• çərşənbə, 24 Aprel, 12:49
  • Baku Bakı 27°C

Hüseyn Cavidin əsərləri ilk dəfə Türkiyədə nəşr olundu

19.07.13 13:48 1850
Hüseyn Cavidin əsərləri ilk dəfə Türkiyədə nəşr olundu
Dahi Azərbaycan mütəfəkkiri, şair və dramaturq Hüseyn Cavidin əsərləri ilk dəfə olaraq Türkiyədə müasir türk dilinə uyğunlaşdırılmış formada nəşr olunub. Cavidin yaradıcılıq incilərinin toplandığı monumental əsər Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun təşəbbüsü ilə «Kaspi» qəzetinin və «Kaspi» Təhsil Mərkəzinin layihəsi əsasında işıq üzü görüb. Türkiyənin məşhur «Küsena Yayınları»nın buraxdığı kitabın tərtibçisi və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Azər Turandır.
Kitabda ədibin romantik və tarixi faciələri ilə yanaşı, müxtəlif vaxtlarda yazılmış şeirləri yer alıb. «Ön söz»də qeyd olunub: «Türk dünyası ədəbiyyatı romantizmin ən önəmli isimlərindən olan Cavidin əsərləri Türkiyədə ilk dəfədir nəşr olunur. Çox gec olsa da, Hüseyn Cavidin əsərlərinin qardaş ölkədə işıq üzü görməsi tarixi ədalətsizliyə son qoyacaq və onun yaradıcılığının daha geniş miqyasda öyrənilməsinə təkan verəcəkdir».
Xatırladaq ki, 1960-cı illərdə azərbaycanlı mühacir Mustafa Hakkı Türkekul Vaşinqtonda yazdığı «Azərbaycan şairi Hüseyn Cavid» monoqrafiyasında şairin əsərlərinin dilinin incəlikləri ilə bağlı aşağıdakı fikirləri bildirmişdi: «Bildiyimiz kimi, Azərbaycan türkcəsi ilə İstanbul türkcəsi arasında cüzi də olsa ləhcə fərqləri var. Cavid İstanbul türkcəsini nəinki mənimsəmiş, hətta onu bütün ayrıntılarına qədər öyrənmişdi. Xüsusən də yaradıcılığının ilk dönəmlərində bu şivədən istifadə edən şair sonradan yaratdığı əsərlərdə onu Azərbaycan türkcəsinə yaxınlaşdırmağa çalışmış və buna uğurla nail olmuşdu. Bunun üçün də Cavidin dilinə nə tam Azərbaycan ədəbi dili, nə də İstanbul türkcəsi demək mümkündür. Cəsarətlə deyə bilərik ki, Cavid bu iki türkcə arasında bir körpü olmuş və aradakı fərqlilik məsafəsini yetərli dərəcə də qısaltmışdı. Cavid üslubu olduqca gözəl, zəngin və inkişaf etmiş türkcədir. Nəinki Azərbaycanın şimalında və cənubunda, Türkiyə və Türküstanda, hətta bütün Türk dünyasında elə bir fikir adamı, ziyalı tapmaq olmaz ki, Cavidi oxusun, amma anlamasın, onun möhtəşəm türkcəsindən zövq almasın».
Böyük Azərbaycan mütəfəkkirinin möhtəşəm əsərlərinin Türkiyə oxucuları tərəfindən rəğbətlə qarşılanacağına inanırıq.
banner

Oxşar Xəbərlər