• şənbə, 20 Aprel, 08:37
  • Baku Bakı 14°C

Hollandiyanı heyrətləndirən 19 yaşlı türk - Portret

12.11.16 11:01 1678
Hollandiyanı heyrətləndirən 19 yaşlı türk - Portret

İspaniya La Liqası bütün dünyanın maraqla izlədiyi çempionatlardan biridir. Ancaq bu ölkənin çempionatı 2002/03 mövsümündə türkiyəli futbol azarkeşləri tərəfindən xüsusi maraqla izlənirdi. Səbəb isə heç də bu çempionatda top qovan Ronaldo (fenomen), Zinəddin Zidan, Luiş Fiqu kimi dünya ulduzları yox, Türkiyə millisinin hücumçusu Nihat Kahveci idi. Elə azərbaycanlı futbol azarkeşləri də həmin vaxt Nihat Kahveçinin "Real Sosyedad”ına azarkeşlik edirdilər. Həmin mövsümdə "Real”a xeyli başağrısı olan "Real Sosyedad” sonda çempion ola bilməsə də, Nihat Kahveci türk futbolunun pərəstişkarlarının yaddaşında silinməz izlər buraxdı. Həmin mövsümədək Avropanın "böyük beşlik” ölkələrində bir neçə türk hücumçu top qovsa da, Nihatın məhsuldarlığına kimsə çata bilməmişdi. Hətta türk futbolunun əfsanəsi Hakan Şükür belə bu nailiyyəti qazana bilməmişdi. Ta o vaxtdan türklər Avropanı lərzəyə gətirəcək yeni bombardir axtarışında idilər. Düzdür, arabir Avropa müxtəlif çempionatlarında məhsuldarlıq nümayiş etdirən türk hücumçular olsa da, bu, daimi xarakter daşımır.
Ancaq deyəsən, türklər tezliklə yeni Nihat Kahvecisinə, yəni Avropanı lərzəyə gətirən hücumçusuna qovuşacaq. Sözügedən istedad hazırda Avropanın "ikinci eşelon”u sayılan Hollandiya Erediviziyasında top qovur. Təkcə top qovmur, həm də, o topu rəqib qapısından məharətlə keçirir. Söhbət son vaxtlar "Tvente”nin heyətində qollarını sıralayan, müqavilə ilə "Mançester Siti”yə məxsus 19 yaşlı türk - Enes Ünaldan gedir. Bu yazıda sizə gənc hücumçunun qısa müddətdə əldə etdiyi yüksəlişə necə nail olmasından bəhs edəcəyik.


Ananın "əyri ayaq” dərdi, həkimin öncəgörənliyi


Enes Ünal 1997-ci il, mayın 10-da, Bursanın Osmanqazi məhəlləsində dünyaya göz açıb. Ünalların ilk övladı olan Enes, doğuluşu ilə bu ailəyə böyük sevinc bəxş etdi. Ancaq Enesin anasını narahat edən bir məqam var idi. Onun oğlu tam sağlam olsa da, ayaqları əyri idi. Bununla bağlı dəfələrlə həkimə müraciət edən ana bunu böyük qüsur kimi qəbul edir və dərd çəkirdi. Enesi müayinə edən həkim isə özü də bilmədən "nostradamusluq” edir və "Qızım, niyə kədərlənirsən, gələcəkdə bundan yaxşı futbolçu olar, narahat olma” deyir. İllər sonra Ünal ailəsi həkimin bu sözlərini gülərək xatırlayır.


Atasından yox, Tuncay Şanlıdan öyrəndi

Enesin uşaq vaxtlarından futbolu sevməsi üçün xüsusi bir səbəbə ehtiyacı yox idi. Elə təkcə onun atası Məsut Ünalın "Bursaspor”un sabiq müdafiəçisi olduğunu demək kifayətdir. Məsut "Sakaryaspor”da top qovduğu zaman Enes futbolda ilk addımlarını atmağa başlamışdı. Ata Ünal hər məşqdən sonra oğlu ilə də futbol oynayar, öz biliklərini ona aşılayardı. O vaxtlar "Sakaryaspor”da çıxış edən gənc Tuncay Şanlı da komanda yoldaşının oğlu ilə futbol oynayırdı. Ancaq deyəsən, Enesə ampluaca müdafiəçi olan atasının yox, hücumameyilli oyun sərgiləyən Tuncay abisinin öyrətdikləri daha çox təsir edib.
Ancaq hər bir uşaq kimi Enesin də futbolla ilk tanışlığı məhəllədə olub. Səhər-axşam küçələrdə top qovan Enes, 9 yaşında "Bursaspor”un aşağı yaş qrupuna yazılır. O, aşağı yaş qruplarında keçirdiyi 3 il ərzində meydana çıxdığı 120 oyunda 170 qol vuraraq, öz istedadını ortaya qoyur. Bundan sonra rahatlıqla aşağı yaş qruplarından pillə-pillə yuxarı qalxan "vunderkind”, 16 yaşı tamam olmamış "Bursaspor”un əsas komandasına cəlb edilir. Həmin vaxt "timsahlar”ı çalışdıran Kristof Daum gənc istedadı nəzərdən qaçırmır. O, 16 yaşının tamam olmasına 5 gün qalmış "Bursaspor”la 500 min türk lirəsi dəyərində 3 illik müqavilə bağlayır.

İlk dəfə "aslan”ı məyus edən "vunderkind”


16 yaşında "Bursaspor”un əsas komandasında debüt edən Enes, 2013-cü il avqustun 25-də "Bursaspor”da qol hesabını açır. O, Türkiyə Super Liqasında "Qalatasaray”la keçirilən oyunda peşəkar karyerasında qol hesabını açır. Enes meydana çıxdıqdan cəmi 3 dəqiqə sonra "aslanlar”ı məyus edir. Türkiyə nəhənginin qapısına yol taparkən 16 yaş 3 ay 15 günlüyündə olan Ünal, Super Liqada qol vuran ən gənc futbolçu olur.
16 yaşlı hücumçu ilk qolunu vurduqdan sonra keçirdiyi hisləri bu sözlərlə ifadə edib: "2-3 gündür bu oyunu öz xəyalımda yaşayırdım. Bu gün meydana çıxsam, qol vuracağımı bilirdim. Kapitanımız İbrahim Öztürk də "bu gün meydana çıxsan, qol vuracaqsan” demişdi. Girdim və qolumu vurdum, çox xoşbəxtəm”.
Hələ "Bursaspor”un aşağı yaş qruplarında top qovduğu zaman "Milan”, "Yuventus”, "Çelsi” kimi komandaların maraq dairəsinə düşmüş Enes "Qalatasaray”a vurduğu qoldan sonra daha çox diqqət mərkəzində olur.
Ancaq ailəsi onun hələ yetkinlik yaşına çatmadığını nəzərə alaraq, Enesin daha bir neçə mövsüm Türkiyədə qalmasına qərar verir. "Timsahlar”ın heyətində keçirdiyi ilk mövsümdə 23 oyunda 6 qol vuran Enes, növbəti mövsümdə 31 oyun keçirərək, 1 qol vurur.


Bursadan Mançesterə

2015-ci ilin 26 iyununda bütün Türkiyə Enesdən danışırdı. Məhz həmin gün İngiltərə Premyer Liqasının iddialı komandalarından "Mançester Siti” gənc hücumçu ilə 4 illik müqavilə bağladı.
18 yaşlı Enes "Mançester Siti”dəki ilk günlərində çox həyəcanlı idi. Bir tərəfdən də ondan cavabdeh olan şəxsin səhv məlumat verməsi ucbatından, Enes Mançesterdəki ikinci məşqinə gecikir. Gənc istedad üçün Premyer Liqanın iddialı klubunda məşqlərə alışmaq də asan deyildi. Bunu onun sözlərindən də başa düşmək olar: "Komandaya uyğunlaşmaqda çox çətinlik çəkdim. Heç gözlədiyim kimi olmadı. İlk məşqdə temp o qədər yüksək idi ki, bir anlıq qusacağımı zənn etdim. Ancaq vaxt keçdikcə, bu məşqlərə adaptasiya oldum”.
Enes qısa müddətdə yeni komandasına elə uyğunlaşır ki, burda ona ləqəb də verirlər - "Zlatan”. Gənc hücumçuya bu ləqəbin verilməsinə səbəb, onun oyun tərzinin məşhur isveçli hücumçuya bənzəməsi idi. İngilis televiziya əməkdaşları isə türk hücumçuya görkəminə görə "Conni Depp” ləqəbi vermişdilər.
Enes "Mançester Siti”dəki məşqlərdə özünü hər nə qədər yaxşı tərəfdən göstərsə də, Premyer Liqa nəhəngində çıxış etmək hələ ki, onun üçün tez idi. Belə olan təqdirdə, "şəhərlilər” Ünalı təcrübə toplamaq üçün Belçika "Genk”inə icarəyə verir.
"Genk” türkiyəli hücumçunu 2 illik icarəyə götürür. Ancaq "göy-ağlar” mövsümün ilk dövrəsindən sonra Eneslə icarə müqaviləsini ləğv edirlər. Ünal Belçika təmsilçisində keçirdiyi 14 oyunda 2 qola imza atır.
Hücumçu mövsümün qalan hissəsini Hollandiya 2-ci liqa təmsilçisi "Breda”da keçirir. O, məhsuldarlığını məhz Hollandiya klubunda üzə çıxarır. "Breda”da keçirdiyi 14 oyunda 9 qola imza atan Enes, yayda Erediviziya təmsilçisi "Tvente”yə icarəyə verilir. Burda gənc futbolçu qollarını sıralamağa davam edir. Enes 10 turdan sonra Enshede təmsilçisində 8 qola imza ataraq, "Feyenoord”lu Nikolay Yorgensenlə birgə bombardirlər yarışına başçılıq edir.
Artıq indidən onun bu məhsuldarlığını "böyük beşlik” ölkələrində də davam etdirəcəyilə bağlı proqnozlar verilir. Bu proqnozların məntiqi əsası da var. Axı sonradan Avropada "at oynatmış” Zlatan İbrahimoviç, Luis Suares kimi forvardlar da vaxtilə Erediviziya məktəbi keçib...
Enes artıq Türkiyə millisində də debüt etməyə imkan tapıb. 19 yaşlı forvard 3 dəfə Türkiyə millisinin baş məşqçisi Fatih Terimin etimadını qazanıb. Əsas millidən əvvəl isə Enes Türkiyə millisinin aşağı yaş qruplarında ümumilikdə 53 oyun keçirib, 43 qola imza atıb.

Enes Ünalın portreti

Enesin ən güclü cəhəti xarakteridir. Çox gənc olmasına baxmayaraq, heç nədən çəkinməyən Ünal, məhz bunun sayəsində qısa müddətdə böyük irəliləyiş əldə edib. O qədər də sürətli olmayan Enes, bu çatışmazlığını dəqiq zərbə, meydanda mövqe seçmə bacarığı, hava mübarizələrində uğurlu oyunu, texnikası hesabına görünməz edir. O, cərimə zərbələrini də pis yerinə yetirmir. Enes hər keçən gün bu sahədə özünü inkişaf etdirir. Ancaq gənc hücumçunun ən müsbət keyfiyyəti öz çatışmazlıqlarını bilməsi və bunları düzəltmək üçün daim öz üzərində çalışmasıdır.
Enesin əsas hobbisi isə kitab oxumaqdır. O, məşqlərdən sonra boş vaxtını kitab oxumağa və filmlərə baxmağa sərf edir. Məhz buna görə də, gənc hücumçu yüksək intellekti ilə də diqqət çəkir. Avropa futbolunu yaxından izləyən və həmişə öz üzərində çalışan Enesin səsinin "böyük beşlik” ölkələrindən gələcəyi gün uzaqda deyil. Azarkeşlər bir qədər də səbirli olsunlar, Avropanı lərzəyə salacaq türk böyüyür!





banner

Oxşar Xəbərlər