• cümə, 19 Aprel, 07:52
  • Baku Bakı 13°C

Hoyanın ətir saçan çiçəkləri

15.10.18 12:00 840
Hoyanın ətir saçan çiçəkləri
Hoya geniş yayılmış sarmaşıq bitkisidir, beşləçəkli ətli çiçəkləri onun sanki mumdan hazırlanması təəssüratı yaradır və görənləri heyran edir. Bitkinin qeyri-adi gözəlliyi ilə bir-birindən fərqlənən 200-ə yaxın növü var. Yarpaqları da çiçəkləri kimi əsasən ətli olur, lakin bəzi növlərinin yarpaqları kağız kimi nazikdir. Ən çox gözoxşayan Kerri hoyasının yarpaqları isə ürək formasındadır. Bitkinin əksər növlərinin yarpaqları tünd yaşıl və parlaq olur.
AZƏRTACxəbər verir ki, hoyanın vətəni Hindistan, Çin, Malayziya, Tayland və İndoneziya kimi Şərq ölkələri sayılır. Bitkini ilk dəfə təsvir edən şotland fiziki Robert Broun onun adını yaxın dostu botanik Tomas Hoyun şərəfinə verib.
Hoyanın əsas özəlliyi olan beşləçəkli ulduzvari çiçəkləri səbət çiçək qrupunda toplanır. Çətirdə toplanan çiçəklərin sayı da müxtəlif olur və bəzən 55-ə qədər çiçək açır. Onun qırmızı, yaşıl, sarı, bənövşəyi rəngdə çiçək açan növləri var.
Adətən yaz və yay aylarında çiçəkləyir. Hoya çiçəkləyən zaman ətrafı xarakterik şirintəhər ətir bürüyür. Çiçəklərin üzərində şəffaf şirə damcıları əmələ gəlir ki, bu da bitkiyə gözəl görünüş verir.
Bəzi sortlar əkiləndən bir il sonra çiçəkləyir, bəziləri isə bir neçə il çiçək açmır.
Hoya üçün ən optimal olan rütubətli mühitdir. Buna görə də arada bitkinin yarpaqlarına yumşaq su püskürtmək faydalıdır. Lakin suyun çiçəklərin üzərinə düşməsi onların tökülməsinə səbəb olur. Hoya quru mühitə qarşı da kifayət qədər dözümlüdür.
Cavan bitkinin dibçəyi hər il dəyişdirilməlidir. Yaşlı bitki isə iki-üç ildən bir yenidən əkilə bilər. Onu tez-tez budamaq olmaz, çünki yalnız yeni budaqların üzərində çiçəklər əmələ gəlir. Buna baxmayaraq, yeni pöhrələr həddən artıq uzanıbsa, onları qısaltmaq olar.
Hoya qələm vasitəsilə çoxalan bitkidir. Kəsilib başqa dibçəyə əkilmək üçün nəzərdə tutulmuş budağın üzərində ən az bir düyün və iki yarpaq olmalıdır. Kök atmaq üçün bitkini otaq temperaturunda suda saxlamaq və ya birbaşa torf və keramzit qarışdırılmış torpağa əkmək olar.
banner

Oxşar Xəbərlər