• cümə, 29 Mart, 09:11
  • Baku Bakı 5°C

“Hüquq sahəsində ixtisaslaşma olmalıdır” – Peşəkar

29.06.15 10:48 2151
“Hüquq sahəsində ixtisaslaşma olmalıdır” – Peşəkar
Pərviz Məmmədov: “Vətəndaş öz hüququnu tələb etməli, lazımdırsa, aidiyyəti üzrə dövlət orqanlarına üz tutmalıdır”
Hüquq mədəniyyətinin gənc nəsildə daha çox nəzərə çarpdığını deyir. Düşünür ki, gənclər başqalarının hüquqlarına daha çox hörmətlə yanaşır və öz hüquqlarını həyata keçirməkdə maraqlıdırlar. Müsahibimiz AZKOLL şirkətinin təsisçisi və direktoru Pərviz Məmmədovla Azərbaycanda hüquq mədəniyyətindən tutmuş problemli kreditlərə qədər bir çox məsələlərdən danışdıq.
- Üçüncü qrupa sənəd verənlərin əksəriyyəti ilk yerdə hüquq ixtisasını qeyd edirlər. Sizcə, bu, nə ilə bağlıdır?
- Bizim orta məktəbdə oxuduğumuz dövrdə bu, demək olar ki, bütün üçüncü ixtisas qrupuna sənəd verənlərin birmənalı seçimi idi. Səbəb isə məncə, əsasən həmin vaxtlarda cəmiyyətdə polis, prokurorluq və məhkəmə işçilərinin ümumiləşdirsək, dövlət adamlarının böyük hörmət və ehtiram sahibi olması idi. Valideynlər də uşaqları üçün belə bir gələcək arzuladıqlarından yəqin ki, uşaqları bu istiqamətə yönləndirirdirlər.
- İnkişaf etmiş ölkələrdə hüquq ixtisası üzrə təhsil alanlar ali məktəbdə oxuyarkən konkret olaraq bir sahəni öyrənib bu sahənin peşəkarı olurlar. Məsələn, cinayət hüququnu bilənin mülki hüquqla bağlı dolğun məlumatı olmaya bilər. Azərbaycanda isə səhv etmirəmsə, son kursda cəmi bir il ixtisaslaşma gedir. Bir ilə hansısa sahənin mütəxəssisi olmaq nə dərəcədə mümkündür?
- Düşünürəm ki, bu məsələ bizdə də get-gedə aktuallaşacaq və hüquqşünaslar istər-istəməz daha dar sahələrdə ixtisaslaşmaq məcburiyyətində qalacaqlar. Çünki bir neçə istiqamət üzrə həm qanunvericiliyi, həm məhkəmə təcrübəsini eyni dərəcədə bilmək və tətbiq etmək çətindir. Təəssüf ki, ixtisaslaşmanın vacib olduğunu qəbul etmək istəməyən hüquqşünaslarımız hələ də var. Bəzən eyni hüquqşünasla gah hüquq mühafizə orqanında işləyərkən, gah boşanma işləri üzrə məhkəmələrdə, gah da əmlak mübahisələrində rastlaşırıq. Bu cür hüquqşünaslar get-gedə ya rəqabətə davam gətirməyib fəaliyyətlərini dayandıracaq, ya da məcburən özlərinə konkret sahə seçib, həmin sahə üzrə bilgilərini daha da dərinləşdirəcəklər. Bizim ali təhsil aldığımız dövrdə ixtisaslaşma yox idi. Fikrimcə, bakalavr pilləsində ixtisaslaşmanın olması düzgün deyil. Çünki tələbə əvvəlcə hüququn bütün sahələrində ibtidai biliklərə yiyələnməlidir ki, həm düzgün seçim edə bilsin, həm də məsələlərə kompleks yanaşma tələb olunarkən çətinlik çəkməsin. Magistraturada isə ixtisaslaşmanın olması vacibdir.
- Hüquq mədəniyyəti bizdə nə dərəcədə inkişaf edib? Öz hüquqlarını bilən vətəndaşlarımız çoxdurmu?
- Hüquq mədəniyyətinin inkişafı gənc nəsildə daha çox nəzərə çarpır. Onlar başqalarının hüquqlarına daha çox hörmətlə yanaşır və öz hüquqlarını həyata keçirməkdə maraqlıdırlar. Xüsusən yol hərəkəti qaydalarında, istehlakçı hüquqlarının müdafiəsi sahəsində, pasport qeydiyyat məsələlərində vətəndaşların qanunvericiliyin tələblərini öyrənməyə və tətbiq etməyə maraq göstərdiyini görürük. Mülki müqavilələri bağlayarkən əksər vətəndaşlar müqavilə şərtlərini oxuyub anlamağa çalışır. Ev, torpaq alarkən hüquqşünasla məsləhətləşirlər, əmlaka dair sənədləri tələb edirlər. Borc verərkən müqavilə bağlayırlar və s. Bütün bunlar hüquq mədəniyyətinin inkişafını göstərən amillərdir.
- İnkişaf etmiş ölkələrdə şirkətlərin, demək olar, hamısının hüquqşünası var. Hətta hər bir ailənin öz hüquqşünası olur. Azərbaycanda isə ailələrdə hüquqşünasın olması bir kənara dursun, böyük şirkətlərin belə hüquqşünasa maaş ayırmağa əlləri gəlmir…
- Elə düşünmürəm. Sevindirici haldır ki, bizdə artıq peşəkar hüquqşünaslara ehtiyac artır. Əvvəllər bir bankda bir, ya iki hüquqşünas olurdusa, indi bəzi banklarda 20-yə yaxın hüquqşünas çalışır. Bu məsələ zamanla daha da aktuallaşacaq. Rəqabət artdıqca, şirkətlər inkişaf etdikcə, hüquqşünaslara olan ehtiyac da artır. Digər tərəfdən, peşəkar biznes hüquqşünasları formalaşır. Hətta bəzən şirkətlərin iri həcmli layihələri biznes hüquqşünaslarının qərarına bağlı olaraq icra olunur.
- Şərq ölkələrində bəzən yerli adət-ənənələrin hüquqdan önə keçməsini necə dəyərləndirirsiniz?
- İnsanların öz adət-ənənələrinə hörmətlə yanaşması, öz davranışında onları əsas götürməsi əslində çox yaxşı bir haldır. Lakin adət-ənənələr hüquqa, qanunvericiliyə zidd olan davranışları təbliğ edirsə, buna heç cür yol vermək olmaz. Bunun həm cəmiyyət, həm də ayrı-ayrı fərdlər üçün çox ağır nəticələri ola bilər. Problemi aradan qaldırmağın ən başlıca yolu isə əhalinin hüquqi savadının artırılmasıdır.
- Sizin özünüz də hüquq şirkətinə rəhbərlik edirsiniz. Peşəkar hüquqşünas nə dərəcədə yaxşı idarəçidir?
- Şirkəti yaradarkən biz xarici dövlətlərin təcrübəsini ətraflı öyrənirdik və əksər mənbələr vurğulayırdı ki, hüquqşünaslar yaxşı iş adamı ola bilmirlər. Bu, doğurdan da belədir. Biznes risk etməyi sevir, hüquqşünaslar isə hər bir halda risk etməməyə çalışırlar, hər addımı ölçüb biçirlər. Nəticədə şirkət bazarda trendə reaksiya vermir, ya da gec reaksiya verir. Bu da maliyyə itkilərinə gətirib çıxarır. Buna görə biz hüquqi biliklərimizi artırmağa sərf etdiyimiz vaxtın 2-3 qatını biznesin idarəedilməsini öyrənməyə sərf etməli oluruq.
- Problemli kreditlərin toplanması ilə də məşğulsunuz. Hansı növ müştərilər daha çox problem yaradır?
- Daha çox problemlər kiçik sahibkarlar və məişət avadanlıqları kreditlərində yaranır. Bu da təkcə krediti götürənlərlə bağlı deyil, həm də bankların aqressiv satış siyasəti ilə bağlıdır. Müştəriyə onun ödəmə gücü nəzərə alınmadan kredit verilməsi də kreditin gecikməsinə gətirib çıxarır.
- Vətəndaşların bir çoxu düşünür ki, krediti götürüb qaytarmasalar, bank onlara heç nə edə bilməz. Çünki Azərbaycan qanunvericiliyində kredit borcunu qaytarmayanlarla bağlı cəza yoxdur. Əslində vəziyyət necədir?
- Bu, yanlış fikirdir. Borcunu ödəməkdən qəsdən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb edilir və çox ciddi cəzalandırılırlar. Bu fikirlər həqiqəti əks etdirmir və vətəndaşlar üçün ciddi problemlərə səbəb ola bilər.
- Sizcə, hüququ tələb etmək lazımdır, yoxsa hüquq insanlara verilməlidir?
- Bizim Konstitusiyamızda və qanunlarımızda vətəndaşların hüquqları çox aydın formada təsbit edilmişdir. Yəni bu hüquqlar vətəndaşlara verilib. Əgər kimsə vətəndaşa bu hüquqlarını həyata keçirməyə mane olursa, bu, qanun pozuntusudur və vətəndaş öz hüququnu tələb etməli, lazım gəldikdə aidiyyəti üzrə dövlət orqanlarına üz tutmalıdır.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər