş adlandırır. Odur ki, “Şeyx Sənan” dramının İranda nəşr olunması dünya ədəbiyyatına dəyərli nümunələr bəxş edən fars dilində yaradılmış ədəbiyyat xəzinəsinin daha da zənginləşdirilməsi üçün qiymətli töhfədir”.
İranın nüfuzlu “Avayi-Münci” nəşrlər evində çap olunmuş kitab 400 səhifədən ibarətdir. Nəfis şəkildə tərtib olunmuş kitabda böyük şair və dramaturq Hüseyn Cavidin müxtəlif illərdə çəkilmiş fotoları da əks olunub.
Əsər, böyük Cavid yaradıcılığını İran ədəbi-ictimai mühitində tanıtdırmağı qarşısına məqsəd qoyan görkəmli tədqiqatçı, şair-publisist Əkbər Əlyar Həmidinin mənzum tərcüməsində nəşrə hazırlanıb. Nəşrin rəhbəri Azərbaycan Dövlət İnformasiya Agentliyinin Türkiyə və Səudiyyə Ərəbistanı Krallığı üzrə xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtıdır.
İki min nüsxə tirajla nəşr olunan əsər İran İslam Respublikasının böyük kitabxanalarına, o cümlədən ali təhsil ocaqlarına paylanılacaq, İranda keçirilən kitab sərgilərinə çıxarılacaq, ölkənin görkəmli şair və yazıçılarına hədiyyə olunacaq.
banner

Oxşar Xəbərlər