• cümə, 19 Aprel, 01:41
  • Baku Bakı 18°C

Hökumət gənclər üçün ipoteka şərtlərini asanlaşdırmağa hazırlaşır

19.02.14 08:16 1485
Hökumət gənclər üçün ipoteka şərtlərini asanlaşdırmağa hazırlaşır
Mərkəzi Bankın bəzi kreditlər üzrə banklara məhdudiyyətlər qoyması, deyəsən, bütövlükdə vəziyyətə ciddi təsir edib. Belə ki, artıq bəzi banklar ipoteka kreditlərinin belə verilməsində tərəddüd edir. Bunu ipoteka krediti almaq istəyən tanışlardan biri ilə söhbətdə bildim. Tanış deyir ki, neçə müddət imiş ipoteka krediti almaq üçün sənədlərini qaydaya salırmış: “Bilsəydim belə vəziyyət yaranacaq, bir az tez müraciət etməyə çalışardım. İki gün əvvəl maraqlandım, mənə dedilər ki, ipoteka kreditləri də dayandırılıb”.
Söhbət əsnasında o da məlum oldu ki, həmsöhbətim heç bir banka rəsmi müraciət edib belə cavab almayıb, sadəcə, banklarda işləyən tanışları belə deyiblər.
Araşdırmamız isə tam əksini deyir. Məlum olur ki, bankların ipoteka kreditləri verməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bunu həm Mərkəzi Bankdan, həm də müraciət etdiyimiz bir neçə bankdan bildirdilər. Hazırda 30-a yaxın bank Azərbaycan İpoteka Fondunun müvəkkil təşkilatlar siyahısındadır. Müvəkkil bankların hamısında eyni ipoteka şərtləri təklif edilir.
Fond hesabına verilən kreditlər iki hissəyə bölünür: güzəştli və adi ipoteka kreditləri. Adi ipoteka kreditləri illik 8 faiz olmaqla maksimum 50 min manat və 25 illiyə verilir. Bu zaman ilkin ödəniş 20 faizdir.
Güzəştli ipoteka kreditləri isə illik 4 faiz olmaqla 50 min manata qədər, 30 illiyə verilir. Bu zaman ilkin ödəniş məbləği 15 faiz təşkil edir. Güzəştli ipoteka hərbiçilərə, qaçqınlara, əlil ailələrinə və s. şəxslərə verilir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində “Gənclər və gənc ailələr üçün ipoteka kreditlərinin alınması imkanlarının genişləndirilməsinə dair təkliflərin hazırlanması” aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsini keçdikdən sonra Nazirlər Kabinetinə təqdim edilib. APA-ya açıqlamasında nazir müavini bildirib ki, Dövlət Proqramı çərçivəsində sosial ipotekanın təkmilləşdirilməsi nəzərdə tutulurdu: “Bununla bağlı GİN və İpoteka Fondu təkliflər paketini hazırlayıb və artıq hökumətə təqdim edib”.
Göründüyü kimi, dövlət nəinki ipoteka kreditləşməsini dayandırmağa, yaxud məhdudlaşdırmağa, əksinə, bu sahədə şərtləri daha da asanlaşdırmağa hazırlaşır.
Lakin Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, digər kreditlərlə bağlı qərarlar ipoteka kreditlərinə də təsir edə bilər: “Biz öz təkliflərimizi Milli Məclisdə bildirmişik ki, ipotekanın həm ümumi məbləği azdır, həm də şərtləri bir az ağırdır. İnsanlar hamısı onu ala bilmir. Buna görə də bu məsələyə baxmaq lazımdır. O cümlədən, bu məsələ müzakirə olunanda Mərkəzi Bankın idarə heyətinin sədri də bununla əlaqədar müsbət fikrini bildirmişdi. Amma sonradan ayrılan məbləğ 40 milyon manat saxlanıldı, artırılmadı. O cümlədən şərtlərdə də hələ dəyişiklik olunmayıb”.
V.Əhmədova görə, güzəştli ipoteka üçün 15 faiz ilkin ödəniş çox böyükdür: “Bu, ləğv olunmalıdır. İllik faizi də 4 faizdən aşağı salınaraq 1-2% faiz səviyyəsində saxlamaq lazımdır. Ümumi məbləğ 35 min manat idi, cənab prezident onu artıraraq 50 min manat etdi. Amma bu da azdır. Bilirsiniz ki, 50 min manata Bakıda ev almaq çox çətindir. Heç olmasa bunu 80-100 min manat etmək lazımdır. Bizim təkliflərimiz hələ ki, qəbul olunmayıb. Yəni qəbul olunsaydı, bu barədə xəbərimiz olardı. Amma bilirik ki, bu təkliflər müzakirə olunur”.
Millət vəkilinin sözlərinə görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov ipoteka kreditləri ilə bağlı suallara cavab verəndə, millət vəkillərinin qaldırdığı məsələyə razılıq bildirib: “O ki qaldı banklarda sərtləşmə prosesinə, bilirsiniz, banklara əhalinin borcu həddindən artıq çoxdur. Kredit borcu yəni, vaxtı keçmiş borclar artıq 1 milyard manata yaxınlaşıb. Bu, böyük bir məbləğdir. Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranır. Ona görə də həm kredit alan insanlar, həm də kredit verən təşkilatlar fikirləşməlidir ki, belə borclar yaranmasın. Bu, banklar üçün ciddi problemlər yaradır. Bilirsiniz ki, bankların nizamnamə kapitalı hal – hazırda qanuna görə 10 milyon manatdır. Amma Mərkəzi Bankın İdarə Heyəti qərar qəbul edib ki, 2014-cü il yanvarın 1-dək 50 milyon manata çatdırılsın. Banklar bunu bacarmadığı üçün 2015-ci ilin yanvarın 1-dək əlavə möhlət verildi. Bankların da öz problemləri var. Amma kreditlərin verilməsində müəyyən qayda-qanun yaratmaq lazımdır”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər