• şənbə, 20 Aprel, 07:16
  • Baku Bakı 14°C

Hörmət, sevgi, sevincdir – Ailə

26.06.15 14:24 5194
Hörmət,  sevgi, sevincdir – Ailə
Gülnarə Aydın Bağırova: “Namiqin öz anasnı sevməsini sevdim”
Namiq Bağırov: “Ailə mənim üçün bir ocaqdır”

Pozitivdilər. Bir-birini o qədər tamamlayır, hər şeyi bir-birilə bölüşürlər ki, bir saat belə, küsülü qala ilmirlər. Düşünürlər ki, küsülü qalsalar, onlar üçün zaman dayanar. Rubrikamızın bu dəfəki qonaqları İnteraz Tv-nin proqram departamentinin rəhbəri Gülnarə Aydın Bağırova və AzTv-nin montaj rejissoru Namiq Bağırovdur. 12 ildir, ömür-gün yoldaşıdırlar. Ailədə üç uşaq böyüyür: 11 yaşlı Selcan, 7 yaşlı Fatimə və 2 yaşlı İslam. Həmişə olduğu kimi, cütlüklərin tanışlıq tarixçəsindən başlayaq...
“Hər ikimizə töhmət verildi”

2000-ci ildə hər ikisi “MİR” Dövlətlərarası Teleradio Şirkətində işləyib və tanışlıqları da bu dövrə təsadüf edib. Gülnarə “Bu həqiqətdir” adlı proqramın aparıcısı, Namiq isə montajçısı olub. Aralarında münasibətin yaranması isə heç də gözəl hadisə ilə başlamayıb.
Namiqin məsuliyyətli biri olduğuna güvənən Gülnarə verilişin montajinı ona həvalə edib evə gedir. Səhər işə gələndə, qapıda duran mühafizəçi ona birbaşa müdirün otağına getməli olduğunu deyir. Gülnarə müdirin otağına girəndə hamının orada olduğunu görür. Amma bu qədər insanın ona və Namiqə görə toplaşdığı heç ağlına da gəlmir. Taki iclas başlayana kimi. İclasda məlum olur ki, Namiq verilişi yığmamış evə getdiyi üçün hər ikisinə töhmət yazılıb: “İclasdan sonra Namiqin otağına gedib ağlaya-ağlaya dalaşmağa başladım. Əl-qərəz, bir də onunla montajda oturmadım. Ona o qədər nifrət edirdim ki...”
“Valideynlərim qızlarını artistə vermək istəmirdilər”

Iş yoldaşlarının sayəsində “ulduz”ları barışır: “Hər dəfə işdən çıxanda iş yoldaşlarımızla bir-birimizi yola salırdıq. Suçlu olan Namiq də günahını yumaqdan ötrü bizə qoşulurdu. Mən Sumqayıtda yaşadığıma görə iş yoldaşlarım birinci məni ötürürdülər. Amma bir gün nədənsə heç biri mənimlə getmədi və bu hal bir neçə dəfə təkrarlandı. Deməyəsən, Namiq onlardan xahiş edibmiş. Küsülü qalmağı sevmədiyimdən onunla yol-yoldaşı olanda söhbətləşməyə başladıq. Gördüm ki, Namiq heç də pis oğlan deyilmiş”.
Onların yol yoldaşlığı davam etsə də, Namiq sevgi etirafı etməyə tələsmir. Düz bir il sonra sevgisini etiraf edir. Özü də avtobusda. Gülnarə isə avtobus “hənanın yeri” olmadığına görə donub Namiqin üzünə baxır və qarşı tərəfə heç bir şey deyə bilmir. Amma təklifə də tezliklə “hə” cavabı vermir: “Çünki valideynlərim bir az fərqli düşüncəli adamlar idi. Mən qarışıq, televiziyada işləyənlərin hamısı onlar üçün artist sayılırdı. Qızlarını artist hesab etsələr də, artistə ərə vermək istəmirdilər”.
“Bu oğlandan əla ailə başçısı çıxar”

Namiq deyir ki, Gülnarənin sadəliyi, başqalarına qarşı paxıllıq hissinin olmaması, evinə, ailəsinə bağlılığı, böyük-kiçik yeri bilməyi, hərdən dəliliklər etsə də, ağıllı olması onu özünə cəlb edib.
Gülnarə isə Namiqin öz anasını sevməsini sevib: “Fikir verirdim ki, işə hər gəldikdə, anasını yığar və işə çatdığı barədə xəbər edərdi. Yaxud işdən gec çıxanda bu barədə anasını məlumatsız qoymurdu. Yalanı sevmirdi. Anasını sevən hər kəsə hörmətim sonsuzdur. Elə bunları görüb düşündüm ki , bu oğlandan əla ailə başçısı çıxar. Niyə təklifini qəbul etməyim ki?”
“Gülnarəni sevdim”

Gülnarənin fikrincə, ailə quran tərəflər arasında sevgi şərtdir: “Hər şeydə sevgi önəmlidir. Xörəyi belə sevgi ilə bişirəndə daha dadlı olur. Tərəflər arasında sevgi varsa, ailədə böyüyən övladlar da sevginin nə olduğunu anlayır və sevgi ilə böyüyürlər”.
Namiq sevmədiyi işi görə bilmədiyini deyir: “Gülnarəni sevdim. Düzdür, qohum-əqrəba tanıyıb-bilmədikləri yad bir ailənin qızı ilə evlənməyimə o qədər də “isti” yanaşmırdılar. Amma bacımın köməkliyilə “buzlar” əridi və Gülnarə ilə evlənməyimə etiraz olmadı. Indi həmin qohumlar Gülnarəni məndən çox sevirlər”.
“Bişirdiyim yeməyə görə ağladığım günlər olub”

Bildiyimiz kimi, yeni ailə quran xanımların bir çoxu yemək bişirməkdə çətinlik çəkir. Gülnarə də belə çətinlikdən keçməli olub: “Bişirdiyim yeməyə görə ağladığım günlər də olub. Oğulun ananın hazırladığı yeməkləri çox sevdiyini deyirlər. Həqiqətən qayınanamın əlinin duzu var. Xörəkləri dadlı olur. O vaxt qayınanam mənə çox köməklik etdi. Indi şükürlər olsun ki, Namiq mənim hazırladığım yeməkləri sevir, üstəlik, tərifləyir. Hərdən səhər yeməyini birlikdə hazırlayırıq”.
Namiq də etiraf edir ki, anası olmasaymış, ilk evlilik illərində ac qala bilərdi: “Amma indi Gülnarə də çox gözəl xörəklər hazırlayır”.

“Sevildiyim üçün xoşbəxtəm”

Ailə qurandan sonra Gülnarə Namiqin bəzi sürpriz xasiyyətləri ilə qarşılaşır: “Namiqin elə xasiyyəti var ki, sevməsəm də, keçirəm. Həddindən artıq səbirsizdir. Bir az da qısqanclığı var. Müsbət cəhətləri isə daha çoxdur. Bir dəfə görmədim ki, hansısa istəyimə yox desin. Yerin dibində də olsa, onu tapıb gətirər, məni sevindirər. Sevildiyim üçün xoşbəxtəm”.
Namiqin Gülnarədə bəyənmədiyi xasiyyət insanlara çox inanmasıdır: “Bununla bağlı çox söhbətlərimiz olur. “Yaxşı qızdır” dediyi adam axırda onu vurmağa çalışıb. Çox kovrəkdir. Əsəbiləşəndə danışa bilmir, aglayır. Ağlamaqla özünü sığortalayır. Ən bəyəndiyim yönü isə çox qısqanc olmamasıdır”.
“Namiq bazarlıqda mükəmməldir”

Ev işlərində tərəflərin bir-birinə əl tutmasına gəlincə, Gülnarə deyir ki, sözügedən işlərdə heç vaxt Namiqdən kömək istəmir: “Amma bazarlıq, uşaqlarla gəzinti onun vəzifələrinə daxildir. Həm də belə bir xasiyyətim var ki, ev işində köməyi xoşlamıram, bir az titizəm. Əksər kişilərdən fərqli olaraq, Namiq çox yaxşı bazarlıq etmək qabiliyyətinə malikdir. Bazarlığı mükəmməldir, rəhmətlik atasına bənzəyib. Dükan-bazara o qədər getmirəm ki, hərdən çörəyin qiymətini belə unuduram. Kommunal işlər də Namiqin boynundadır. Hərdən əsəbiləşir ki, onun başına bir iş gəlsə, su, qaz balansını necə dolduracağımı bilmirəm”.
“Dostuq, sirdaşıq”

Özünü xarakterizə edən Gülnarənin fikrincə, kənardan bir az səbrsiz görünsə də, ailəsinə, sevgisinə sadiqdir: “Amma bilmirəm, Namiq məndən bir həyat yoldaşı kimi razıdır, ya yox”.
Namiqsə düşünür ki, Gülnarə bir həyat yoldaşı kimi ondan razı olmalıdır: “Çünki bacardığım qədər onunla dürüst oluram. Gülnarənin həyatda sevmədiyi şey yalandır. Kiminsə ona yalan deməsini Allah göstərməsin, yoxsa dünya dağılar. Onunla dostuq, sirdaşıq, bir sözlə, düşünürəm ki, o, məndən razıdır”.
“Küsülü qalsaq, zaman dayanar”

Hərdən mübahisə etdikləri vaxt da olur: “Amma çalışırıq, uşaqlarımızın yanında mubahisə etməyək. Bu günədək buna nail olmuşuq. Ümumiyyətlə, bizdə elə də böyük mübahisələr olmur. Xırda mübahisələrdir ki , onlar da bir anda unudulub gedir. Heç birimiz küsülü qala bilmirik. Cünki hər ikimiz pozitivik. Günümuz deyib-gülməklə keçir. Küsülü qalsaq, evimizdə zaman dayanar”.
“Əsas vəzifəmiz uşaqları düzgün tərbiyə etməkdir”

Bir qadının ailədə vəzifələrinə gəlincə, Namiq hesab edir ki, həm qadın, həm də kişinin əsas vəzifəsi övladlarını düzgün tərbiyə etməkdir: “Qadın həyat yoldaşına sahib çıxmalı, ailəni düzgün idarə etməlidir. Ağbircəyin, ağsaqqalın yerini bilməlidir. Gülnarə işgüzar xanım olmasına baxmayaraq, bu vəzifələrin öhdəsindən gəlir. Həm uşaqlara baxır, həm ev işlərini görür, həm bizə yemək bişirir, həm də işə gedir. Mən qadının işləməsinin tərəfdarıyam”.
Qeyd etdiyimiz kimi, müsahiblərimizin üç övladı var. Valideynlərin hər ikisi işlədiyi üçün uşaqlara dayə baxır: “Günün 9 saatını onunla keçirirlər. Çox ağıllı qadındır, uşaqların tərbiyəsinə nəzarət edir. Mən isə qızlarımla rəfiqəyəm. Böyük qızım yaşından böyük düşüncəlidir. Kitabları çox sevirəm və oxuduğum kitabları o da oxuyur. Bibisi kimi həkim olmaq istəyir. Kiçik qızım yeddi yaşındadır. Həddindən artıq təmizkar və vətənpərvərdir. Namiq də onlarla dostdur. Dərslərini ataları ilə edirlər. Gəzməyə də ataları ilə çıxmağı sevirlər. Çünki nə istəsələr, Namiq onlar üçün alır”.
Namiq ailənin onun üçün bir ocaq olduğunu deyir: “Ailə hörmətdir, sevgidir, sevincdir. Ömür-gün yoldaşları elə notlardır ki, onlarsız fortepianonun akkordlarını dilləndirmək mümkün deyil”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər