• cümə, 29 Mart, 05:45
  • Baku Bakı 7°C

Hotel dünyasına qapı açan – Sadə peşə adamı

21.07.15 11:51 3014
Hotel dünyasına qapı açan – Sadə peşə adamı
Hər hansı hotelə getdikdə ilk olaraq qarşımıza onlar çıxır. Hətta həmin hotel barədə təəssüratlarımızın necə olması bəzən bu peşə adamlarından asılı olur. Çünki onlar hotelin girişində qonaqları qarşılayır və qonaqlara qeydiyyata keçənə qədər kömək edirlər. Yəni bu peşə adamlarını hotelin ilk üzü saymaq olar. Söhbət doorman (qapıçı – A.Ə.) peşəsindən gedir. Ölkəmizdə hotelçiliyin sürətlə inkişaf etdiyi bir vaxtda bu peşənin sahibi ilə söhbətləşmək, sənətinin sirlərini öyrənmək üçün “Four Seasons” hotelinə yollandıq.
“Xəyalım reallaşdı”
Müsahibimiz gənc doorman Rəşad Əzizlidir. Rəşad 1988-ci ildə Bakıda anadan olub. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Universitetində İqtisadi kibernetika ixtisası üzrə təhsil alıb. Həmsöhbətimiz deyir ki, iş həyatına elə tələbəlik illərindən - 3-cü kursda oxuyarkən qədəm qoyub: “İqtisadiyyat fakültəsində oxumağıma baxmayaraq, ilk işimə hotel sistemində başladım. Bura mənim çalışdığım 3-cü hoteldir. Mən o vaxt işləməyə başlayanda brend hoteller çox az idi. Bakıda adi hotellərdə çalışırdım. Sonra hərbi xidmətə getmək üçün işimdən ayrıldım. O zaman “Four Seasons” təzə tikilirdi. Hotelin tikintisi işlədiyim yerdən də görünürdü. Reklamlardan bilirdik ki, burada hansısa brend hotel tikilir. Amma o vaxt brend hoteldə çalışmaq mənə xəyal kimi görünürdü. İllər keçdi. Hərbi xidmətdən qayıtdıqdan sonra CV-mi sözügedən hotelə təqdim etdim. Bütün imtahanlardan keçdikdən sonra xəyalım reallaşdı və burada çalışmağa başladım”.
Yorulmuram...
Artıq 3 ildən çoxdur ki, qapıcı işləyən müsahibimiz sənətinə çox bağlıdır. O deyir ki, İqtisadiyyat fakültəsində oxusa da, onun xarakterinə ən uyğun peşə məhz hotel işidir: “Bizdə qonaq xidmətləri şöbəsi var və bu şöbədə qonağın bütün istəkləri qarşılanır. Mən də məhz həmin şöbənin işçisiyəm. Hotelə daxil olan maşınları, qonaqları qarşılayır, onları qeydiyyat şöbəsinə qədər aparıram. Əsl peşəm iqtisadçı olsa da, hotelçiliyi çox sevirəm. Çünki hotelçilikdə iqtisadiyyat kimi kompyuterlərlə deyil, birbaşa insanlarla ünsiyyətə girirəm. Onlarla söhbətləşir, psixologiyalarına bələd oluram. Gülərüz olduğum üçün bu peşəni özümə yaxın bilirəm. Çünki hotel sistemində gülərüzlülüyü qonaqlar çox sevir. Hər dəfə işləmək istəyəndə dost-tanış mənə deyirdi ki, bu sahə sənə daha uyğundur. İşi gördükdən sonra həqiqətən də gördüm ki, məndə alınır. Alındıqca da davamı gəldi. Artıq 3 ildən çoxdur ki, hotel sistemində çalışıram və ən əsası, bu sənətdə özümü xoşbəxt hiss edirəm. İnsan sevdiyi işi gördükdə işdən yorulmur. Mən də nə qədər çox işləsəm də, işimdən zövq alıram”.
“İnsan sərrafıyıq”
Sənətinin sirləri haqqında məlumat verən müsahibimiz deyir ki, hotel işçiləri ilk təəssüratda insanları yaxşı tanıyır: “Hoteldə çalışan hər bir insan üçün əsas şərt gülərüzlülük və ünsiyyətcil olmaqdır. Hər bir işdə olduğu kimi, burada da insan səbrli olmalıdır. Çünki hər bir insanın özünəməxsus xüsusiyyəti var. Hamı eyni deyil. Bura gələn qonaqların kimisi aqressiv, kimisi də sakit, təmkinli olur. Hamısı ilə danışmağı, ünsiyyət qurmağı bacarmaq lazımdır. Əgər qonaqla ortaq nöqtəni tapıb onun ürəyinə girməyi bacardınsa, hər şey ardıcıllıqla gəlir. Qonağın üzünə baxan kimi onun xarakterini oxumaq lazımdır. Hotel işçiləri ilk təəssüratda insanları daha yaxşı tanıyır. Biz burada çalışdıqca insan sərrafı oluruq. Bu, bizə normal həyatımızda da kömək olur”.
“Televiziyada gördüyüm insanlara burada xidmət edirəm”

“Four Seasons” hoteli brend olduğu üçün məlumdur ki, ölkəmizə təşrif buyuran məşhur siyasətçilər, ölkə başçıları, mədəniyyət xadimlərinin yolu məhz bu hoteldən keçir. Həmsöhbətimiz deyir ki, brend hoteldə çalışmağın müsbət tərəflərindən biri də televiziyada gördüyün və nə vaxtsa onları canlı görməyin xəyal olduğunu düşündüyün insanlara burada xidmət etməkdir: “Bura brend hoteldir. Tanınmış insanlar daha çox gəlir. Ad verə bilmərəm. Amma onu deyə bilərəm ki, yeniyetmə vaxtı televiziyada gördüyün insanları canlı görmək insanı daha da həvəsləndirir, zövq verir. Bunlar müğənnilər, dövlət xadimləri, siyasətçilər, mədəniyyət adamları ola bilər. Amma mənfi tərəfi də odur ki, biz bu insanlarla fanat kimi davrana bilmirik (gülür-A.Ə). Biz heç zaman unutmuruq ki, iş başındayıq. Bu məsuliyyət bizə fanatı olduğumuz insanı görəndə həyəcanlanmamaq üçün bəs edir. Şirkətimizin maraqlarını və öz karyeramı qorumaq üçün özümü ələ alıram. Amma elə məşhur qonaq olur ki, tez-tez gəldiyi üçün artıq ona alışırıq. Zaman keçdikcə hər şeyə təbii baxırıq”.
Sənətinə bağlı olan həmsöhbətimizin sözlərinə görə, işinin mənfi tərəfi də məhz məşhur qonaqlarla bağlıdır: “Sənətimizin müsbət tərəfi budur ki, bu iş bizə həyata daha dolğun baxmağa, həyatı düzgün başa düşməyə kömək edir. Mənfi tərəfinə gəldikdə, çətinliyimiz ən çox VİP qonaqlar gəldiyi zaman olur. Məsələn, elə qonaq olur ki, bəzən onunla şəkil çəkdirmək istəyirsən. Çünki bilirsən ki, bu qonağı bundan sonra görmək şansın yoxdur və bu an bir də reallaşmayacaq. O zaman insanın içindən xüsusi istək gəlir və bu istək çətinlik yaradır. Bu zaman istəklərini basdırmaq çətin olur. Mənim də sənətimin çətin tərəfi budur”.
“Sənəti mətbəxindən öyrənirəm”

Müsahibimiz sonda başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü. O deyir ki, hotel sistemində öyrəndiyi və müşahidə etdiyi ən gözəl şey sadəlikdir: “Burada çox maraqlı hadisələr baş verir. Amma bir hadisə var ki, mənim heç vaxt yadımdan çıxmır. Dünyada kifayət qədər tanınan çox məşhur simalardan biri hotelimizin qonağı idi. Qonaqların işçi heyətinə salam verməməsi tamamilə normal haldır. Bəziləri hotelə elə toplu şəkildə daxil olur ki, işçi heyətini görməyə bilər. Amma bir gün bu qonaqlardan biri hotelə daxil oldu və şəxsən işçilərə yaxınlaşıb əllə görüşdü və bizimlə hal-əhval tutdu. Bu, həqiqətən çox maraqlı idi. Yüksək vəzifəsinə, puluna, ətrafında olan adamların sayına, hörmətinə rəğmən cəmiyyət içində özünü nə qədər sadə aparması çox xoşuma gəldi”.
Gənc doorman gələcək hədəflərindən də danışdı. O deyir ki, qarşısına hotel sahibi olmağı məqsəd qoyub: “Dünya təcrübəsində də var ki, doormanlar hotel sahibliyinə qədər yüksələ bilər. Düzünü desəm, işini sevən elə hotel işçisi tanımıram ki, nə vaxtsa hotel sahibi olacağını qarşısına məqsəd qoymasın. Bizim də arzularımız, fikirlərimiz hər an irəliləməkdir. Bunun üçün öz üzərimdə işləyirəm və özümü inkişaf etdirərək, bu sənəti məhz mətbəxindən öyrənirəm”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər