AZE | RUS | ENG |

Humanizm, nəciblik və uğur mücəssəməsi - Fotolar

Humanizm, nəciblik və uğur mücəssəməsi - Fotolar
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Azərbaycanın daha da inkişafı naminə çalışmaqdadır

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. 
 
Azərbaycan qadınları müstəqillik mübarizələrinin də ön sıralarında olublar. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak ediblər. Müasir dövrdə də adı Vətənlə qoşa səsləşən Azərbaycan qadını – Azərbaycan anası ölkənin ictimai-siyasi, mədəni, humanitar sahələrində və ümumilikdə bütün sferalarda, o cümlədən Milli Məclisdə, nazirliklərdə, icra hakimiyyətlərində, bələdiyyələrdə, dövlət komitələrində, məhkəmələrdə fəaliyyət göstərir, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün böyük əmək sərf edir.
 
Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin Birinci-vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban xanımın bu sahədə çoxcəhətli və davamlı fəaliyyəti təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da geniş ictimai əks-səda doğurur.
 
 
 
Məlumat üçün qeyd edək ki, Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Mehriban Əliyeva 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
 
2005-ci ildə "Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Mehriban Əliyeva 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaradıb və 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs” jurnalını təsis edib.
 
Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun yüksək təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun "A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarların qəbul olunmasında həlledici rol oynayıb.
 
 
 
2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub. Mehriban xanımın fəaliyyəti nəticəsində 2015-ci ildə Azərbaycan belə bir mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi edib.
 
Birinci Avropa Oyunları Mehriban xanımın uğurla təşkil etdiyi yeganə irimiqyaslı tədbir deyil. O, 2017-ci il mayın 12-dən 22-dək Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin də sədri olub, bu tədbirin də uğurla keçirilməsində mühüm xidmətlər göstərib. Bundan başqa, "Eurovision 2012” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsində də birinci xanımın səylərini qeyd etmək lazımdır. Bu yarışma dünyada ən uzun televiziya şousu, Avropa qitəsində isə ən mühüm musiqi tədbiri hesab olunur. Bu yarışmanı izləmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycana üz tutmuş çoxsaylı qonaqlar gördükləri qonaqpərvərlikdən razılıqlarını ifadə edib və Azərbaycanın müxtəlif sahələrdə nail olduğu sürətli inkişafın şahidi olublar.
 
 
 
Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. Heydər Əliyev Fondunun fəaliyyəti, ölkənin müxtəlif inkişaf sahələrində, həmçinin idman, mədəniyyət, səhiyyə və təhsil sferalarında gördüyü işlər 2015-ci il iyunun 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilib, Fondun prezidenti Mehriban Əliyeva "Heydər Əliyev” ordeni ilə təltif edilib.
 
Mehriban Əliyevanın deputat və fondun rəhbəri kimi ölkə həyatının bütün sahələrində irəli sürdüyü uğurlu təşəbbüslər, həyata keçirdiyi proseslər cəmiyyətdə onun müsbət imicini formalaşdırıb, nəticə etibarilə İlham Əliyevin siyasi nüfuzunun daha da yüksəlməsinə əməli töhfə verib. Xalqın hakimiyyətə inamının möhkəmlənməsinə Prezidentdən sonra ən böyük xidməti də məhz Mehriban xanım göstərir.
 
Mehriban Əliyeva, həmçinin 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12 (23 106 səs), 94,49 (31 797 səs) və 96,7 faiz (38 029 səs) səs toplayaraq deputat seçilib. 
 
 
 
Mehriban Əliyeva üç çağırış Milli Məclisin deputatı kimi uğurlu millət vəkilliyi fəalliyyəti yürüdüb. Seçicilərinin 96,7 faizlik etimadını qazanan Mehriban xanım qadınların, gənclərin dövlət idarəçiliyində və xalqın təmsilçilik orqanlarında fəal iştirakının əsas təşəbbüskarıdır. Mehriban Əliyeva daim nümayiş etdirdiyi yüksək siyasi əxlaqla, vətən və millət maraqlarının daim öndə olma məramı ilə mükəmməl örnəyə çevrilib.

Ölkənin birinci xanımı ən böyük mərhəmət ünvanlarından biri kimi qəbul olunur. Onun humanizmi nəticəsində valideyn himayəsindən məhrum qalmış minlərlə körpə ən müasir binalarda, ən yüksək səviyyədə yaşamaq, təhsil almaq şansı qazanıb. Onlar gənclik həyatına qədəm qoyanda yenə də məhz Mehriban xanımın sayəsində evlə və işlə təmin olunurlar. 

Sağlamlıq imkanları məhdud minlərlə insanın həyata yenidən inteqrasiyası, on minlərlə məhbusun azadlığa qovuşması da Mehriban Əliyevanın təşəbbüslərinin real nəticələridir. Bir mühüm məqam da odur ki, ondan artıq xarici ölkədə təbii fəlakətə, həmçinin səfalətə, digər problemlərə məruz qalan insanlar üçün Mehriban xanımın xeyriyyəçiliyi ilə məktəb, xəstəxana, sosial infrastruktur layihələri həyata keçirilib.
 
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "Birinci xanım” statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq, cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmayıb, o bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edib. Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab etmək olar. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır.
 
 
 
Mehriban Əliyeva müsahibələrinin birində birinci xanım olmaq yükünün nə dərəcədə ağır olduğunu belə izah edib: "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür... Fikrimcə, vəziyyətindən və statusundan asılı olmayaraq bu və ya digər rolu oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağımı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm”.
 
Qətiyyətlə demək olar ki, Azərbaycanda formalaşmış birinci xanım institutu dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Mövcud reallıqlar Azərbaycanda birinci xanım faktorunun mahiyyətini bizlərə aydın göstərir. O, xalqına xidməti əsas meyar kimi birinci xanım qismində qəbul edib: "Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, öz ölkəm üçün nə edə bilərəm”.
 
Göstərdiyi səylərə görə Mehriban xanım Əliyeva bir çox ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən Fransanın "Şərəf Legionu Ordeni”, Pakistanın "Hilal-e Pakistan” ali ordeni, Serbiya və Macarıstanın dövlət mükafatları, Rusiya Beynəlxalq Xeyriyyə Təşkilatının "Yaqut xaç” mükafatı, Dünya Səhiyyə Təşkilatı mükafatı, Avropa Olimpiya Komitəsinin fərqlənmə ordeni, beynəlxalq "Qızıl ürək” fəxri nişanı, Polşanın ali fərqlənmə ordeni, UNESKO-nun "Qızıl Motsart” medalı, Kanadanın "Dünyanın qızılgülü” mükafatı, Küveytin fəxri diplomu, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru və digər yüksək orden və medallarla, fəxri adlarla təltif olunub.
 
Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Mehriban xanım ictimai düşüncədə "bir çox sosial problemləri yalnız dövlət həll etməlidir” kimi stereotipi dəyişdirməyə cəhd edib və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail olub.
 
 
 
Bütün bu çalışmalar, yeni axtarışlar bacarıqlı, işgüzar birinci xanımın vəzifə pillələrində yüksəlməsini zəruri etdi. Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Həmin gün Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edən Prezident İlham Əliyev onun ictimai-siyasi fəaliyyətindən bəhs edərkən bildirmişdir: "2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban Əliyevanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda on ildən artıqdır ki, Mehriban xanım Əliyeva UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə bir şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür”. Təqdimat mərasimində Prezidentin çıxışından gətirdiyimiz bu sitat Mehriban xanım Əliyevanın böyük ictimai əhəmiyyət kəsb edən fəaliyyətinin, həm də mənəvi keyfiyyətlərlə zəngin obrazının xalqımıza nə qədər doğma, əziz olduğunu bir daha bizə xatırladır.
 
Sonda bir daha vurğulamaq yerinə düşər ki, Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açıb. O, Azərbaycan siyasi tarixində ilk olan Birinci vitse-prezident vəzifəsində geniş fəaliyyət ortaya qoymaqda, Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Azərbaycanın daha da inkişafı naminə çalışmaqdadır. 
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9326
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1384
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7192
KWD 1 1 Küveyt dinarı 5.5886
TRY 1 1 Türkiyə lirəsi 0.3191