• cümə axşamı, 25 aprel, 15:08
  • Baku Bakı 23°C

Hüquq müdafiəçisi şər-böhtanla, təxribatla məşğul olmamalıdır

17.05.14 09:02 1327
Hüquq müdafiəçisi şər-böhtanla, təxribatla məşğul olmamalıdır
Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin fəalı Tofiq Qasımov vətəndaşlardan zorla pul tələb etmədə şübhəli bilinərək, ötən ay polis tərəfindən saxlanılıb, ona qarşı cinayət işi açılıb. T.Qasımov istintaqa ifadəsində bildirib ki, təmsil olunduğu QHT-nin rəhbəri Emil Məmmədovun tapşırığı ilə müxtəlif məmurlardan şantaj yolu ilə pul alıb. Həmin şəxsin ifadəsi əsasında bir sıra məmurlar da izahat verərək, adları çəkilən QHT təmsilçiləri tərəfindən şantaja məruz qaldıqlarını, bunun üçün onlara müəyyən məbləğdə pul verdiklərini etiraf ediblər. Buna görə “Demokratiyaya Yardım” İB-nin sədri E.Məmmədova da Cinayət Məcəlləsinin 182.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər iki şəxs konkret olaraq, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmədə təqsirli biliniblər. Lakin “Turan” İnformasiya Agentliyi, eləcə də bəzi QHT nümayəndələri bu hadisələrə “planlı təzyiq”, “sifarişli həbs” donu geyindirməyə çalışaraq, diqqəti bu həbslərin əsl səbəblərindən yayındırmağa çalışıblar.
Bu, adını hüquq müdafiəçisi qoyanların ilk belə “qəhrəmanlığı” deyil. Ötən il İmişli rayonunda həbs edilərək Bakıya gətirilən, barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə cinayət işi açılan hüquq müdafiəçisi Musa Rahimin, Göyçay şəhərindəki mərkəzi parkda ictimai asayişi pozmaqda və polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilinərək, 15 sutkalıq həbsə məhkum edilən Vidadi İsgəndərlinin hərəkətləri də çoxlarının yadından çıxmayıb.
Bütün bunlar əslində “hüquq müdafiəçisi necə olmalıdır” sualını gündəmə gətirib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Kaspi”yə açıqlamasında hüquq müdafiəçisi kimi fəaliyyət göstərənin müstəqil şəxs olmasını zəruri sayıb. Bildirib ki, özünü hüquq müdafiəçisi hesab edən şəxs nə iqtidar, nə də müxalifət partiyalarında təmsil olunmalıdır. Onun sözlərinə görə, vacib deyil ki, hüquq müdafiəçisi ali təhsilli hüquqşünas olsun, amma ali təhsili mütləq olmalı, hüququ bilməli, ona müraciət edən şəxsin və ya şəxslərin hüquqlarını qanun çərçivəsində müdafiə etməyi, hüquqi yardım göstərməyi bacarmalıdır: “Hüquq müdafiəçisi etik normalara riayət etməyi bacarmalıdır. Təəssüf ki, yaşadığımız cəmiyyətdə bəzən adi etik normalara riayət etməyən hüquq müdafiəçilərinə də rast gəlirik. Bu, onlara baş ucalığı gətirmir. Digər tərəfdən, hüquq müdafiəçisi çox səbirli adam olmalıdır. Bəzən də görürük ki, adını hüquq müdafiəçisi qoyan şəxs heç bir yerdə monitorinq keçirmir, heç kimi dindirib-danışdırmır, konkret kiminsə hüquqlarını müdafiə eləmir, amma götürüb hesabatlar hazırlayır, bunun müqabilində xarici dövlətlərdən külli miqdarda qrantlar alırlar. Mən ali təhsilli hüquqşünasam, hüquq mühafizə orqanlarında əmək fəaliyyəti ilə məşğul olmaq baxımından da kifayət qədər təcrübəsi olan zabitəm. Ona görə də həmin hüquq müdafiəçilərinin fəaliyyəti məndə şübhə doğurur. Hüquq müdafiəçisi gərək, real işlə məşğul olsun. Onun işi gerçəkdən də hüquqları pozulmuş şəxsə yardım etməkdən ibarət olsun. Hüquq müdafiəçisi şər-böhtanla, təxribatla məşğul olmamalıdır. İnsanların hüquqlarını müdafiə edən şəxs yeri gələndə öz əməli ilə onlara nümunə olmalıdır. Biz demokratik bir ölkədə yaşayırıq və söz-mətbuat, fikir azadlığından yararlanaraq kimi istəsək tənqid edə bilərik. Ancaq heç kimə ixtiyar verilməyib ki, kimisə təhqir etsin. Əlbəttə ki, bunu edən şəxs qanun çərçivəsində müəyyən məsuliyyət daşımalıdır və daşıyır da”.
Hədə-qorxu gəlməklə, şantaj yolu ilə kimlərdənsə pul tələb edən hüquq müdafiəçilərinə gəlincə, E.Behbudov ümumiyyətlə, buna qarşı olduğunu bildirib. Deyib ki, nəinki hüquq müdafiəçisi, eləcə də sıravi vətəndaşlar bu əməldən uzaq olmalıdırlar. O, təmsil etdiyi quruma müraciət edib üzv olan, lakin sonradan reketçiliklə məşğul olan şəxslərin dərhal təşkilatdan qovduğunu bildirib: “Mən beynəlxalq səviyyəli ekspertəm, işgəncələrə qarşı ümumdünya təşkilatının üzvüyəm. Komitəmiz də ictimai əsaslarla fəaliyyət göstərir. Bunu bilə-bilə bizim komitəyə üzv olanların da bəziləri üzvlük vəsiqəsini alan kimi bundan öz məqsədləri naminə yararlanmağa çalışırlar. Bir də görürsən eşidirəm ki, komitəmizin hansısa üzvü təmsil olunduğu qurumun adından haradasa sui-istifadə edib. Dərhal İdarə Heyətinin qərarı ilə onu komitə üzvlüyündən azad edirəm. Belə məsələlərdə heç doğma qardaşıma da güzəştə gedə bilmərəm. Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri ilə işləyən komitənin adına ləkə gəlməsinə yol vermərəm. Bu, hüquq müdafiəçisi adı daşıyan şəxslərə də aiddir. Onlar da etik normalara riayət etməli, ona yaradılan şəraitdən sui-istifadə etməməlidirlər”.
QHT Əməkdaşlıq Alyansının sədri Rufiz Qonaqov isə “Demokratiyaya Yardım” İB-nin rəhbəri E.Məmmədovun zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılmasına, hüquq müdafiəçisinin davranışlarına münasibət bildirərkən deyib ki, kimsə konkret cinayət əməli törədirsə və ya vətəndaşların etimadından sui-istifadə edib, reketlik fəaliyyəti ilə məşğul olursa, onun həbsinə siyasi don geyindirmək olmaz. Alyans sədri E.Məmmədovun məsələsinə qanuni müstəvidə baxılmasını ən doğru yol kimi qiymətləndirib: “Azərbaycan hüquqi dövlətdir. Burada hər kəsin hüquqları olmaqla yanaşı, məsuliyyəti də var. Kimsə cinayət törədirsə və ya cinayət əməlində ittiham olunursa, o, hüquqi yolla mübarizə aparmalıdır. Məsələni siyasiləşdirmək, guya siyasi baxışlarına görə, təqib olunduğunu söyləmək, hədəfdən yayınmağa hesablanmış addımdır və bu yolla məsuliyyətdən yaxa qurtarmaq mümkün deyil. Mən Emil Məmmədov adlı şəxsi tanımıram. Hesab etmirəm ki, o, ictimai rəyə təsir imkanları olan QHT rəhbəridir. Yəqin ki, konkret reketlik fəaliyyəti olmasaydı, o zaman həbs olunmazdı. İndiki halda öz məsuliyyətini dərk etdiyindən həbsdən yayınmağa, Leyla Yunus və digərlərinin himayəsinə sığınaraq, öz əməllərini ört-basdır etməyə çalışır”
Sözügedən məsələ ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev hazırda iki sahədə çox ciddi təzadların olduğunu diqqətə çatdırıb. Bildirib ki, bunlar reket jurnalistika və reket hüquq müdafiəçisi sahələridir. Onun fikrincə, bütün bu proseslərin mənbəyi Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmasına, müəyyən öhdəliklər götürməsinə, beynəlxalq konvensiyalara uyğun müqavilələrə qoşulmasına gedib çıxır. E.Musayev bildirib ki, beynəlxalq təşkilatların, beynəlxalq konvensiyaların açdığı imkanlardan bəzi jurnalist və hüquq müdafiəçiləri sui-istifadə edərək açıq-aşkar reketliklə məşğul olurlar: “Burada söhbət yalnız Emil Məmmədovdan getmir. Dünənə qədər sosial şəbəkələrdə hüquq müdafiəçisi Vidadi İsgəndərli barəsində də ajiotaj yaradılmasına çalışılırdı. Bunun ardından Emil Məmmədov məsələsi mətbuatda “şişirdildi”. Əslində hüquq müdafiəçisinin işi kiməsə hədə-qorxu gəlmək, kimisə şantaj etmək deyil. Hüquq müdafiəçisinin işi kimlərdənsə pul alıb onları “siyasi məhbus” elan etmək deyil. Leyla Yunus da, Vidadi İsgəndərli də, Emil Məmmədov da hüquq müdafiəçiləridir. Sadəcə, bunlar təyinatı olmayan hüquq müdafiəçilərdir. Əslində hüquq müdafiəçisi məhkəmə, istintaq proseslərində iştirak edən tərəflərin, yəni prokuror, müstəntiq, vəkil, hətta son qərar verən hakimin fəaliyyətinə mane olmadan, hadisəyə ədalət tərəfdarı olan müstəqil şəxs kimi öz fikirlərini bildirməlidir. Bu zaman hər hansı siyasi ton yaranmamalıdır. Bizim bəzi hüquq müdafiəçiləri isə bilinmir siyasətlə məşğul olurlar, yoxsa hüquqla. Bilinmir ki, bunlar Avropaya danos verirlər, yoxsa hansısa vətəndaşın hüquqlarını müdafiə edirlər. Azərbaycanda bir çox hüquq müdafiəçiləri var ki, onların ümumiyyətlə hüququn aliliyindən xəbərləri yoxdur. Çox kuryoz haldır ki, onlar arasında hətta hüquq təhsili olmayanlar da var. Bu təxminən 50 yaşlı adamın gənclər təşkilatına sədrlik etməsinə bənzəyir. Bunların qarşısını həm bütünlükdə vətəndaş cəmiyyəti, həm də hüquq-mühafizə orqanları almalıdır. Xüsusən də hüquq müdafiəçisi adı altında dələduzluqla məşğul olanlar ifşa olunmalıdır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər