• çərşənbə axşamı, 16 aprel, 09:37
  • Baku Bakı 14°C

Hüquqdan otelçiliyə - Təhsil

28.07.14 08:26 1846
Hüquqdan otelçiliyə - Təhsil
“İngiltərə universitetinə valideynlərimdən xəbərsiz sənət verdim. Daxil olduqdan sonra onlara dedim ki, xaricdə təhsilimi davam etdirmək istəyirəm, imkanınız varsa, pulunu verin. Əvvəlcə atam razılaşmasa da, sonda razı oldu. 17 yaşımda olarkən tək çıxıb Böyük Britaniyaya getdim və orada təhsil aldım”.
Bu sözləri bizimlə söhbətində uşaqlıqdan xaricdə təhsil almağı qarşısına məqsəd qoyan həmyerlimiz Ülkər Məmmədzadədir. Müsahibimiz 1 il Böyük Britaniyada hüquq üzrə təhsil aldıqdan sonra ixtisasının ona uyğun olmadığının fərqinə varıb: “Orta məktəbi bitirdikdən sonra İngiltərədə Exeter Universitetində ali məktəbə hazırlıq kimi hüquq ixtisası üzrə oxudum. Amma orada 1 il təhsil aldığım müddətdə fikirləşdim ki, hüquq mən istədiyim sənət deyil. Çünki, hüquqşünas olduqda işini nə qədər uğurlu icra etsən də, nəticə birinin yaxşılığına digərinin ziyanına olacaq. Buna görə, elə bir iş seçmək istədim ki, hamını razı sala bilim”.
Hüquqdan hotelçiliyə

İngiltərədə 1 il oxuduqdan sonra vətənə qayıdan müsahibimiz ixtisasını dəyişərək turizm və hotelçilik üzrə təhsil almaq üçün Şimali Kiprə yollanıb. Lakin, o, bu ölkədə təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb: “Baxmayaraq ki, yaxşı oxuduğuma görə sözügedən universitetdə məni 2-ci semestrdən etibarən təhsil haqqından azad etdilər. Amma Şimali Kiprdə oxuya-oxuya sənədlərimi xaricdə təhsil almaq üçün dövlət proqramına təqdim etdim və ora qəbul oldum. Beləliklə, 1 illik təhsilimi yarımçıq qoyub İsveçrədə Glion İnstitutunda bakalavr pilləsi üzrə təhsil almağa yollandım. Buranı seçməkdə məqsədim universitetin hotelçilik və turizm üzrə verdiyi təhsilə görə dünyada 2-ci yerdə olması idi”.
Həmsöhbətimiz deyir ki, o, uşaq yaşlarından çətinliklərlə qarşılaşmağı və problemlərini özü həll etməyi xoşlayıb. Buna görə də, 17 yaşından valideynlərindən ayrılıb xaricə getdikdə, asanlıqla qürbət ölkədə yaşamağa öyrəşib: “İlk dəfə Londonda aeroportda mənim arxamca göndərilən sürücünün gəlmədiyini görüb qorxmuşdum. Özümü tənha hiss elədim və ağlamağa başladım. Hətta o qədər ürkək görünürdüm ki, orada bir azərbaycanlı oğlan elə bildi ki, anamı itirmişəm. Bundan sonra yad ölkəyə öyrəşmək mənim üçün çətin olmadı”.
“Azərbaycanda lazımsız dərslər keçilir”

Ülkər bizimlə söhbətində nə üçün xaricdə təhsili seçdiyindən də danışdı: “Hələ orta məktəbdə oxuyarkən xaricdə təhsil almağı qarşıma məqsəd qoymuşdum. Çünki Azərbaycanda təhsil nə qədər yaxşı olsa da, qərb təhsilinə hələ çatmayıb. Orada pedaqogikanı bitirən müəllim yoxdur. Hamısı öz işində uğur əldə etmiş mütəxəssislərdir. Biz demək olar ki, kitabdan dərs keçmirik. Müəllimlərimiz daha çox öz təcrübələrini bizimlə bölüşürlər. Bu, bizim üçün daha maraqlı və effektivdir. Ölkəmizdə turizm ixtisası üzrə keçirilən dərslərə gəlincə isə, lazımsız dərslərin sayı çox olur. Yəni, gələcəkdə bu fənlərin 5-dən istifadə edəcəksənsə, 10-u lazım olmayacaq. Mənim oxuduğum universitetdə isə vacib dərslər keçilir və bütün dərslərdə esse yazırıq. Esse faktlara söykənməlidir. Amma Azərbaycanda elə deyil. Esseni hansısa kitabdan köçürüb yazsan, yenə qiymət yazacaqlar. Amma İsveçrədə bir sistem var ki, esseni yazdıqdan sonra orada baxırlar. Əgər sənin yazdıqların hər üç sözdən bir hansısa kitabla üst-üstə gəlirsə, sıfır alırsan. Buna görə həqiqətən oxuyub başa düşməyə məcbursan”.
“Həm oxuyub, həm işləyirəm”

Öz qərarı ilə xaricdə təhsil almağa yollanan müsahibimiz maddi baxımdan ailəsini çətinə salmamaq üçün həm oxuyub, həm də işləyir. Hətta o, pul qazanmaq üçün eyni vaxtda 2-3 işlə məşğul olur: “Dövlətin verdiyi təqaüd yataqxanamızla yeməyimizə ancaq bəs edir. Buna görə də istədim ki, ailəmi çox çətinə salmayım, heç olmasa, özüm özümü təmin edim. Pul qazanmaq üçün eyni vaxtda 2-3 işlə məşğulam. Qeyd edim ki, universitetdə ən yüksək bal yığdığıma görə ən yaxşı tələbə adını qazandım. İşlərimdən biri də budur ki, birinci kurslara dərslərində kömək edim. Bunun üçün universitetdə xüsusi treyninq də keçdilər. Dərsdən sonra həftədə bir dəfə hansı fəndən başa düşmədikləri bir şey varsa, tələbələr yığılırlar və mən onlara başa düşmədiklərini izah edirəm. Pul qazanmaqdan əlavə, mənim kimi yaxşı oxuyan tələbə az olduğundan bu işi öhdəmə götürməyə razılıq verdim”.
Ülkər bu işlə kifayətlənməyib təhsildən əlavə, tələbələrlə ictimai iş də aparır: “Təhsildən əlavə kampus həyatında nə varsa, onunla məşğul oluram. Universitetin kampusundan 600 nəfərin arasından 7-8 nəfər seçdilər. Mən də onların arasında oldum. Orada tələbələrin yaşayışı, problemləri, tələbləri ilə maraqlanırdım. Bundan əlavə, üçüncü iş kimi universitetdəki tədbirlərdən şəkillər çəkib könüllü şəkildə fotoqraflıq edirəm”.
“Turizm sahəsində kadrımız çatışmır”

Həmsöhbətimiz deyir ki, Azərbaycanda hotelçilik ixtisası üzrə kadr çatışmadığı üçün bu ixtisasa maraq göstərib. Onun sözlərinə görə, kadr çatışmazlığı ucbatından ölkəmizdə sözügedən sahədə karyera pilləsində irəliləmək o qədər də çətin deyil: “Hotelçilik hüquqdan fərqli olaraq, elə bir sahədir ki, insanları xoşbəxt etməkdən başqa heç nə ilə məşğul olmursan. Bütün gün gülümsəyirsən. Bundan əlavə, Azərbaycanda turizm, hotelçilik inkişaf edir və ölkəmizdə kadr çatışmır. Bu səbəbdən, iş tapmaq imkanı daha rahatdır. Hansı hotelə gedirsən menecerlər xaricidir. Bizim hotellərdə xaricilərin çalışmağındansa, öz həmyerlilərimiz bu ixtisasa yiyələnib işləsə, daha yaxşı olar”.
Ölkəmizdə turizmin hazırki vəziyyətindən narazı olan müsahibimizin fikrincə, ofisiant müştəri münasibətləri düzgün qurulmayıb: “Turizm sahəsində kadrlara təlimlər keçirilməlidir. Bizdə nə müştəri ofisiantı, nə də ofisiant müştərini başa düşmür. Müştərinin özü restorana gələndə ofisianta yuxarıdan aşağı baxır. Buna görə də turizm sahəsində çalışan kadrlarımız çətinlik çəkirlər”.
İsveçrədə yaşamağın asan olduğunu deyən həmsöhbətimizin sözlərinə görə, orada hamı bir-birini başa düşür. Ölkə o qədər sakitdir ki, adam gecə 2-də küçədə gedərkən qorxu hiss etmir: “İngiltərədə 1 il yaşadığıma görə İsveçrə məni o qədər də təəccübləndirmədi. Çünki bu ölkəni İngiltərəyə oxşadıram. Amma İsveçrə İngiltərəyə nisbətən çox sakit ölkədir. Ümumiyyətlə, insanların bir-birinə davranışı da xoşuma gəldi. Orada yaşamaq asandır, insanlar hamısı bir-birlərini başa düşməyə çalışır, heç kim yalnız özünü düşünmür”.
Hansı ölkənin tələbəsi necədir?
Universitetdəki tələbələr haqqında məlumat verən müsahibimiz deyir ki, orada 90 ölkədən tələbə var. Ülkərin sözlərinə görə, keçmiş SSR-dən olan tələbələr bir-birinə bənzəyir: “onu da deyim ki, ermənilərlə müqayisədə universitetimizdə azərbaycanlılar daha çoxdur. Ən yaxın dostlarım Moldova, Kanada və Rusiyadandır. Keçmiş SSR-dən olan uşaqlar bir-birlərinə oxşayırlar. Uşaqlığımız eyni olduğundan mentalitetimiz, tərbiyəmiz bənzəyir. Asiyadan gələn tələbələr daha utancaq olurlar, münasibət yaratmağa çətinlik çəkirlər. Onlara gərək özün yaxınlaşıb dostluq edəsən. Ən səs-küylü tələbələr amerikanlardır. Fransızlar isə universitetdə özlərindən razı olmaları ilə seçilirlər. Azərbaycanlılara gəlincə, bir neçə nəfəri çıxmaq şərtilə, qalanları öz əhatələrində özlərini daha rahat hiss edir. Buna görə inteqrasiya etməyib çox vaxt ancaq özümüzünkülərlə oturub dururlar”.
Ülkər gələcək planlarında da danışdı. Hotel meneceri olmağı qarşısına məqsəd qoyan müsahibimiz deyir ki, universiteti bitirdikdən sonra dövlət proqraminin tələblərinə əsasən 5 il Azərbaycanda işləməlidir. Sonra isə yenidən xaricə qayıdıb iş təcrübəsi yığmaq niyyətindədir: “Düşünürəm ki, bu sahədə Azərbaycana xarici təcrübəni də gətirməliyəm. Amma indidən xaricdə təcrübə qazanmaq şansı qazanmışam. Hazırda təhsil aldığım universitetdə 7 semestrdən 2-si təcrübədir. Birini artıq Tailandda hoteldə keçmişəm. İkinci praktikamı isə harada keçəcəyimi hələ müəyyənləşdirməmişəm”.
Lalə MUSAQIZI
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər