• cümə axşamı, 25 aprel, 20:46
  • Baku Bakı 21°C

«Human Rights Watch» Azərbaycanla dost olmayan siyasi qurumların mövqeyini əks etdirir

05.09.13 10:10 1528
«Human Rights Watch» Azərbaycanla dost olmayan siyasi qurumların mövqeyini əks etdirir
Əliməmməd Nuriyev: «Onlar bir fakt göstərsinlər ki, kimsə hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edib və məhkəmə o işə baxmaqdan imtina edib»
“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatının verdiyi qərəzli, həqiqəti əks etdirməyən hesabata qarşı ölkəmizdə etiraz edənlərin sayı durmadan artır. Qeyd edək ki, 100 səhifədən ibarət həmin hesabat “Azərbaycanda vintlərin bərkidilməsi dövrü: vətəndaş cəmiyyəti və müxaliflərə qarşı hücumlar” adı ilə, həmçinin imzasız şəkildə təqdim olunub. Bu hesabatla bağlı suallarımızı cavablandıran növbəti qonağımız “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevdir.
- Əliməmməd bəy, “Human Rights Watch” təşkilatının yaydığı bəyanata münasibətiniz necədir?
- Həqiqətən də, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının pozulması halları var. Məsələn, bizim bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. İllərdir ki, onların hüquqları pozulur. Bu neqativliyin Azərbaycan hökuməti tərəfindən deyil, bədnam qonşularımızın torpaqlarımızı işğal etməsi səbəbilə baş verdiyi hamıya məlumdur. Köçkün həyatı yaşamağa məcbur olan həmvətənlərimiz yaşamaq, mülkiyyət və digər hüquqlarından məhrum olublar. Onların ən zəruri hüquqlarını həyata keçirməkdə problemlər var. Təəssüf ki, Ermənistanın Azərbaycana yaratdığı bu problemlərlə bağlı hesabatda bir kəlmə belə qeyd olunmayıb. Onlar özlərini obyektiv hesabat yayan hesab edirlərsə, bizim qaçqınların hüquqlarından da yazardılar və bu məsələni lazımınca qiymətləndirərdilər. Amma biz bunun tam əksinin şahidi olduq. Hesabatın struktur və məzmununa baxdıqda orada konkret şəxslərin adını görürük. Hesabatda azadlıqdan məhrum edilmiş, istintaq altında olan şəxslər barəsində yazılıb. Həmin şəxslər müxalif siyasi qüvvələrin qeyd etdiyi insanlardır. Ölkəmizdə məhkəmənin qərarı olmadan heç kim həbs olunmur. Hesabatda həbs olunmaqla bağlı hansısa fikir söyləmək olardı. Amma həbsxanada məhbuslara təzyiq göstərilib-göstərilmədiyini dəqiqləşdirmədən, aydınlaşdırılmadan hesabata salmaq olmaz. Bu məsələləri yazmazdan əvvəl gərək həbsxanalara gedib o adamların şəxsən özləri ilə görüşərdilər. Həbs olunan adamlarla bağlı ətraflı məlumat əldə etmədən, bu istiqamətdə fəaliyyət göstərən QHT-lərlə əlaqə saxlamadan həmin şəxslərin probleminin olduğunu söyləmək yanlış addımdır. Əslində, həbsxanalarda digər məhkumlarla müqayisədə onların dediyi azadlıqdan məhrum olunmuş şəxslər üçün daha yaxşı imkanlar var. Bu baxımdan, onların hər hansı hüquq və azadlıqlarının pozulmasından söhbət gedə bilməz. Onlar bir fakt göstərsinlər ki, həmin şəxslər hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət ediblər və məhkəmə o işə baxmaqdan imtina edib. Heç vaxt belə hal baş vermədiyindən onların əlində tutarlı fakt yoxdur. Ona görə də hesabatda bu cür fakt qeyd etməyiblər. Hüquq və azadlıqlarının pozulmasını iddia edənlər bunu mötəbər faktlarla sübut etməli idilər. Düşünürəm ki, hesabatı hazırlayanlar Azərbaycan Respublikası prezidenti tərəfindən əfv fərmanının imzalanması və digər müsbət addımlar haqqında da qeydlər aparmalı idilər. Həmçinin, həmin hesabata diqqət yetirəndə gördüm ki, bir nəfər belə olsa, rəsmi şəxslərlə danışmayıblar, heç bir müstəqil QHT ilə görüş keçirməyiblər. Hesabatda yalnız müxalifətə yaxın QHT-lərin dedikləri əksini tapıb. Təəssüf ki, beynəlxalq insan hüquqları təşkilatı təkcə müxalifətin yaratdığı QHT-lərə və onların hesabatlarına istinad edib.
- Həmçinin, həmin hesabatın imzasız getməsi diqqətdən yayınmır. Sizcə, onları bu cür qərəzli, qeyri-obyektiv olmağa vadar edən nədir?
- Burada şəxsi münasibət yanaşması var. Hesabatda Azərbaycanla dost münasibətində olmayan siyasi qurumların mövqeyi görünür. Bu hesabatda müxalifətin mövqeyi açıq-aydın görünür. Burada düşündüyünüzdən də çox siyasi məqamlar, çalarlar var. Siyasi çalarların arxasında isə böyük iqtisadi maraqlar durur. Siyasi prosesdən çox uzaq olan insanlar var ki, nə vaxtsa, onların hüquq və azadlıqlarının pozulması halları baş verib. Əgər hesabat obyektiv olsaydı, bu kimi məsələlər də orada əksini tapardı. Bu barədə də heç bir məlumat verilməyib. Bir daha görsənir ki, onlar məlum dairədən qaynaqlanıblar, müxalif-siyasi qüvvələrin çıxışlarına istinad ediblər. Təbii ki, müxalifətin fərqli yanaşmaları olmalıdır. Lakin burada obyektivliyi saxlamaq yaxşı olardı. Hesabatda obyektiv və müstəqil fikir yürüdənlərin heç olmazsa, birinin dediklərini qeyd etməli idilər. Bu zaman həmin təşkilat qərəzli olmadığını isbat etmiş olardı. Hesabatın hansı qaynaqlara istinad etdiyinə nəzər saldıqda hamısının dövlətə qarşı çıxan təşkilatlar, qurumlar olduğu diqqəti çəkir. Bu cür hesabatlarda bir balans gözlənilməli, hər tərəfin mövqeyi qeyd olunmalıdır. Düşünürəm ki, bu təşkilatın idarə olunmasında bizə dost olmayan ölkələrin nümayəndələrinin iştirakı bu qərəzə daha da təkan verir. Bildiyiniz kimi, erməni soyadlı biri həmin təşkilatın rəhbərliyində yer alır. Ümumiyyətlə, bu hesabat ciddi mənbələrə söykənməyib. Düzdür, ölkəmizdə məmur özbaşınalığı olub, bunu heç kim dana bilməz. Lakin bunun qarşısının alınması istiqamətində tədbirlər görülməkdə davam edir.
- Bəziləri belə hesab edir ki, bu hesabatın yayılmasını seçkiöncəsi hakimiyyətə təzyiq kimi qiymətləndirmək olar.
- Azərbaycanda hər zaman ciddi siyasi hadisələr baş verən ərəfədə beynəlxalq təşkilatlar hesabat adı ilə belə qərəzli sənədlər təqdim edirlər. İndi də prezident seçkiləri ərəfəsində belə bir sənədin meydana çıxması düşündürücü haldır. Başqa sözlə desək, bunun arxasında hansısa siyasi qüvvələrin təzyiqi görsənir. Göründüyü kimi, bu təşkilat siyasi amillərə daha çox istinad edir. Təbii ki, siyasi maraqların arxasında geosiyasi maraqlar da var. Mənbələrə baxanda öz-özümə dedim ki, bu hesabat elə belə də olmalı idi. Hesab edirəm ki, hesabatı hazırlayanlar ölkəmizdə seçki prosesinin normal, sakit keçməsindən narahatdırlar. Həmin təşkilat bizimlə qonşu olan ölkələrə münasibətdə belə sərt deyil. Qonşu dövlətlərdə daha ağır hadisələr baş verir. Məsələn, seçki ərəfəsində hansısa namizəd güllələnir, jurnalistlər öldürülür. Bizdə isə bunun tam əksi baş verir. Jurnalistlər nəinki öldürülmür, hətta onlar mənzillə təmin olunur. Ola bilməz ki, bir ölkədə ancaq mənfi hallar baş versin. Hesabatda yalnız neqativi göstərmək olmaz. Həmçinin göstərilən neqativlərin də ciddi bir əsası olmalıdır. Onlar anlamalıdırlar ki, Azərbaycan oturuşmuş dövlətdir və bu ölkənin müstəqil siyasəti var. Dövlətimizin başlıca məsələsi ölkəmizdə insanların rifahının daha da yaxşılaşdırılmasıdır.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər