Humanitar razılaşmalar görüşü
Dağlıq Qarabağ münaqişəsi ilə Vyana danışıqlarında münaqişə tərəfləri
danışıqların davam etdirilməsi üçün növbəti görüşlərin keçirilməsini razılaşdırmışdılar.
Bu razılaşmaya əsasən, aprelin 15-də Rusiyanın təşəbbüsü və ATƏT-in Minsk qrupu
həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri
növbəti dəfə bir araya gəliblər. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov
görüşlə bağlı bildirib ki, Moskvada indiyə qədə danışıqlarda irəliləyişə imkan
verməyən məsələlər konkret şəkildə müzakirə olunub: "Tam şəkildə irəliləyişin
olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan
məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi
statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal
altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması
məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr aparıldı”.
BƏXTİYAR
O cümlədən görüş zamanı nazirlər münaqişə zonasında, xüsusilə kənd
təsərrüfatı fəaliyyəti zamanı sərhəddə vəziyyətin gələcəkdə stabilləşməsində
maraqlı olduqlarını ifadə ediblər. Tərəflər həmçinin hər iki ölkədə saxlanılan
girovlarla yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa
gəlib. Nazirlər insanlar arasında əlaqələrin yaranması, o cümlədən media
təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə
də hazır olduqlarını bildiriblər.
Mövzu ilə "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Moskva
görüşü Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə keçirilib: "Lavrov
əvvəlcə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdü və daha
sonra Minsk qrupu həmsədrləri də görüşə qatıldılar. Onu qeyd edim ki, görüşün
nəticələri ilə bağlı bəyanat da yayılıb. Artıq bu görüşlə bağlı ilkin
nəticələrə gəlmək mümkündür. Əvvəla, bu görüşdə humanitar xarakterli bir sıra
razılaşmalar əldə edilib. Bunlardan biri, hər iki ölkənin jurnalistlərinin
qarşılıqlı səfərləri ilə bağlıdır. Hesab edirəm ki, bu, xalq diplomatiyasının
mühüm elementlərindəndir. Xarici işlər nazirlərinin Paris görüşündə belə bir
razılaşma əldə edilmişdi ki, xalqları sülhə hazırlamaq lazımdır. Düşünürəm ki,
hər iki dövləti təmsil edən jurnalistlərin qarşılıqlı səfərləri, onların
hazırladıqları reportajlar, məqalələr nəticə etibarı ilə bu məqsədə xidmət
göstərə bilər. Digər bir razılaşma hər iki ölkədən olan əsir və girovların ailə
üzvləri ilə görüşünün təşkil edilməsi ilə bağlıdır. Bu da məhz Moskva görüşünün
nəticələri kimi qiymətləndirilir. Eyni zamanda cəbhə bölgəsində əhalinin kənd
təsərrüfatı ilə məşğul olduğu müddətdə hər iki tərəfin atəşkəsə daha ciddi əməl
etməsi məsələsi də razılaşmalar sırasındadır”.
E.Nəsirov qeyd etdi ki, bütövlükdə bu danışıqlarda 4 məsələnin
müzakirə edildiyi faktı da bəlli oldu: "Bunu da Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov dilə gətirib. Görüşdə Azərbaycan tərəfdən iki məsələ -
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılması və məcburi köçkünlərin öz yurd-yuvalarına geri dönməsi gündəmə
gətirilib. Ermənistan tərəfi isə status və təhlükəsizlik məsələsini önə çəkib. Rəsmi
İrəvan çalışır ki, Qarabağın statusunu elə danışıqlarda həll etsin. Eyni
zamanda, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılacağı təqdirdə
təhlükəsizlik məsələləri öz həllini tapsın. Azərbaycan tərəfi isə məhz
yenilənmiş Madrid prinsiplərindən çıxış edərək ilk növbədə işğalçı qüvvələrin
çıxarılması və məcburi köçkünlərin qaytarılması məsələsini gündəmə gətirir. Bu
məsələlərlə bağlı hələ ki razılaşma yoxdur. Bütövlükdə isə bu görüşə humanitar
xarakterli məsələlər ətrafında müəyyən razılaşmalar əldə edilməsi kimi qiymət
vermək mümkündür”.
Politoloq Elşad
Mirbəşiroğlu bildirdi ki, münaqişə tərəflərinin görüşlərinin intensiv xarakter
alması müsbət haldır: "Bir müddət əvvəl Vyanada Azərbaycan prezidenti ilə
Ermənistan baş naziri arasında görüş oldu. Bu görüş zamanı da gəlinən ortaq
nəticə ondan ibarət oldu ki, münaqişənin dinc vasitələrlə tənzimlənməsi
istiqamətində dialoq davam etdirilsin. Moskva görüşünü də xarakterizə edən əsas
cəhətlərdən biri ondan ibarət oldu ki, Rusiyanın xarici işlər nazirinin
təşəbbüsü ilə Azərbaycan və Ermənistanın
xarici işlər nazirlərinin görüş keçirildi. Nəzərə almaq lazımdır ki, Rusiyanın
regionda kifayət qədər təsir imkanları mövcuddur. Bildiyimiz ki, münaqişənin
tənzimlənməsi istiqamətində nəticənin əldə olunmamasının səbəbkarı
Ermənistandır. Rusiyanın təşəbbüsünün güclənməsi hesab edirəm ki, Ermənistana
təsir rıçaqlarını işə salmaq imkanları yarada bilər. Bu görüşün konkret
nəticələrinə gəlincə, Azərbaycan xarici işlər nazirinin qeyd etdiyi kimi
tərəflərin istəkləri ilə əsasən dörd məsələ müzakirə edilib. Ermənistan
tərəfindən status və təhlükəsizlik, Azərbaycan tərəfindən isə işğal olunmuş
ərazilərin azad olunması və məcburi köçkünlərin öz yerlərinə qayıtması. Nəzərə
almaq lazımdır ki, bunlar Madrid
prinsiplərində yer alan məsələlərdir. Sadəcə olaraq, bu məsələlərin daha prinsipial
şəkildə müzakirə olunması düşünməyə əsas verir”.
E.Mirbəşiroğlu vurğuladı ki, Moskva görüşündə əsir və girov götürülmüş
şəxslərlə yaxınları arasında görüşün keçirilməsi məsələsi də müzakirə edilib:
"Hesab edirəm ki, bu, konstruktiv dialoq üçün müəyyən əsas yaradan məqamdır və
müsbət qiymətləndirilməlidir. Onu da qeyd edim ki, bir müddət əvvəl ictimai
diplomatiyanın işə salınması istiqamətində addımlar atılmışdı. Yəni, Qarabağın
azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsi var
idi. Buna əlavə olaraq, Azərbaycan və Ermənistan jurnalistlərinin hər iki
ölkəyə, o cümlədən Qarabağa səfərinin təşkil olunması tərəflərinin mövqelərinin
daha aydınlaşması və konstruktiv dialoq üçün əsas yaranması baxımından müsbət
nəticələr verə bilər. Bildiyimiz kimi, dövlətlərarası münaqişələrin
tənzimlənməsində kütləvi informasiya vasitələrinin kifayət qədər təsirli rolu
olub. Yəni, bununla bağlı dünya təcrübəsində kifayət qədər nümunələr mövcuddur.
Buna Karib böhranını misal göstərmək olar və o zaman elm adamlarının, həm də
jurnalistlərin yaxından iştirakı, təmasları münaqişənin tənzimlənməsi
istiqamətində təkanverici oldu. Bu baxımdan düşünürəm ki, media
nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil olunması tərəflər arasında
dialoqu daha da inkişaf etdirə bilər”.
BƏXTİYAR