AZE | RUS | ENG |


Humanizm, mərhəmət və nəciblik mücəssəməsi - Fotolar

Humanizm, mərhəmət və nəciblik mücəssəməsi - Fotolar
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Azərbaycanın daha da inkişafı naminə çalışmaqdadır

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. 

Azərbaycan qadınları müstəqillik mübarizələrinin də ön sıralarında olublar. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak ediblər. Müasir dövrdə də adı Vətənlə qoşa səsləşən Azərbaycan qadını – Azərbaycan anası ölkənin ictimai-siyasi, mədəni, humanitar sahələrində və ümumilikdə bütün sferalarda, o cümlədən Milli Məclisdə, nazirliklərdə, icra hakimiyyətlərində, bələdiyyələrdə, dövlət komitələrində, məhkəmələrdə fəaliyyət göstərir, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün böyük əmək sərf edir.
 
 
 
Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında ictimai təsisat kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin Birinci-vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban xanımın bu sahədə çoxcəhətli və davamlı fəaliyyəti təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da geniş ictimai əks-səda doğurur.
 
 

Məlumat üçün qeyd edək ki, Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Mehriban Əliyeva 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
 
2005-ci ildə "Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Mehriban Əliyeva 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaradıb və 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs” jurnalını təsis edib.
 
Mehriban xanım müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirib: "Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam Aida İmanquliyeva şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq edibdir. Lakin məktəbi bitirdikdən sonra o, sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olubdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdiribdir. İxtisas seçimimə isə İlham Əliyevin anası - həkim-oftalmoloq Zərifə xanım Əliyeva təsir göstəribdir”.
 
 

Mehriban xanımın ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan Azərbaycan ziyalılarının əhatəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına, ailə dəyərlərinə sadiq olmasına mühüm təsir göstərib. 1983-cü ildə onun milli ənənələrə bağlı olan digər bir ziyalı Azərbaycanlı ailəsinə gəlin köçməsi, ümummilli lider Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini, Prezident İlham Əliyevin həyat yoldaşı olması bu keyfiyyətlərin daha da dərin kök atmasına təsir edib.
 
 
 
Mehriban xanım ailə həyatı barədə bunları söyləyib: "Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur”.
 
 

Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib: "Hər bir qadın üçün onun ailəsi, uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”.
 
 

Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edib: "Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.
 
 

Nəvələrinin dünyaya gəlməsini son illər ərzində həyatının ən yaddaqalan hadisələri hesab edən Mehriban xanım onların doğulmasını həyatı dəyişən və həyata tamamilə fərqli baxmağa vadar edən möcüzə olduğunu bildirib. Daşıdığı ictimai yükün ağırlığına, gərgin iş qrafikinə, çoxşaxəli fəaliyyətinə baxmayaraq, o, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir.
 
 

Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun yüksək təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun "A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.
 
 
 
2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub. Mehriban xanımın fəaliyyəti nəticəsində 2015-ci ildə Azərbaycan belə bir mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi edib.
 
 
 
Amma Birinci Avropa Oyunları Mehriban xanımın uğurla təşkil etdiyi yeganə irimiqyaslı tədbir deyil. O, 2017-ci il mayın 12-dən 22-dək Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin də sədri olub, bu tədbirin də uğurla keçirilməsində mühüm xidmətlər göstərib. Bundan başqa, "Eurovision 2012” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsində də birinci xanımın səylərini qeyd etmək lazımdır. Bu yarışma dünyada ən uzun televiziya şousu, Avropa qitəsində isə ən mühüm musiqi tədbiri hesab olunur. Bu yarışmanı izləmək üçün dünyanın müxtəlif ölkələrindən Azərbaycana üz tutmuş çoxsaylı qonaqlar gördükləri qonaqpərvərlikdən razılıqlarını ifadə edib və Azərbaycanın müxtəlif sahələrdə nail olduğu sürətli inkişafın şahidi olublar.
 
 

Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin müxtəlif inkişaf sahələrində, həmçinin idman, mədəniyyət, səhiyyə və təhsil sferalarında gördüyü işlər 2015-ci il iyunun 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilib, Fondun prezidenti Mehriban Əliyeva "Heydər Əliyev” ordeni ilə təltif edilib.
 
 
 
Mehriban Əliyeva 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12 (23 106 səs), 94,49 (31 797 səs) və 96,7 faiz (38 029 səs) səs toplayaraq deputat seçilib. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. 
 
 

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "Birinci xanım” statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq, cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmayıb, o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edib. Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab etmək olar. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır.
 
 
 
Mehriban Əliyeva müsahibələrinin birində birinci xanım olmaq yükünün nə dərəcədə ağır olduğunu belə izah edib: "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür... Fikrimcə, vəziyyətindən və statusundan asılı olmayaraq bu və ya digər rolu oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağımı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm”.
 
 

Qətiyyətlə demək olar ki, Azərbaycanda formalaşmış birinci xanım institutu dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Mövcud reallıqlar Azərbaycanda birinci xanım faktorunun mahiyyətini bizlərə aydın göstərir. O, xalqına xidməti əsas meyar kimi birinci xanım qismində qəbul edib: "Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm”.
 
 

Göstərdiyi səylərə görə Mehriban xanım Əliyeva bir çox ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən Fransanın "Şərəf Legionu Ordeni”, Pakistanın "Hilal-e Pakistan” ali ordeni, Serbiya və Macarıstanın dövlət mükafatları, Rusiya Beynəlxalq Xeyriyyə Təşkilatının "Yaqut xaç” mükafatı, Dünya Səhiyyə Təşkilatı mükafatı, Avropa Olimpiya Komitəsinin fərqlənmə ordeni, beynəlxalq "Qızıl ürək” fəxri nişanı, Polşanın ali fərqlənmə ordeni, UNESCO-nun "Qızıl Motsart” medalı, Kanadanın "Dünyanın qızılgülü” mükafatı, Küveytin fəxri diplomu ilə və digər yüksək orden və medallarla təltif olunub.
 
 

Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Mehriban Əliyeva ictimai düşüncədə "bir çox sosial problemləri yalnız dövlət həll etməlidir” kimi stereotipi dəyişdirməyə cəhd edib və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail olub.
 
 
 
Sonda bir daha vurğulamaq yerinə düşər ki, Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açıb. Mehriban Əliyeva Birinci xanım olmaqla bərabər, Azərbaycanın Birinci vitse-prezidenti kimi də geniş fəaliyyət ortaya qoymaqda, Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Azərbaycanın daha da inkişafı naminə çalışmaqdadır.
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2659
TRY 1 Türk lirəsi 0.4329
KWD 1 Küveyt dinarı 5.6292
SEK 1 İsveç kronu 0.2043
EUR 1 Avro 2.0123
CHF 1 İsveçrə frankı 1.7323
USD 1 ABŞ dolları 1.7002