• çərşənbə axşamı, 19 mart, 09:29
  • Baku Bakı 8°C

Hobbisindən pul qazanan xanım jurnalist - Hobbi

20.04.18 13:03 3138
Hobbisindən pul qazanan xanım jurnalist - Hobbi
Deyir ki, insan istəsə hər şeyə vaxt tapa bilər. Eyni anda bir neçə işi mükəmməl şəkildə edə biləcəyinə inanır. Onun üçün önəmli olan, insanın gördüyü işindən zövq almaıdır. Çünki əks halda işləmir, vaxtımızı itiririk. Müsahibim qısa müddət ərzində hobbisindən özünə biznes qura bilən gənc xanım Aytəkin Qardaşovadır.
Qeyd edim ki, Aytəkin Qardaşova Neftçalada dünyaya gəlib. Orta məktəbi doğulduğu rayonda başa vuran həmsöhbətim 2009-cu ildə Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası və jurnalistika fakültəsinə qəbul olub. Təhsilini başa vurduqdan sonra isə universitetin mətbuat xidmətində çalışmağa başlayıb. Universitetdə çalışdığı müddətdə müxbir, xüsusi müxbir, "Tələbə dünyası” qəzetinin məsul katibi kimi müxtəlif vəzifələrdə çalışan həmsöhbətim, hazırda sözügedən universitetdə KİV-lə əlaqələr üzrə mütəxəssisi kimi fəaliyyət göstərir. Deyir ki, ixtisasına aid olmasa da, toxuculuğa marağı incəsənətə olan sevgisindən yaranıb: "Uşaq vaxtından çox istəsəm də, ailəm incəsənət sahəsini seçməyimə razılıq vermədi. Hələ kiçik yaşlarımda boş vaxtım olan kimi rəsmlər çəkirdim. Aksessuarlarımı həmişə özüm hazırlayırdım. Ümumiyyətlə, rəsm çəkməyə, müxtəlif əl işləri hazırlamağa xüsusi sevgim var. Nadir hallarda hansısa aksessuara pul verib almışam. Toxumağa marağım da elə o vaxtdan yaranmağa başladı. Əvvəllər sadə əşyalar toxuyurdum. Getdikcə özümü daha da təkmilləşdirdim. Bu ildən başlayaraq sifarişlər qəbul etməklə bu işi kiçik biznesimə çevirdim. Toxumağı özüm təkbaşına, heç kimin köməyi olmadan öyrənmişəm. Mənə kursa, müəllim yanına getməyi tövsiyə etsələr də, buna ehtiyac görmədim. Çünki internetdə bu barədə xeyli öyrədici videolar var. Müxtəlif videolara baxaraq, işin sirlərini mənimsədim. Başa düşdüm ki, bu, məndə alınır. Fikirləşdim ki, niyə də özümə biznes qurmayım”.

Müsahibim deyir ki, sifarişləri çoxaldıqca özünə olan inamı daha da artmağa başlayıb: "Təzə başlayanda fikirləşirdim ki, toxumağı sadəcə, hobbi olaraq edə bilərəm. Getdikcə gördüm ki, işlərim bəyənilir və bir neçə sifariş aldım. Amma ilkin mərhələdə fikirləşirdim ki, sifarişlərim olmaz. Lakin özümə və işlərimə hər zaman güvənirdim. Məncə, bu, çox önəmlidir. İşə başlamazdan əvvəl insan özünə güvənib, zamanı düzgün tənzimləməyi bacarmalıdır. Hazırda toxumaq mənim ikinci işim sayılır. Bu işlə yalnız boş vaxtlarım olanda məşğul oluram. Məncə, insan istəsə, hər şeyin öhdəsindən gələ bilər. İnternetdə özünə biznes quran gənclərlə maraqlanırdım. Həmin vaxt toxuduqlarımı yaxın qohumlarıma və dostlarıma hədiyyə etmişdim. Onların şəkillərini sosial şəbəkədə paylaşmağa başladım. Sadəcə olaraq, paylaşarkən qeyd etdim ki, sifariş qəbul olunur. Həmin vaxt fikirləşirdim ki, görəsən, kimsə sifariş verəcəkmi? Amma zənnimdə yanılırmışam. Qısa müddətdə xeyli sifariş gəlməyə başladı. Onu da deyim ki, ixtisasım jurnalistika olduğuna görə, marketinq və piar anlayışlarından az-çox başım çıxır. Öz işlərimi insanlara təqdim etməyə başladım. Əvvəlcə fikirləşdim ki, sosial şəbəkələrdə səhifə açım. Amma sonra düşündüm ki, bu, çox vaxt aparar və çatdırmaya bilərəm. Ona görə də öz hesablarımda albomlar yaratmaqla kifayətləndim. Təkcə öz səhifəmdə paylaşdıqdan sonra gələn sifarişlər mənə kifayət edir. Dostlarım bir-birlərinə əl işlərim barədə məlumat verir, işlərimi başqalarına da göstərirdilər. Bir də görürdüm ki, tanımadığım insanlar "instaqram”da mesaj yazaraq sifariş vermək istədiklərini deyirdilər. Bu mənim üçün də maraqlı oldu”.

İncəsənətin bütün sahələrinə marağı olan gənc xanım deyir ki, incə işlər insanı yormur, əksinə, dincəldir: "Məncə, ümumiyyətlə, insan incəsənət işləri ilə məşğul olarkən beynini dincəldir. Məsələn, mən bütün vaxtımı toxumağa ayırsam, bir günə 3 sifarişi çatdıra bilirəm. Əslində, işi bitirmək məsələsi həm də sifarişlərin ölçüsündən və formasından asılıdır. Məsələn, bir papağı 2 saata bitirə bilirəm. Amma şərflər bir qədər çox vaxt aparır. Hələlik bu işlə hobbi kimi məşğul olduğuma görə, bu, mənim ikinci planımdadır. Sifarişlərimin də böyük əksəriyyəti tələbələrdən gəlir. Toxunma məhsullar daha çox qışda istifadə edilir. Bu baxımdan daha çox papaq və şərf sifarişləri qəbul edirəm. Amma bir də görürsən ki, müştəri fərqli sifarişlər istəyir. Bu zaman sən gərək öz fantaziyanı işə salasan. Məsələn, çaydanlığa papaq, yaxud saqqal üçün toxuma istəyən sifarişlərim olub. Saqqal mənim üçün maraqlı sifariş idi, çünki bunu ilk dəfə edirdim. Nə qədər araşdırsam da, internetdə bu barədə hansısa anlaşıqlı videoya rast gəlmədim. Çarəsiz qalıb müştərinin göndərdiyi şəklə baxaraq toxumağa başladım. Bu, məndə yaxşı alındı və müştəri də işimdən razı qaldı. İlk dəfə olduğundan, işimin bəyənilməsi məni çox sevindirdi”.


İşin maddi tərəfini soruşduqda isə müsahibim müştəri məmnuniyyətinin onun üçün puldan daha önəmli olduğunu söylədi: "Əslində, bu işləri görərkən maddi gəliri o qədər də fikirləşmirəm. Çünki mən buna hobbi kimi yanaşıram. Müştəri məmnuniyyəti və onların məndən razı qalması mənim üçün maddi gəlirdən daha önəmlidir. Demək olar ki, əksər sifarişlərimi tələb olunan vaxta kimi, bir çox hallarda vaxtından tez hazır edirəm. Çünki nə qədər sürətli toxusam, sifarişlərim o qədər çox olur”.
Həmsöhbətim başına gələn maraqlı əhvalatı da bizimlə bölüşdü: "İlk vaxtlar işlərimin bəyənilməsinə o qədər alışmışdım ki, bir dəfə müştəri narazılıq edəndə xeyli təəccübləndim və bir qədər əsəbiləşdim. Çünki sifariş verən xanım istədiyi papağın modelini mənə göndərmişdi. Onun göndərdiyi papağın eynisini toxusam da, sonradan müəyyən narazılıqlar etməyə başladı. Gah papağı boş, gah da sıx istədiyini deyirdi. Beləcə, həmin papağı 4 dəfə söküb yenidən toxumaq məcburiyyətində qaldım. Axırda o qədər əsəbiləşdim ki, xanımın pulunu geri qaytardım və papağı ona satmadım. Əziyyətimə qiymətin verilməsi mənim üçün daha vacibdir. Bunu etməkdə məqsədim o idi ki, mən maddi gəlirə önəm vermirəm. Çünki toxumaq elə bir işdir ki, insan bütün diqqətini və zəhmətini ora xərcləyir. Ona zaman və vaxt ayırırsan. Toxumaq həm də insanın gözünə mənfi təsir göstərir. Bu baxımdan, istəyirəm ki, əziyyətimə dəyər verilsin”.

Sonda müsahibimin gələcək planları haqda da soruşduq: "Təkcə toxumaqla kifayətlənmirəm, digər hobbilərim də var. Məsələn, aksessuarlar düzəldir və rəsmlər çəkirəm. Məsələn, artıq qış bitib. İndi yazda insanların nəyə tələbatı olduğuna diqqət yetirirəm. Çalışıram ki, fəsilə və insanların tələbinə uyğun şeylər hazırlayım. Məsələn, müxtəlif səbətlər və ya digər maraqlı aksessuarlar toxumağa çalışıram. Aksessuarları isə hələlik özüm üçün hazırlayıram. Bir neçə dəfə almaq istəsələr də, onları satmamışam. Hələlik aksessuarlarımı satmağa ürəyim gəlmir. Rəsmlərimi bəyənənlər deyir ki, sərgi aça bilərsən, amma bu barədə də hələ ki, fikirləşmirəm, sadəcə, onları sosial şəbəkələrdə paylaşmaqla kifayətlənirəm. Rəsmi səhifəm olmasa da, öz hesablarımdan işlərimi paylaşıram. Bütün bunları sırf pul qazanmaqdan ötrü deyil, özümə maraqlı olduğu üçün edir və paylaşıram. Amma gələcəyin bizə nə göstərəcəyini bilmək olmaz. Ola bilsin ki, öz işlərimdən ibarət bir mağaza açdım və brendimi yaratdım. Çünki bu, daha çox sifariş ala bilməyim və biznesimi genişləndirməyim üçün vacibdir. Müxtəlif balıqqulaqları, rəngli daşlar yığmağı sevirəm. Xaricdə çox az olsam da, getdiyim ölkələrdən mütləq xırda aksessuarlar gətirməyə çalışıram. Məsələn, Qara dənizin sahillərindən çoxlu və maraqlı daşlar yığmışam. İnsanlar dəniz qırağında istirahət edərkən, mən daş yığmaqla məşğul idim. Ətəyimi daşla dolduraraq otelə getdim, hamı təəccüblə mənə baxırdı. Çünki yanımda zənbil yox idi və daşların yarısını qucağıma, yarısını ətəyimə yığmaq məcburiyyətində qaldım. Ümumiyyətlə, qədim aksessuar və bəzəkləri yığmağı sevirəm. Gələcəkdə onlardan əl işlərimdə istifadə edəcəyəm. Həmçinin, milli rəqslə də məşğulam. Amma demək olar ki, bütün boş vaxtım toxumağa sərf olunur”.
Şəbnəm Mehdizadə








banner

Oxşar Xəbərlər