• cümə axşamı, 28 mart, 14:56
  • Baku Bakı 16°C

“Hüseyn Cavid və teatr” mövzusunda tədbir keçirilib

05.10.17 12:40 3852
“Hüseyn Cavid və teatr” mövzusunda tədbir keçirilib
Bu il qüdrətli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyi tamam olur. Bu münasibətlə sentyabrın 29-da böyük sənətkarın Naxçıvan şəhərindəki Ev Muzeyi və Xatirə Kompleksində "Hüseyn Cavid və teatr” mövzusunda disput keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Cavidlər məqbərəsini ziyarət etmiş, buraya gül qoymuşlar. Disputu Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan ədəbiyyatında romantik cərəyanın qüdrətli nümayəndələrindən və əsas yaradıcılarından olan Hüseyn Cavid öz əsərlərində ümumbəşəri problemlərə toxunmuşdur. Böyük sənətkarın yaradıcılığı fikirlərin dərinlik və vüsətində, toxunduğu mövzuların siqlətində həmişə bəşəriyyəti narahat edən məsələləri qaldırdığı üçün yenidir və təzədir. Zaman keçdikcə Cavid irsinə maraq daha da artır, böyük şair-dramaturqun irsinin öyrənilməsi də aktuallıq tələb edir. Böyük romantiki həyat və insan, sülh və müharibə, xeyir və şər, məhəbbət və nifrət kimi ümumbəşəri problemlər daim düşündürmüşdür. Cavid hər zaman insan qüdrətinin ən ülvi duyğularını tərənnüm etmişdir. Sənətkarın yaradıcılığı ictimai-siyasi, əxlaqi-estetik problemləri önə çəkməklə bərabər, həm də cəmiyyətin, zamanın, şəxsiyyətlərin həyatını romantik-fəlsəfi mövqedən dərk etmək baxımından kamil sənət nümunəsidir.

Bildirilib ki, Cavid yaradıcılığı teatrla bağlı olmuşdur. Cavid dramaturgiyasını Azərbaycan teatrından ayrı təsəvvür etmək mümkün deyildir. Böyük sənətkarın dramaturgiyası Azərbaycan teatrının ən güvəndiyi sənət nümunəsi olmaqla bu gün də sevilə-sevilə səhnəyə qoyulur. Cavid dramaturgiyası bütöv bir rejissor və aktyor nəslinin yetişməsində mühüm rol oynamışdır. Romantik teatr məktəbinin və nəzmlə yazılan ilk pyeslərin müəllifi olan Cavidin səhnə sənətimizin inkişafında müstəsna xidmətləri vardır.

Tədbirdə yazıçı-jurnalist Əbülfəz Əsgərli, xalq artistləri Rza Xudiyev, Kamran Quliyev, Şirzad Abutalıbov, Həsən Ağasoy, Bakıdakı "Turan Cavid” Qadınlar Məclisinin Sədri Sevda Cəfərova, əməkdar rəssam Əli Səfərli, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, Əməkdar incəsənət xadimləri Yaşar Xəlilov, Kamal Əhmədov, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu, Əməkdar mədəniyyət işçisi Faiq Musayev və başqaları çıxış edərək Cavid əsərlərinin səhnə taleyindən və təcəssümündən, bu əsərlərə yazılmış musiqidən, bədii tərtibatdan söhbət açmışlar. Qeyd edilib ki, Cavid əsərlərinin ötən əsrin müdhiş 30-cu illərində ən gec yığışdırıldığı teatr Naxçıvan səhnəsi olmuşdur. 1936-cı ildə "Şeyx Sənan” faciəsi Naxçıvan teatrında oynanıldıqdan sonra Cavid əsərləri sənətkara bəraət verilənə qədər ölkəmizdə qadağan olunmuşdur.

Çıxışlarda qeyd edilib ki, Cavid dramaturgiyası hər zaman teatrlarımızın müraciət etdiyi sənət xəzinəsi olaraq qalacaqdır. Tamaşaçı sevgisi qazanmış bu əsərlər bütün zamanlar üçün müasir olduğu üçün həmişə səhnəmizin bəzəyi olacaqdır.

Sonda muzeyin ekspozisiyasına baxış olmuşdur.

Əli Rzayev


banner

Oxşar Xəbərlər