• cümə axşamı, 25 aprel, 08:55
  • Baku Bakı 14°C

Hollivudun məşhur aktrisası olmaq istəyirəm

21.10.14 14:37 4113
Hollivudun məşhur aktrisası olmaq istəyirəm
Bu gün seriallarda, filmlərdə azyaşlı uşaqlar çox az görünür. Öz növbəsində, rejissorlar da seriallarda rol vermək üçün uşaq aktyor və aktrisaların tapılmasında müəyyən çətinliklərlə üzləşdiklərini dilə gətirirlər. Rejissorların sözlərinə görə, bu gün seriallarda rol alan azyaşlı aktrisalar cəmi iki-üç nəfərdir. Onlardan biri də 10 yaşlı Həmail Həsənovadır. Həmail “Tanıdım səni” layihəsi ilə ekranlarda görünməyə başladı. Daha sonra isə onu “Bacanaqlar” serialında elə Həmail rolunda tanıdıq. O, öz yaşından böyük danışan, ağbirçək qadınlara yol göstərən obrazı canlandırır.
Az yaşında belə fərasətə sahib olan Həmail ötən gün anası Yasəmən Həsənova ilə birgə redaksiyamızın qonağı oldu. Suallarımıza sıra ilə cavab verən qonaqlarımız əvvəlcə bizə kiçik aktrisanın bu sənətə olan marağından danışdılar.
Həmail Həsənova: Beş yaşından rəqsə getmişəm. Rəqs vasitəsilə Gülzar İbrahimova ilə tanış olduq. Müəlliməmiz bizi çəkilişlərə aparırdı. Oradan Gülzar xanımı tanıdım və sevdim. O, məni “Sehirli dünya” jurnalına dəvət etdi. ATV-də “Tanıdım səni” yarışması keçirilirdi. Həmin ərəfələrdə dram dərnəyinə gedirdim. Verilişin reklamını görəndə anama söylədim ki, mən də orada iştirak etmək istəyirəm. Anam mənim bu fikrimə öz təəccübünü bildirsə də, mən israr etdim. O da məndə aktrisalığa olan həvəsi görüb istəyimə qarşı gəlmədi. Biz Bərdə rayonundan olduğumuz üçün oraya gedib layihəyə oradan qoşuldum. Hazırda çəkildiyim “Bacanaqlar” serialının qəhrəmanı Elməddin Cəfərov məni həmin verilişdə gördü və seriala dəvət etdi. “Bacanaqlar” serialındakı Həmail obrazı isə sırf mənə görə yazılıb.
- Aktrisa olmaq istədiyini valideynlərinə deyəndə, onlar buna necə reaksiya verdilər?
Həmail: Əvvəllər bu istəyimə uşaq arzusu kimi baxırdılar. Atam mənə özümə başqa sənət seçməyi məsləhət gördü və “Gəl bu fikirdən dön” dedi. O zaman anam da mənim aktrisa olmağımı istəmirdi. Mən də valideynlərimdən məni sevib-sevmədiklərini soruşdum. Onlar bu sözümə çox təəccübləndilər. Onlara dedim ki, siz mənsiz, mənsə bu sənətsiz qala bilmərəm. Mən bu sənəti sevirəm. Valideynlərim bunu eşitdilər və mənə heç nə deyə bilmədilər. Ondan sonra bütün qərarlarımı öz ixtiyarıma buraxdılar və valideynlərim bu fikrimə müdaxilə etmədilər.
Yasəmən Həsənova: Həmail Ukraynada anadan olub. Uzun müddət Ukraynada yaşamışıq. Daha sonra Azərbaycana köçmüşük. Həmail da orada dünyaya gəlib. Biz Azərbaycana köçəndə Həmail iki yaş yarımlıq idi. O ki qaldı onun aktrisalığına, uşaqların inkişafında, hesab edirəm ki, valideynlərdən çox şey asılıdır. Azərbaycanda uşaqları təkmilləşdirmək üçün dərnəklər, kurslar var. Həmail dram dərnəyinə gedirdi. İncəsənət Gimnaziyasında da uşaqlar üçün çox şey yaradılıb. Uşaqların inkişafı ilk növbədə valideynlərdən asılıdır. Heç kim qapı-qapı gəzib istedad axtarmır, heç kim bunu etməyə borclu deyil. Əgər valideyn öz uşağında bir işartı görürsə, onun üzərində çalışmalıdır.
- Həmail, bəs, məktəbdə sinif yoldaşların səni aktrisa kimi qəbul edirlərmi?
- Əlbəttə. Mən 265 nömrəli məktəbdə beşinci sinifdə, rus bölməsində oxuyuram. Dərslərimə yaxşı çalışıram. Sinif yoldaşlarım da efirdən məni izləyirlər və obrazımı bəyəndiklərini söyləyirlər. Müəllimlərim isə çox ciddi insanlardır.
- Efirdə göründüyün üçün müəllimlərin sənə qiymət yazarkən güzəştə gedirlərmi?
Həmail: İbtidai sinif müəllimim Yekaterina xanım çox ciddi, nizam-intizamlı qadın idi. Heç bir müəllim mənə güzəştə getmir. Məktəbdə tədbirlərdə şeirlər söyləyirəm. Vaxtım az olduğu üçün məktəbdə o qədər də çox tədbirlərdə iştirak edə bilmirəm.
Yasəmən: Mən özüm onun dərsləri ilə xüsusi maraqlanıram. İstəmərəm ki, uşağıma efirdə göründüyü üçün güzəştə gedilsin. Belə şeyləri sevmirəm. Bu, insanın özü-özünü aldatması deməkdir. Mənə Həmailin gündəlikdə 5 alıb gətirməsi lazım deyil. Əsas odur ki, beynində nəsə olsun. O, bilik sahibi olmadıqdan sonra 5 almağın nə mənası var? Həmail çox çalışqan uşaqdır. Oxumağa da həvəslidir, ancaq bir az tənbəldir. Onun üzərində mən varam.
- Gələcəkdə başqa hansısa bir sənətə yiyələnmək istəyirsənmi?
- Mən yalnız aktrisa olmaq istəyirəm, çünki bu sənəti sevirəm. Anam da deyir ki, yaxşı olardı, İncəsənət Universitetinə daxil olarkən başqa sənət seçək. O, istəyir ki, mən rejissorluq ixtisasını seçim, həm aktrisalıq edim, həm də rejissorluq sənətinə yiyələnim.
- Bəlkə gələcəkdə serial deyil, teatr aktrisası olasan?
- Onu gələcək göstərəcək. Özüm Gənc Tamaşaçılar Teatrında “Buzovna kəndinin əhvalatları”, “Şelkunçik” kimi tamaşalarda rol almışam. Həmin teatrla əməkdaşlığımız var. Yaxın zamanlarda onlarla daimi olaraq işləyəcəyik.
- “Bacanaqlar” serialında sən yaşından tez böyümüş uşaqları xatırladırsan. Həyatda da eləsənmi?
Həmail Həsənova: Yox mən evdə elə olmuram. Mən nəinki “Bacanaqlar” serialında, həm də “Həyat, sən nə qəribəsən” serialında Həyatın uşaqlığını canlandırmışam. Bundan başqa, hazırda Güney azərbaycanlılara nümayiş olunan Gün.az televiziyasında “Günəş və Həmail” verilişinin aparıcısıyam. Gələcəkdə Hollivudun məşhur aktrisası olmaq istəyirəm. Hərdən də Türkiyəyə getmək, orada seriallara çəkilməyi arzulayıram. Gələcəkdə dünyada məşhur aktrisa olmaq istəyirəm. Mənim üçün obrazların fərqi yoxdur. İndi komik obrazlar canlandırıram. Bundan başqa, “Babu” filmində isə dramatik obrazı oynamışam.
Yasəmən: Həmail həyatda serialdakı kimi deyil. Düzdür, bir az böyük danışıq tərzi var, ancaq həyasız arvadlar kimi danışığı yoxdur. Bu, onun obrazıdır. Sadəcə o, rolları mükəmməl bacarır. Elməddin Cəfərov Həmaili “Tanıdım səni” layihəsində “Qaynana” obrazı ilə görüb bəyənmişdi. Həmail çalışır ki, öz bildiyini insanlara çatdırsın.
- “Babu” filmindən bəhs etmişkən, bu sənin ilk böyük layihəndir. Çox çətin gəlmədi ki, sənə?
Həmail: Xeyr. Filmə Ukraynada çəkildim. Canlandırdığım obraz əsas rollardan biri idi. Fevral ayında Nizami kinoteatrında nümayiş olundu. Filmin süjeti Azərbaycan ilə Rusiya arasındakı münasibətlərlə bağlıdır. “Babu” filmində azərbaycanlı oliqarxın Leyla adında olan 9 yaşlı qızının oğurlanmasından bəhs olunur. Qızı Azərbaycandan Avropaya aparırlar və bundan sonra atasını şantaj etməyə başlayırlar ki, o, neft yataqlarından imtina etsin. Bütün bunlar Belarusda baş verir. Leyla onu oğurlayan şəxslərdən qaça bilir. Rus dilində danışa bilməyən qızı milliyyətcə belarus olan yaşlı qadın tapır. Qadın nə etmək lazım olduğunu bilməsə də, uşağı öz evində saxlamaq qərarına gəlir və bunun məsuliyyətini dərk edir. Oğrular qadını tapır və onu öldürmək istəyir. Həmin qadın isə bütün məhəbbətini bu uşağa verir. Filmin sonunda uşağın əsl valideynləri onu tapır. Fikirlər var ki, filmin ikinci hissəsi də çəkiləcək. Çünki uşağın atası nənəyə söz verir ki, mən sizə kömək edəcəm, siz öz uşağınızı tapasınız.
Yasəmən: Filmi New Wave Production kinoşirkəti “Belarusfilm” Milli Kinostudiyası ilə birgə çəkib. Film çəkilişlərində mən öz qızımı görəndə çox təəccübləndim. Həmail orada əsas obrazlardan biri idi. Orada elə bir səhnə var idi ki, uşağın anası yadına düşüb, ağlamalı idi. Mən inanmadım ki, Həmail ağlayar. Hesab etdim ki, yəqin onun gözünə damcı əlavə edəcəklər. Qrim hazır olanda Həmail söylədi ki, mənə ağlamaq üçün heç nə lazım deyil. Çəkiliş məkanında Həmail hönkür-hönkür ağlamağa başladı. Kənardan ona baxıb məni də ağlamaq tuturdu. Hamı bunu görüb təəccüblənmişdi. Sonda isə hər kəs durub ayaq üstə alqışladı.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər