“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib
Azərbaycan Dillər
Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə
"Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib.
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, konfrans böyük Azərbaycan
şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunub:
"Hüseyn Cavid müxtəlif mənaları özündə təcəssüm
etdirən əsərlərin müəllifidir. Hüseyn Cavidin əsərlərində biz fikir zənginliyinin
şahidi oluruq”. Hüseyn Cavidin milli olduğu qədər, bəşəri sənətkar olduğunu
söyləyən M.İmanov bildirib ki, zəngin mənalar silsiləsinin olduğu "İblis”,
"Peyğəmbər”, "Şeyx Sənan” və digər əsərlərin mövzusunu çərçivəyə sığışdırmaq
mümkün deyil.
AMEA-nın Əlyazmalar İnstitutunun
direktoru, akademik Teymur Kərimli bildirib ki, Hüseyn Cavid yaradıcılığındakı
fəlsəfi, tarixi fikirlər Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. T.Kərimli
H.Cavid yaradıcılığının təbliğinin əhəmiyyətini vurğulayıb: "Mentalitetimizin
formalaşmasında müstəsna xidmətləri olan Hüseyn Cavid yaradıcılığının
araşdırılması gənc nəslin vətənpərvər kimi formalaşmasında mühüm rol oynayır”.
AMEA-nın tərkibində fəaliyyət
göstərən Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi,
filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, rəhbəri olduğu muzey
mütəfəkkir sənətkarın yaradıcılığının təbliği, tədqiqi və sistemləşdirilməsi ilə
məşğul olur: "Hüseyn Cavidin Ev Muzeyinin həyata keçirdiyi Cavidşünaslıq layihəsi
çərçivəsində Hüseyn Cavidin həyat və yaradıcılığı barədə dövri mətbuatda çap
olunan məqalələrin 50 cildlik kitab şəklində nəşr edilməsi nəzərdə tutulur. Bu
günə kimi akademik Kamal Abdullanın rəhbərliyi ilə Hüseyn Cavidin əsərləri müxtəlif
dillərə tərcümə olunaraq Avropa ölkələrinə yayılıb”. H.Cavidin Ev Muzeyində 15
mindən artıq eksponatın qorunub saxlanıldığını deyən G.Babaxanlı müxtəlif yerli
və səyyar sərgilərin təşkil olunduğunu sözlərinə əlavə edib.
Dövlət Təhlükəsizlik Xidmətinin
(DTX) Heydər Əliyev adına Akademiyasının professoru, Cavidşünas Cəlal Qasımov əsərlərində
bəşəri ideyalara, türkçülüyə geniş yer verən Hüseyn Cavid yaradıcılığının öyrənilməsində
onun qızı Turan Cavidin göstərdiyi əvəzsiz xidmətlərdən danışıb: "Mənzum
dramaturgiyanı Azərbaycan ədəbiyyatına gətirən Hüseyn Cavidin yaradıcılığında
biz tarixə sadiqliyin şahidi oluruq. Millətin milli-mənəvi dəyərlərinə hücum
olunan zaman Hüseyn Cavid tarixə müraciət edib və "Peyğəmbər” əsərini ərsəyə gətirib, türkün tarixi və
torpağı hədəf seçilən zaman isə o, "Topal Teymur”u
yazıb. Beləliklə, biz onun yaradıcılığında tarixi köklərə bağlılığın, vətənə sədaqətin
təcəssümünü görürük”.
ADU-nun rektoru, AMEA-nın həqiqi
üzvü, əməkdar elm xadimi Kamal Abdulla deyib ki, Hüseyn Cavid hər bir azərbaycanlının
yaxın şairi olmaqla yanaşı, doğma insanıdır. Kamal Abdulla "Cavidə məhəbbətlə”
adı altında nəşr edilən üçcildlik haqqında tədbir iştirakçılarına ətraflı məlumat
verib. Rektor bildirib ki, Azərbaycan ədəbiyyatının ən yüksək nöqtələrində bərqərar
olan Hüseyn Cavid öz yaradıcılığı ilə Azərbaycanın ən
dahi şairləri ilə səsləşib. Kamal Abdulla qeyd edib ki, 1982-ci ildə ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə şairin cəsədinin
Sibirdən gətirilməsi yalnız bir şairin cəsədinin vətənə gətirilməsi deyil, eyni
zamanda Azərbaycan ziyalıları qarşısında əqidəyə, dünyagörüşə yaşıl işığın
yandırılması demək idi: "Bu hadisə repressiya olan ölkələrin heç birində baş
verməmişdi və ilk dəfə olaraq SSRİ məkanında ümumilli lider Heydər Əliyev tərəfindən
həyata keçirildi”.
Sonda Hüseyn Cavidin həyat və fəaliyyətini
əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, ADU-nun foyesində Hüseyn Cavidin həyat
və yaradıcılığını əks etdirən kitab sərgisi təşkil edilib.