Hulusi Kılıç: BMT-nin 4 qətnaməsi icra edilməlidir

Hulusi Kılıç: BMT-nin 4 qətnaməsi icra edilməlidir

Siyasət
07 Noyabr 2019, 17:59 1740
Türkiyənin Hələb şəhərindəki keçmiş baş konsulu (2000-2005-ci illər) olaraq bu gün Suriyada yaşanan insanlıq faciəsindən böyük üzüntü duyuram. Eyni zamanda biz Türkiyə olaraq heç zaman heç bir ölkənin torpağında gözümüzün olmadığını və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına hörmətlə yanaşdığımızı ən yüksək səviyyədə ifadə etmişik, edirik. Məhz buna görə də bu gün Rusiya və Türkiyə arasında Suriyanın torpaq bütünlüyünü qorumaq istiqamətindəki ortaq çalışmalarını yüksək qiymətləndirirəm.
Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.
O, Suriyanın torpaq toxunulmazlığı üçün Rusiya və Türkiyənin birgə çabalarının işğala məruz qalaraq ərazi bütövlüyü pozulmuş Azərbaycana da sirayət edilməsinin vacibliyini bildirib:
"Bu iki ölkənin Suriyada olduğu kimi Azərbaycanın da ərazi bütövlüyünü eyni amacla dəstəkləmələri, bu istiqamətdə birgə fəaliyyət göstərmələri də bütövlükdə Qafqaza sülh və əmin-amanlıq gətirməlidir.
Bunun üçün yeni nəsə kəşf etməyə də gərək yoxdur. Zatən dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı 4 qətnaməsinə (822, 853, 874, 884) əməl etmək kifayətdir ki, nəhayət uzun fasilədən sonra bölgəyə barış və hüzur gəlsin".

Hulusi Kılıç sonda qeyd edib ki, Türkiyə Cümhuriyyəti dövləti Azərbaycanın ərazi bütövlüyünün təmini üçün əlindən gələni etməyə hazırdır.