• cümə, 29 Mart, 18:43
  • Baku Bakı 14°C

“Human Rights Watch” da «demokratiya» xorunda

01.10.14 10:34 1086
“Human Rights Watch” da «demokratiya» xorunda
Son dövrlər bir sıra beynəlxalq insan haqları təşkilatlarının ölkəmizə qarşı sifarişli kampaniyaya start verdikləri ortadadır. Bu səfər «demokratiya» xoruna “Human Rights Watch” təşkilatı qoşulub. Təşkilat növbəti dəfə hesabat yayaraq Azərbaycanda insan haqları, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qərəzli mövqeyini ortaya qoyub.
Əslində təşkilatın hesabatında təəccüblü bir şey yoxdur. Çünki hər dəfə bu təşkilat tutuquşu kimi eyni ifadələri, sözləri təkrar etməklə məşğuldur. Sanki təşkilat Azərbaycanda baş verənləri, aparılan islahatları, vətəndaş cəmiyyətinin inkişafını, dövlətin bu sahəyə dəstəyini görmür, sadəcə olaraq illər öncə hazırladığı hesabatı, tarixini dəyişməklə yenidən yayır. Bu isə beynəlxalq təşkilat üçün bağışlanmaz haldır. Çünki bu səviyyədə bir təşkilat istənilən ölkə barəsində hesabat yayarkən orada baş verən prosesləri bir deyil, bir neçə mənbədən aldığı informasiyalar əsasında obyektiv təhlil etməli və son nəticəyə gəlməlidir. Lakin göründüyü kimi, “Human Rights Watch” təşkilatı xüsusilə son dövrlər Azərbaycanda dövlətin vətəndaş cəmiyyəti, QHT sektoru ilə bağlı atdığı addımları düzgün dərk etmir və yaxud da bilərəkdən ölkəyə qarşı qərəzli kampaniya aparır. Əgər belə olmasaydı, təşkilat Azərbaycan dövlətinin QHT qanunvericiliyi sahəsində apardığı son islahatların hansı zərurətdən doğduğunu, bu sahədə qayda-qanun yaradılması, korrupsiya hallarının aradan qaldırılması, şəffaf hesabatlılığın təmin edilməsi və s. kimi mütərəqqi mahiyyət daşıyan addımları anlayışla qarşılayardı. Görünür, milli dövlətlərin bu sahədə həyata keçirdiyi hüquqi tənzimləmələr bir sıra beynəlxalq QHT kimi “Human Rights Watch” təşkilatının da maraqlarına cavab vermir. Çünki məlum olduğu kimi, hazırda aparılan islahatlara etiraz edən yerli QHT-lər məhz “Human Rights Watch” təşkilatı kimi qurumlarla sıx əməkdaşlıq edir və bəzi hallarda onların yerlərdəki «5-ci kolon»unu təşkil edirlər. “Human Rights Watch” təşkilatı kimi təşkilatların isə hansı beynəlxalq dairələrə bağlı olduğunu nəzərə alsaq, ölkəmizə qarşı aparılan kampaniyanın zəncirvairi bir proses olduğunu asanlıqla anlamaq olar.
Beləliklə də ölkədə QHT sektoru ilə bağlı aparılan hüquqi islahatlar bəzi beynəlxalq şəbəkələrin «5-ci kolon» vasitəsilə ölkədəki «sərbəst» fəaliyyətlərinin məhdudlaşdırılmasına səbəb olub. Bunun da nəticəsidir ki, həmin beynəlxalq qüvvələr bir-birinin ardınca nəzarətlərində olan transmilli QHT-lər vasitəsilə ölkəmizə təzyiqlərə start veriblər.
Bu gün «5-ci kolon»u təşkil edən bir sıra QHT təmsilçilərinin həbsinə göstərilən təpki Azərbaycan cəmiyyətində haqlı suallar doğurur. Məlum olduğu kimi, həmin «hüquq müdafiə»çilərinin bədnam «xalq diplomatiyası» adlı ölkəmizin milli təhlükəsizliyinə zidd layihənin fəal iştirakçıları olmaqla, eyni zamanda erməni xüsusi xidmət orqanları ilə də əməkdaşlıq etmələri üzə çıxıb. Məhz bu əməllərinə görə istintaqa cəlb edilmiş və lakin hələ barələrində məhkəmə prosesi keçirilməmiş şəxslərlə bağlı ölkəyə təzyiq göstərilməsi Azərbaycan cəmiyyətini narahat edir. Çünki eyni hal Qərb ölkələrinin hər hansı birində baş verərkən bu, ölkənin daxili işi hesab edilir. Məsələn, ABŞ Dövlət Departamentinin nümayəndəsi avqustun əvvəllərində Missuri ştatının Ferqyuson şəhərində vətəndaşların haqlı etirazlarına sərt şəkildə müdaxiləni, fövqəladə vəziyyətin elan olunmasını, silahdan istifadə, insan ölümləri, media və vətəndaş cəmiyyəti fəallarının hüquqlarının kobud şəkildə məhdudlaşdırılması hallarını ABŞ-ın daxili işi kimi xarakterizə etmişdi. Həmçinin ayrı-ayrı ekspertlər də hökumətin həyata keçirdiyi sərt tədbirləri ictimai sabitliyi, cəmiyyətin təhlükəsizliyini təmin etməsi kimi qələmə vermişdilər. Bundan başqa, bir müddət öncə Nyu-Yorkda BMT-nin mənzil-qərargahı qarşısında humanitar xarakterli dinc aksiyanın qəddarcasına dağıdılması da ictimai təhlükəsizliklə əlaqələndirilmişdi.
Bu məzmunda faktlar çoxdur. ABŞ və Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması, informasiya resurslarının izlənməsi, bloqqerlərin həbsi və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Əgər bütün bu halları nəzərə almaqla dünyanın ən inkişaf etmiş ölkələrində belə demokratiyadan əsər-əlamət olmadığı iddia edilə bilər. Məhz Azərbaycanı tənqid edən məlum dairələrin bu faktları ümumiləşdirərək həmin ölkələrdə demokratiyanın durumuna münasibət bildirməmələri təəssüf doğurur. Deməli, demokratiya, insan haqları anlayışlarına ikili yanaşma bir daha özünü göstərir. Xüsusilə bu ikili standartlar Qərbin bəzi dairələrinin ölkəmizə münasibətində özünü açıq şəkildə büruzə verir.
Ölkə rəsmilərinin verdiyi açıqlamalarda da son dövrlər antiAzərbaycan kampaniyasına start verildiyi və bütün bunların təzyiq xarakteri daşıdığı vurğulanmaqdadır. Azərbaycan Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı yaydığı son hesabata aşağıdakı kimi münasibət bildirib: «Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa Parlamentindəki nümayəndələri tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı ifadə etdiyi fikir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən illik hesabat toplantısında səsləndirilən mülahizələr, habelə “Human Rights Watch”, “Freedom House” və digər bu kimi xarici təşkilatların iddiaları obyektiv deyil və dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir.
Həmin dairələrin nəzərinə çatdırmaq istərdik ki, hər bir hakimiyyətin, o cümlədən Azərbaycan iqtidarının qarşısında duran başlıca vəzifə xalqın milli maraqlarını, cəmiyyətin davamlı inkişafını və təhlükəsizliyini, ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin etməkdən ibarətdir. Azərbaycan müstəqil ölkədir, öz daxili və xarici siyasətini xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirir və heç bir halda tutduğu yoldan geri çəkilmək və kimlərinsə istəyinə uyğun hərəkət etmək niyyətində deyil”.
Göründüyü kimi, antiAzərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı kampaniyası günü-gündən genişlənir. Həmin qüvvələr bütün imkanlarını səfərbər edir, müxtəlif beynəlxalq strukturları bu işə cəlb edirlər. Xüsusilə də ölkəmizin öz milli təhlükəsizliyini, suverenliyini möhkəmləndirmək istiqamətində atdığı addımlar fonunda bu kampaniya daha da şiddətlənməkdədir.
Əslində Azərbaycanın siyasi, iqtisadi, hərbi uğurlarını nümayiş etdirdiyi son dövrlərdə belə təzyiqlərin olması gözlənilən idi. Çünki Azərbaycanın bu cür qüdrətlənməsi, dünyanın və xüsusilə Avropanın enerji təhlükəsizliyində mühüm faktora çevrilməsi antiAzərbaycan şəbəkəsini narahat etməyə bilməzdi. Məhz həmin şəbəkənin fəaliyyətinin nəticəsidir ki, müxtəlif tribunalardan ölkəmizə qarşı təzyiq xarakterli hədyanlar dilə gətirilir.
Lakin görünən odur ki, Azərbaycan bu cür təxribatlara qarşı hazırlıqlıdır və öz haqlı yolundan dönmək niyyətində deyil. Həmçinin yerli ekspertlər Qərb ölkələrinin daxili ictimai-siyasi həyatına, demokratiya və insan haqlarının durumuna dair müxtəlif mötəbər mənbələrə istinadən kifayət qədər fakt və əks arqumentlərə sahibdirlər ki, yeri gəldikcə onlardan istifadə etməklə qərbli «demokratiya» carçılarına tutarlı cavablar verilməkdədir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər