• şənbə, 20 Aprel, 04:13
  • Baku Bakı 15°C

Hollandiyada Azərbaycanı tanıdan xanım - Fotolar

16.07.18 09:15 3402
Hollandiyada Azərbaycanı tanıdan xanım - Fotolar
Deyirlər ki, vətən sərhəddən başlayır. Ancaq qürbətdə yaşayan soydaşlarımız bəzən bu fikirlə razılaşmır. Yenicə vətəninə istirahətə gələn müsahibimiz, Niderland Krallığında fəaliyyət göstərən "Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevada belə düşünür.Deyir ki, hər insanın vətəni onun könlündədir. Qərib bir məmləkətdə vətən üçün nələrsə etməyi isə özünə vəzifə hesab edir. Bir xanım uzaq bir diyarda vətəni naminə böyük layihələr gerçəkləşdirirsə, sözsüz ki, onun, dəstəyə də ehtiyacı olur. Ona isə bu dəstək həyat yoldaşı Cəfər bəydən gəlib. Bildirir ki, ömrü-gün yoldaşı iqdırlı Cəfər bəy yeri gələndə, milli geyimlərimizi geyinərək, bayrağımızı daşıyır və tədbirlərdə Azərbaycanı təmsil edir. Ölkəmizin başına gətirilən faciələrlə bağlı Hollandiyada, Türkiyədə keçirilən aksiyalarda iştirak edib, Azərbaycanın haqq səsini çatdırır. Diaspora fəaliyyəti də ona, məhz həyat yoldaşından keçib. Vətən sevgisi ilə yaşayan ailədə böyüyən uşaqlar da, Azərbaycan dilini mükəmməl bilirlər.

2003-ci ildən Niderlandda yaşayan Mayisə Ağamirzəyevə ailəsi ilə birlikdə "Kaspi” qəzetinin qonağı oldu.
- Mayisə xanım, sizi vətəndə xoş gördük.
- Təşəkkür edirəm.

- Vətənə gəlişinizin əsas səbəbi nədir?
- Əlbəttə, ilk növbədə, vətən həsrəti. Vətəni uşaqlarımıza daha çox tanıtmaq arzusu ilə bu yay tətilimizi Azərbaycanımızda keçirmək istədik. Vətənimizin füsunkar təbiətini, insanlarımızın qonaqpərvərliyini uşaqlarımıza nümunə olaraq göstərmək istəyirik. Mütəmadi olaraq Azərbaycana tədbirlərə gəlirəm. Ancaq indi istədim ki, uşaqlarım da vətənimizi görsünlər. Onlar Niderlanda yaşamalarına baxmayaraq, Azərbaycandakı prosesləri - idman yarışlarını izləyir və öz ölkələri ilə fəxr edirlər.
- 15 ildən artıqdır ki, Niderlandda yaşasanız da, Azərbaycan dilində səlis danışırsınız.
- Niderlanda yaşamamışdan öncə, 7 il Bakıda müəllim işləmişəm. Yoldaşım Cəfər Azərbaycan kökənli türk vətəndaşıdır. Evdə Azərbaycan dilində danışırıq. İqdırlı olduğu üçün, onlar da Azərbaycan ləhcəsi ilə danışırlar.

- Sosial şəbəkədə çox aktivsiniz. Paylaşımlarınızdan hiss olunur ki, ürəyinizin yarısı burdadır.
- Ürəyimin yarısı yox, hamısı burdadır.

- Sizi Hollandiyaya aparan səbəblər nə oldu?
- Məhəbbət (gülürük). Cəfərin ailəsi orada məskunlaşıb. Artıq 50 ildir ki, türklərin bir qismi Avropada məskunlaşıblar. Yoldaşımın ailəsi də onlardan biridir.
- Uzaq bir məmləkətdə həyat qurmaq sizi qorxutmadı?
- Əslində, məni ən çox qorxudan dil problemi idi. Hava limanında Cəfərə dedim ki, bundan sonra qardaşım da, atam da, bacım da, anam da sənsən (gülürük).

- Yoldaşınız sizə bacı, qardaş, ana ola bildimi?
- Ondan artığı da oldu. Elə çətin günlər yaşadım ki, həmin an yanımda anam, bacım, heç kim yox idi. Cəfər işini-gücünü atıb, mənimlə məşğul olurdu. Həyat yoldaşım arxamda dayanmasaydı, bu gün mən, qarşınızda gördüyünüz Mayisə olmazdım. Hər bir layihəmdə arxamda həyat yoldaşım dayanıb. Yeri gəlib, milli geyimimizi geyinib, bayrağımızı daşıyıb. Uşaqlar da belə bir ailədə böyüdükləri üçün onları tərbiyələndirmək bizim üçün çətin olmayıb. Mənim bütün, tədbirlərimdə, təqdimatlarımda ailəm üzvlərim həmişə üzümü ağ edib. Uşaqlarım aksiyalarda böyüyüblər.
- Mayisə xanım, müəllimlik ixtisasına yiyələndiyiniz halda, Haaqada tibb sahəsində çalışırsınız. Müəllimlikdən tibə gedən yol necə oldu?
- Tibb sahəsində çalışmağıma orada çalışan yaxın bir rəfiqəm vasitəçi oldu. 5 il idi ki, Hollandiyada yaşayırdım. Onun sayəsində anesteziya bölməsinə işə qəbul edildim. Belə ki, orada əməliyyat alətlərinin sifarişi, onların təlim-təhvil işləri ilə məşğul oldum. Əməliyyat bölümündə cərrahın istifadə etdiyi alətləri hazırlayırdım. Biz orada çalışmaq üçün böyük bir imtahandan keçdik. 6 aylıq bir proqram öyrəndim. Niderlandda cərrahlar gigiyenik qaydalara xüsusi riayət edirlər.
- Bəs bizdə necə, o qaydalara riayət olunmur?
- Azərbaycanda çox gözəl cərrahlarımız var. Ancaq bəzən qaydalara riayət etmirlər. Bizim çox savadlı həkimlərimiz var, onlara hər cür şərait yaradılıb. Ancaq çox xırda nüansla imiclərini zədələyirlər. Qolda saatla əməliyyata girmək olarmı? Əməliyyata bəzək, zinət əşyaları ilə girən tibb bacılarını da görmüşəm.

- Bir müəllimə olaraq Niderlanddakı təhsil sistemi necə, sizi qane edirmi?
- Onların təhsil sistemi mükəmməldir. Orda uşaqlara elmi, oyunlarla tədris edirlər. Uşaqlar səhər saat 9-un yarısından 4-ə qədər məktəbdə olur. Müəllimlər onlarla birgə yemək bişirir, meşəyə gəzintiyə gedir, asudə zaman keçirirlər. Uşaqlar hər şeyi oyunlarla öyrənirlər. Şagirdlər məktəbə 4 yaşından gedirlər. Bu, onlarda ön hazırlıq hesab edilir. Hər bir hərfi əşyalarla öyrəndikdən sonra, 3-cü sinifdə əlifbanı öyrənməyə başlayırlar. Onlar 8 il ibtidai məktəb oxuyurlar. Onu bitirəndən sonra səviyyələrinə görə qruplara bölünürlər.Müəllimlər uşaqları yaxşı motivasiya edirlər. Uşaqlar məktəbə sevinə-sevinə gedirlər. Müəllimə uşaqları qapıda qarşılayır, onlarla görüşür. Ancaq onu da deyim ki, bizim ilk dərs günümüzdə olan o həyəcan, sevinc hissi onlarda yoxdur. Məktəbi qurtaranda isə təmtəraqlı tədbir təşkil edirlər.

- "Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi hansı işləri görür?
- İndiyə qədər bir çox layihələrimiz olub. Əməyimiz isə dövlətimiz tərəfindən qiymətləndirilib, cənab prezidentimiz İlham Əliyev tərəfindən "Tərəqqi” medalına layiq görülmüşük. Bu, mənim yox, birliyimizdə çalışan bütün xanımların uğurudur. Bizim istənilən tədbirimizdə o xanımların dəstəyi olmasa, heç bir şey edə bilməzdik. Hər il milli bayramlarımızı, matəmlərimizi orada qeyd edirik. Daha çox, qadınları duyğulandıran işlərə - elm, mədəniyyət, milli adət-ənənələrimiz, mətbəximiz və uşaqlara aid tədbirlərə üstünlük veririk. Azərbaycan dövlətinin maraqlarına xidmət edən aksiyalarda fəal iştirak edirik. Niderlanddakı səfirliyimiz hər zaman bizim böyük dəstəkçimiz olub. Diaspora komitəmiz hər cür köməklik göstərib.
- Yad bir məmləkətdə diaspora işi ilə məşğul olmaq da çətindir.
- Diaspora işi könüldən gələn bir işdir. Bu işdə pul qazanmaq istəyi yoxdur. Təəssüf ki, çox adam elə bilir ki, biz bu işdən pul qazanırıq. Diaspora olaraq gözləmirik ki, kimsə bizə nəsə etsin. İndi bizim layihələrimiz var, oturub gözləmirik ki, kimsə bizə kömək etsin, sonra layihəyə başlayaq. Heç kim deyə bilməz ki, mətbuata və yaxud da kiməsə bununla bağlı giley-güzar etmişəm.

- Niderlandda azərbaycanlı xanımlar özlərini necə tanıdırlar?
- Azərbaycan xanımları özlərini kifayət qədər göstərə bilirlər. Niderlandda bir çox uğurlara imza atan azərbaycanlı xanımlar var. Ötən ay Mədinə xanımla tanış oldum. O, bir yarışmaya qatılmışdı, yeni bir çörək icad etmişdi. Biz ona dəstək olduq. İştirak etdiyi layihənin qalibi oldu. Onun uğuruna sevindim. O qadın fəxrlə deyir ki, azərbaycanlıyam. İndi Hollandiyada bir marka oldu. Orada yaşayan elə Azərbaycan xanımları var ki, bir neçə övlad sahibi olsalar da, təhsillərinə davam edirlər. Orada şəhidlərimizin xanımları – vətən uğrunda həyat yoldaşlarını itirənlər var ki, uşaqları üçün çalışırlar. Onu da qeyd edim ki, azərbaycanlı xanımlar ədəb-ərkanları, danışıq tərzi, oturuşu-duruşu, əl qabiliyyətlərinə görə seçilirlər.
- Əl qabiliyyəti demişkən, xaricdə fəaliyyət göstərən diaspora rəhbərlərinə irad tuturlar ki, bayramlarda şəkərbura, paxlava bişirib təqdim etməklə "Azərbaycan günləri” keçirib, işlərini bitmiş hesab edirlər.
- Mən bu fikirlə razı deyiləm. Şəkərburanın, paxlavanın özü də bir ornamentdir. Azərbaycanda milli bayramlarımızı necə qeyd ediriksə, orada da həmin qayda ilə keçiririk. Matəm günlərimizi də həmçinin. Hər şeyin öz yolu-yolacağı var. Misal üçün, orada Xocalıya aid bir tədbir keçirdiyimizi desək, çox az adam gələcək, ancaq Azərbaycan günü keçirdiyimizi deyirik və tədbirə xeyli holland gəlir. Biz də ölkəmizin tarixindən, gözəlliyindən, mədəniyyətindən danışırıq, video çarxlar göstəririk. Torpaqlarımızın işğal olunduğu barədə məlumat veririk.
- Niderland ermənilərin çoxluq təşkil etdiyi bir ölkədir. Erməni lobbiçiliyi ilə necə mübarizə aparırsınız?
- Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının başına gələnlər buna ən bariz nümunədir. Biz onun məhkəməsində də iştirak etdik. Onun məhkəməsi bizim məhkəməmiz sayılır. Ermənilərin "Sputnik” saytında mənim də adımı hallandırmışdılar. Adımı "Xanımka” qoymuşdular. Onlar bizim Azərbaycandakı müsahibələrimizi oxuyurlar. Mən "Facebookda” "İlhan Aşkına dəstək” səhifəsi açdım. Sağ olsun, özü də hər zaman bildirir ki, mənim bacım min kişiyə dəyər. Ermənilər xristian olduqları üçün hollandlar onlar üstünlük verirlər. Çoxdandır Niderlandda məskunlaşıblar, kilsələr üzrə işləyirlər. Ancaq bizdən də çəkinirlər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər