Hüseyn Cavidin şeirlər kitabı Qazax dilinə tərcümə olunub
Qazaxıstanın
Almatı şəhərində böyük ədibin qazax dilində işıq üzü görən şeirlər kitabının təqdimat
mərasi keçirilib. Qazaxıstanın Almatı şəhərində yerləşən Əl Fərabi
adına Qazaxıstan Milli Universiteti tərəfindən tərcümə edilən və qazax dilində
çapdan çıxan kitabın təqdimat mərasimində çıxış edən Universitetin rektoru
Qalım Mutanov Azərbaycan ədəbiyyatının korifeyi Hüseyn Cavid yaradıcılığının
türk dünyasının birliyinə, bütünlüyünə xidmət etdiyini, bu il ali təhsil
ocağında onun 135 illik yubileyinin keçirildiyini vurğulayıb. Bu kitabın da
şairin yubileyi münasibətilə çap olunduğunu qeyd edən rektor Qazaxıstan ədəbiyyatşünaslarının
Hüseyn Cavid yaradıcılığını daha geniş tədqiq etməli olduğunu bildirib. Azərbaycanın
Qazaxıstandakı səfiri Rəşad Məmmədov vurğulayıb ki, ayrı-ayrı türk xalqlarının
yaratdığı ümumi mədəniyyət xəzinəsini milli sərhədlərə sığışdırmaq mümkün
deyil. Türk dünyasının ortaq dəyərlərini təbliğ edən, ortaq türk dilində əvəzsiz
ədəbi nümunələr yaradan Hüseyn Cavidin yaradıcılığını öyrənməklə əslində, bütün
türk dünyasının mədəniyyəti və həyatı ilə tanış
olmaq mümkündür. Diplomat bildirib ki, 1982-ci ildə ədibin cənazəsinin uzaq
Sibirdən gətirməsi ulu öndər Heydər Əliyevin böyük səyi və cəsarəti sayəsində
baş tutub. Bu hadisə Heydər Əliyevin təkcə Cavidə deyil, bütün türk dünyasına,
onun bədii-ictimai fikir tarixinə dərin ehtiramının göstəricisi idi. Akademik
Teymur Kərimli təkcə - "Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer
üzünü” – misrasının Cavidin bütün yaradıcılıq fəlsəfəsini anlamağa kifayət etdiyini
vurğulayıb. Onun sözlərinə görə, ortaq türk dilinin Cavid nümunəsi deməyə əsas
verir ki, dilçilər, ədəbiyyatşünaslar bu məsələyə xüsusi diqqət yetirməklə ümumtürk
mədəniyyətini, dilini, ədəbiyyatını zənginləşdirə bilərlər. Təqdimat mərasimində
qazax alimlər böyük ədibin yaradıcılığı ilə bağlı müzakirələr aparıb və tələbələr
onun şeirlərindən parçalar səsləndiriblər. Əl-Fərabi adına Milli Universitetdə
"Azərbaycan tarixi və mədəniyyəti Mərkəzi”nin qurulması, eyni zamanda Azərbaycan
və Qazaxıstan elmi ictimaiyyəti arasında əlaqələrin yaradılmasındakı xidmətlərinə
görə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, akademik Teymur Kərimli
və Azərbaycan əsilli qazax alim Əsli Osman Əl Fərabi Universitetinin yubiley
medalı ilə təltif olunublar.