Humanitar əməkdaşlıq

Humanitar əməkdaşlıq

Siyasət
05 Noyabr 2013, 08:47 991
Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qalibləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Bakı Beynəlxalq Humanitar Forumunda bir araya toplanırlar. O cümlədən, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri, transmilli korporasiyaların təsisçiləri də mötəbər tədbirə qatılırlar. 2010-cu ildən start götürən və artıq ənənəyə çevrilən Forumda insan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli tapılır. Forumun qloballaşma dövründə humanitar problemlərə aid olan və bəşəriyyətin ürək ağrısını özündə əks etdirən mövqeləri Bakı Bəyannaməsində işıqlandırılır.
Qeyd edək ki, Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunan Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilib. O vaxtdan Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkana çevrilib. Forumun məqsədi dəyirmi masalar vasitəsilə dialoqun qurulması, vəzifəsi isə – ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasıdır.
Aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi Bakı Beynəlxalq Humanitar Forumu bir daha ölkəmizdə humanitar əməkdaşlığa böyük diqqət göstərildiyini sübut etdi. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı nüfuzlu nümayəndələr qatılıb. Belə ki, yetmiş ölkədən 800-ə yaxın qonağın iştirak etdiyi tədbirdə nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər iki gün ərzində Forumda təşkil edilən səkkiz sahə üzrə “dəyirmi masa”larda qızğın müzakirələr aparıb, təkliflər irəli sürüblər.

Belə ki, Humanitar Forumda “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövründə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzularında “dəyirmi masa”lar keçirilib.

Multkulturalizm – həyat tərzi

Forumun açılışında çıxış edən prezident İlham Əliyev humanitar məsələlərin və əməkdaşlığın xalqları və ölkələri birləşdirən amil olduğunu qeyd edib: “Belə tədbirlərin Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Çünki bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur”. Dövlət başçısı bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin mövcud olduğunu bildirib.

Forumun geniş gündəliyində, müzakirə edilən məsələlər sırasında həmişəki kimi ən çox maraq doğuran bölmə multikulturalizmlə bağlı olan məsələlər olub. Hazırda dünyada mövzu ətrafında müsbət və mənfi təcrübə formalaşıb. Dövlət başçısı da çıxışında multkulturalizm ətrafında ayrı-seçkiliyi aradan götürməyə çağırıb: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir”.

Bu fikirləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun açılışı zamanı prezident İlham Əliyev səsləndirib. Multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliğinin hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmasını tövsiyə edən dövlət başçısı XXI əsrdə multikulturalizmə alternativ olmadığını qeyd edib. “Bəzi ölkələrdə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Hesab edirəm ki, biz dünyada müsbət təcrübə üzərində öz təhlilimizi aparmalıyıq və müsbət təcrübəni təbliğ etməliyik:“Əlbəttə ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik”.

Dünyada multikulturalizmin bir çox ünvanlarının olduğunu diqqətə çatdıran ölkə başçısı qeyd edib ki, dünyanın əksər ölkələrində müxtəlif dinlərin və xalqların birgə yaşaması zəmanənin tələbidir. Belə ki, bu gün ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə əsas təşkil edir: “Belə olan halda multikulturalizmlə bağlı problemlər əlbəttə ki, açıq şəkildə müzakirə edilməlidir. Biz bu problemləri gizlətməməliyik. Onlar açıq şəkildə müzakirə edilməli, müsbət, mənfi təcrübələr təhlil olunmalıdır. Bir daha demək istəyirəm, bizim əsas amalımız ondan ibarət olmalıdır ki, multimədəniyyətli cəmiyyətlərin inkişafı üçün öz töhfəmizi verək”.

Dövlət başçısı Azərbaycanın humanitar fəlakətlə üzləşməsini də təəssüflə qeyd edib: “Uzun illərdir ki, bizim beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız işğal altındadır. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi bölgə erməni işğalçı qüvvələrinin işğalı altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə salınmışdır. Torpaqlarımızın 20 faizi işğal altındadır. İşğal edilmiş ərazilərdə bütün mədəni sərvətimiz, tarixi, dini abidələrimiz dağıdılıbdır. Beynəlxalq təşkilatlar, xüsusilə ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiyalar göndərmişdir və onların məruzələrində açıq-aydın göstərilir ki, hər şey dağıdılıbdır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz prinsipial mövqeyini sənədlərdə əks etdirmişlər. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasını tələb edir”. Prezident təəssüflə bildirib ki, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etməsinə baxmayaraq, hələ də icra edilməyib. “Onların qəbul etdiyi qərarlar kağızda qalır, icra edilmir. Əlbəttə, bu, dözülməz bir faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr saatlar içərisində icra edilir. Bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır”.

Prezident Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsinin beynəlxalq humanitar əməkdaşlığa öz töhfəsini verəcəyinə əminliyini bildirib: “Humanitar məsələlərin müzakirəsi, humanitar əməkdaşlıq müsbət istiqamətdə atılan addımdır. Mən hesab edirəm ki, humanitar əməkdaşlığın hər bir aspekti dünya gündəliyinin mərkəzində olmalıdır. Çünki bir daha demək istəyirəm ki, bir çox hallarda siyasi və iqtisadi məsələlər təbii ki, ön plana çıxarkən bu məsələlər bir az diqqətdən kənarda qalır. Buna imkan vermək olmaz”.

Forum çərçivəsində keçirilən dəyirmi masalarda elmi innovasiyalar, təhsil məsələləri, iqtisadi inkişafın humanitar aspektləri və s. ətrafında maraqlı müzakirələr baş tutub. “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda keçirilən “dəyirmi masa” da “Yeni texnologiyalar və müasir media”, “KİV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru”, “Ənənəvi jurnalistika və sosial şəbəkələr” hər biri ayrıca paneldə müzakirə olunub. Medianın tamamilə yeni növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiqi, habelə müasir KİV-lər qarşısında çağırışların nəzərdən keçirilməsi maraqla qarşılanıb. Müasir medianın yeni texnologiyaların tətbiq edilməsi üçün əlverişli zəmin olması məsələləri qabardılıb.

Ksenofobiya, irqçilik və dözümsüzlüyə qarşı

III Bakı Beynəlxalq Humanitar Forumunun yekun Bəyannaməsində forumda iştirak edən dünyanın müxtəlif ölkələrinin nümayəndələri dövlətlərarası və regional əməkdaşlığın bütün səviyyələrində həmrəyliyinin zəruriliyini qeyd ediblər. Nümayəndələr inkişaf proseslərinin davamlığının təmin edilməsi naminə elmi, humanitar, mədəni inteqrasiyanın aktuallığını nəzərə alaraq, idarəçilik və istehsal texnologiyalarının konvergensiyası ilə bağlı müasir çağırış və təhlükələrin qlobal xarakter aldığı və cəmiyyətin inkişafında yeni dominantların aşkarlanması baxımından dünya birliyinin xüsusi diqqətini tələb etdiyini təsdiqləyiblər.

Bəyannamədə multikulturalizm sahəsində bir çox ölkələrin, o cümlədən Azərbaycanın uğurları etiraf edilir. Sənədin əhəmiyyətliliyi həmçinin müxtəlif ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına yönəldilən dövlət siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin öyrənilməsinin zəruriliyi ilə bağlıdır. Forumun iştirakçıları ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısının alınması və eyni zamanda tolerantlıq mədəniyyətinin formalaşdırılması məqsədilə multikulturalizm problemlərinin KİV-də işıqlandırmasının vacibliyini xüsusi qeyd ediblər.

Sənəddə mədəniyyətlərarası dialoqun gerçəkləşdirilməsi və tolerantlıq mühitinin formalaşdırılması məqsədilə beynəlxalq strukturlar və müxtəlif humanitar təşkilatlar mütəmadi olaraq forum, konfrans, diskussiya və dəyirmi masalar keçirməyə çağırılır. Forumun gündəliyi, aparılan müzakirələr, səslənən təkliflər və qəbul edilən birgə qərarlar gələcəkdə dünyada beynəlxalq humanitar əməkdaşlığın daha da inkişaf edəcəyini deməyə əsas verir.

Təranə Məhərrəmova