Honkonq aeroportundan bütün uçuşlar təxirə salınıb

Honkonq aeroportundan bütün uçuşlar təxirə salınıb

Təfsilat
13 Avqust 2019, 19:55 6922
Çinin Honkonq xüsusi inzibati bölgəsindəki beynəlxalq hava limanında yerli vaxtla saat 16:30-dan sonra bütün uçuşlar təxirə salınıb.
 
AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, buna səbəb Honkonqda davam edən etiraz aksiyalarıdır. Belə ki, etirazçıların ən çox toplaşdığı məkanlardan biri məhz beynəlxalq hava limanıdır. Eyni hal avqustun 12-də də baş vermişdi.
 
Honkonq beynəlxalq hava limanının rəsmi internet səhifəsində uçuşların təxirə salınması barədə elan yerləşdirilib və bütün sərnişinlərə aeroport terminallarını tərk etmək tövsiyə olunub. Avqustun 13-nə nəzərdə tutulan təxminən 370 reysin təxirə salınması on minlərlə sərnişinin çarəsiz vəziyyətə düşməsinə səbəb olub.
Ötən il 74,7 milyon sərnişinə xidmət göstərmiş Honkonq beynəlxalq hava limanı dünyanın ən işgüzar aeroportlarından biri olmaqla yanaşı, şəhərin dünyaya açılan əsas qapısıdır.
 
Qeyd edək ki, son aylar Honkonqda ekstradiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq aksiyalar keçirilir. Honkonq hökumətinin icazəsi olmadan keçirilən aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis qanunsuz aksiyaları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb.