Hüququn tənəzzülü, ikili standartların yüksəlişi
Azərbaycanın əldə etdiyi
uğurlar, ölkəmizin istər region, istərsə də qlobal səviyyədə həyata keçirilən
siyasətin formalaşdırılmasında söz sahibi olması beynəlxalq müstəvidə bəzi
siyasi qüvvələri narahat edir. Buna görə də zaman-zaman ölkəmizə qarşı əsassız
qarayaxma kampaniyaları həyata keçirilir. Son dövrlər bir sıra Avropa
qurumlarının ölkəmizə münasibətdə ikili standartlarla müşayiət olunan mövqe
ortaya qoymasını da bu qəbildən saymaq olar. Xüsusən Avropa Şurası (AŞ) bu
məsələdə sanki birincilik uğrunda mübarizə aparır. Buna əyani misal kimi, AŞ-nin
baş katibi Turbyern Yaqlandın sentyabrın 13-də quruma daxil ölkə səfirlərinin
iclasında Azərbaycana qarşı səsləndirdiyi fikirləri göstərmək olar. O,
ölkəmizin AŞ-dən çıxarılmasını təklif etmişdi. Həmin vaxt onun səsləndirdiyi
fikirlər heç bir əsası olmadığı üçün dəstək qazanmayıb. Lakin ölkəmizin
uğurlarını həzm etməyən qüvvələr bununla kifayətlənməyiblər. Onlar bütün mümkün
vasitələrdən yararlanaraq, Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq üçün
daha bir vasitəyə əl atıblar. Təəssüf doğuran haldır ki, bu dəfə də
anti-Azərbaycan qüvvələrin aləti rolunda AŞ çıxış edib. Oktyabrın 11-də AŞ Parlament Assambleyasının payız sessiyasında
"Azərbaycanda demokratik təsisatların vəziyyəti" və "Azərbaycanın Avropa
Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti
addımların vəziyyətinə dair” qətnamələri qəbul edilib. Bu qətnamələrdə Azərbaycanı
haqsız tənqid edilib, tamamilə qərəzli, subyektiv mülahizələrə əsaslanan mövqe
ortaya qoyulub. Beləliklə də AŞ-nın əsil mahiyyəti növbəti dəfə məlum olub.
AŞ-nın Azərbaycanla bağlı
son qətnamələrinə münasibət bildirən millət
vəkili, tarixçi-alim Musa Qasımlı sözügedən sənədləri qərəzli və qeyri-obyektiv hesab edib.
Qeyd edib ki, bu, Azərbaycan əleyhinə olan qüvvələrin, erməni lobbisinin və
erməni diasporunun təsiri altında olan qrupların fəaliyyətinin nəticəsidir.
Millət vəkilinin sözlərinə görə, belə bir qərarın qəbul edilməsinin başlıca
səbəbi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, qaçqınlar və məcburi
köçkünlər, Xocalıda törədilən soyqırımı məsələlərini daim gündəlikdə saxlayan
Azərbaycan nümayəndə heyətinin fəaliyyətini məhdudlaşdırmaq və müxtəlif
bəhanələrlə ölkəmizə təzyiq göstərməkdir: "Belə sənədləri qəbul edənlər
anlamalıdırlar ki, Azərbaycan dövləti ilə hökm dilində danışmaq və ona təzyiq
etməklə heç bir şeyə nail olmaq olmaz. Azərbaycanla qarşılıqlı faydalı
əməkdaşlıq etmək lazımdır. Onlar bilməlidirlər ki, təkcə Azərbaycan Avropa
Şurası qarşısında deyil, eyni zamanda Avropa Şurası da Azərbaycan qarşısında
öhdəliklər götürüb. Avropa Şurası onları yerinə yetirməyə borcludur. Digər
tərəfdən, həmin qüvvələr dərk etməlidirlər ki, Azərbaycan xalqı və dövləti heç
bir dövlətin, təşkilatın tövsiyəsi olmadan özü demokratik inkişaf yolunu seçib
və bu yoldan onu yayındırmaq mümkün deyil”.
Millət vəkili, politoloqSahib Alıyev də
AŞ PA-nın son qətnamələrini həqiqətləri əks etdirməyən, ölkəmizə qarşı qərəzi
özündə ifadə edən sənəd kimi dəyərləndirib. Bildirib ki, AŞ PA-da Dağlıq
Qarabağ danışıqları öncəsi işğalçı Ermənistanın məsələsinə baxılması, bu
təcavüzkar, beynəlxalq hüquq normalarını, beynəlxalq qanunları saymayan dövlətə
qarşı sanksiya tələblərinin səslənməsini gözləmək daha məntiqə uyğun və
gözlənilən olardı: "Bu qurumun özü 2005-ci ildə Ermənistanın Azərbaycan
torpaqlarını zəbt etdiyini, işğal altında olan ərazilərdə etnik təmizlənmə
aparıldığını təsdiqləmişdi. Bəs indi nədən bu fakta göz yumulur? Nədən etnik
təmizləmə qurbanı olan Çıraqov və digərləri ilə bağlı Avropa Məhkəməsinin
hökmünün icra edilməməsi barədə Ermənistana irad bildirilmir? Nə üçün işğal və etnik
təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının haqqının tapdandığı
yada salınmır?! Ancaq bir nəfərlə bağlı həmin məhkəmənin qərarı yerinə
yetirilmir deyə, bizə irad tutulur. İndiyə qədər Avropa Məhkəməsinin 10 mindən
artıq hökmü yerinə yetirilməmiş qalır. Özü də bunu yerinə yetirməyənlərin bir
çoxu inkişaf etmiş, demokratiyası olan ölkələr kimi təqdim edilən qərb
dövlətləridir. Misal üçün, Böyük Britaniya, Fransa, İspaniya və sair. Niyə
onlara heç nə deyilmir? Niyə Dilqəm Əsgərovla Şahbaz Quliyevin öz torpaqlarında
girov götürülüb həbsə atıldıqları xatırlanmır? Bu kimi suallar çoxdur, ancaq onların
bir cavabı var. Cavab da odur ki, Qərbdəki islamafob çevrələr, pulla satın
alındıqlarınavə yaxud din faktoruna görə haysevərlik edənlər, Azərbaycanın
öz torpaqlarını geri qaytarmaq üçün atdığı addımların önünü kəsmək istəyirlər. 90-cı
illərdə torpağı işğal edilən biz olduğumuz halda necə Azərbaycanı təcavüzkar
kimi qələmə verirdilərsə, indi də ölkəmizi irticaçı, terrorçu, separatçı, əli
minlərlə günahsız adamların qanına batmış rejimi - Ermənistanın hərbi xuntasını
isə demokratik yol tutanlar kimi göstərməyə çalışırlar. AŞ PA-dakı məlum və
mənfur qətnamə də bu siyasətdən qaynaqlanır”.
Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın
Səfixanlı da AŞ PA-nın Azərbaycanla bağlı qəbul etdiyi 14403
və 14397 saylı qətnamələri ölkəmizə qarşı növbəti qarayaxma kampaniyası
olmaqla, bu qurumda hüququn tənəzzülü, ikili standartların yüksəlişi kimi
qələmə verib. Aparat rəhbəri bu barədə mətbuata açıqlamasında qeyd edib ki,
Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin istər region, istərsə də qlobal
səviyyədə həyata keçiriləcək siyasətin formalaşdırılmasında söz sahibi olması
bəzi siyasi qüvvələri narahat edir və ölkəmizə qarşı qara kampaniyalar həyata
keçirilir. A.Səfixanlı əlavə edib ki, müəyyən antiazərbaycan qüvvələrin siyasi
sifarişi və subyektiv mülahizələri əsasında hazırlanmış bu sənədləri qəbul
etməklə AŞ PA bir qurum kimi öz nüfuzunu daha da aşağı salmış oldu. Onun
sözlərinə görə, obyektiv, müqayisəli və analitik təhlilə əsaslanmadan, qərəzli
iddialar və təsdiq edilməmiş mənbələrə istinadla qəbul edilmiş bu qətnamələr
hansı dairədən sifariş olunduğunu və Azərbaycana qarşı qarayaxma məqsədi
daşıdığını açıq-aydın göstərmiş oldu: "Ümumiyyətlə, tənqid və ya tövsiyə
inkişafa xidmət edən amillərdir. Ötən dövr ərzində Azərbaycan üzv olduğu
beynəlxalq və regional təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri tam
şəkildə yerinə yetirib, bir çox beynəlxalq müqavilənin iştirakçısı olmaqla
milli qanunvericiliyini tam təkmilləşdirib. Bu gün də Azərbaycan BMT-nin
müqavilə qurumları və digər beynəlxalq və regional təşkilatlar tərəfindən
təqdim olunan təklif və tövsiyələrə diqqətlə yanaşaraq bu sahədə müəyyən
addımlar atır. Bununla bağlı geniş məlumata ölkəmizin müqavilə qurumlarına
təqdim etdiyi hesabatlara nəzər yetirməklə əldə etmək olar. Bütün bunlar
Azərbaycanın hər hansı beynəlxalq və ya regional təşkilatla əməkdaşlığı naminə
deyil, dövlətimizin maraqları, onun daha da demokratikləşdirilməsi, insan hüquq
və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə həyata keçirilir. Amma əgər
beynəlxalq və ya regional təşkilat tərəfindən qəbul edilən və "tövsiyə”
xarakteri daşıyan qətnamələr obyektiv reallıqdan uzaqdırsa, ikili yanaşma
sərgiləyirsə, çirkli siyasi məqsədlərə xidmət edirsə və dövlətə qarşı təzyiq
vasitəsi kimi istifadə edilirsə, qəbul olunan sənədi dəyərsiz etməklə bərabər,
sənədi qəbul edən qurumun nüfuzunu da aşağı salmış olur. Azərbaycan müstəqil,
güclü dövlətdir, özünün daxili və xarici siyasət prioritetləri var və bu kimi
sənədlərlə Azərbaycana təzyiq göstərmək mümkün deyil”.
Rufik İSMAYILOV