• şənbə, 20 Aprel, 17:09
  • Baku Bakı 23°C

“Hücum diplomatiyasını yaddan çıxarmamalıyıq”

15.04.14 12:18 1676
“Hücum diplomatiyasını yaddan çıxarmamalıyıq”
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin nəzdində yaradılan Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədov “Kaspi”nin suallarını cavablandırır.
- Elçin müəllim, rəhbərlik etdiyiniz mərkəzin yaradılması hansı zərurətdən irəli gəlib?
- Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanıb. “Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Bununla yanaşı, ermənilər hər zaman azərbaycanlılara məxsus olan tarixi yazıları silmək, Azərbaycan tarixini saxtalaşdırmaq və hazırda işğal olunmuş Azərbaycan torpaqlarında bütün maddi-mədəniyyət nümunələrini dağıdıb məhv etməklə öz çirkin niyyətlərindən əl çəkməyiblər. Lakin 1991-ci ildə öz müstəqilliyini əldə edən Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi dünyada erməni yalanlarına qarşı aparılan mübarizənin də əsasını qoyub. Hazırda bu istiqamətdə işlər ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə uğurla davam etdirilməkdədir. 2013-cü il oktyabrın 4-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının nəzdində Qarabağ Araşdırmalar Mərkəzinin açılması da dövlətin məhz bu istiqamətdə həyata keçirilən siyasətinə dəstək vermək məqsədi güdür.
- Mərkəzin fəaliyyəti əsasən nədən ibarətdir?
- Qarabağ Araşdırmalar Mərkəzi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətini daha da canlandırmaq məqsədi daşıyır. Biz Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını bir qədər də genişləndirmək istiqamətində iş aparacağıq. Qarabağ Araşdırmalar Mərkəzin yaranması ideyasının məqsədi həm də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində keçirilən tədbirləri genişləndirmək, Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaqdır. Məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının www.karabakh.az saytı da fəaliyyət göstərir. Qarabağ Araşdırmalar Mərkəzin bu istiqamətdə ayrıca saytı isə yaxın günlərdə istifadəyə veriləcəkdir. Burada mərkəzin məqsədləri və fəaliyyət istiqamətləri öz əksini tapacaqdır. Qarabağ Araşdırmalar Mərkəzi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması, eləcə də bu sahədə çalışacaq alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ tarixinin, mədəniyyətinin araşdırılmasında çox mühüm rol oynayacaqdır. Bu məqsədlə mərkəzə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müvafiq yer ayrılıb. Mərkəzdə bir sıra yerli və beynəlxalq ekspertlərin tədqiqat aparması üçün əlverişli şəraitin yaradılması və gələcəkdə digər ölkələrin Elmi Mərkəzləri ilə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi də qarşıya məqsəd olaraq qoyulub.
- Bildiyim qədər, Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün kurslar da təşkil olunur. Bu kursların missiyası nədən ibarədir?
- Prezident yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısa müddətli kurslara başlanıb. Fevralın 18-də başlayan kursların keçirilməsinin məqsədi son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bundan əlavə, bu kursların keçirilməsi gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.
- Prezident İlham Əliyev Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiya - hücum diplomatiyasıdır. Bu missiyanın yaddan çıxarılmaması, təcavüzkar Ermənistanın bütün dünyada ifşa olunması istiqamətində hansı işlər görməyi planlaşdırmısınız?
- Prezident İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini vurğulayıb. Bu səbəbdən biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir. Müasir dünyada güclünün haqlı olduğu bir siyasət nümayiş olunur. Əslində isə haqlının güclü olduğuna əsaslanan siyasət yürüdülməli, haqlı hər yerdə güclü olmalıdır. Təəssüflər olsun ki, siyasətin müxtəlif standartlarının mövcud olduğu bir dünyada yaşayırıq və burada güclünün haqqı, güclünün hüququ daha çox təlqin olunur və təbliğ edilir, dəstəklənir. Bu mənada biz, Prezidentin Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalıyıq. Prezident İlham Əliyevin “Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağına olan ümidləri daha da artırıb. Biz də hər zaman olduğu kimi, ölkə başçısı İlham Əliyevin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndiririk. Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da daha çox çalışmalı və cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndində və digər işğal olunmuş torpaqlarda dalğalanmasına nail olmalıyıq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər