• şənbə, 20 Aprel, 13:21
  • Baku Bakı 23°C

Hökumət, əhali və biznes qənaətə keçib - Hesabat

16.06.16 19:55 1124
Hökumət, əhali və biznes qənaətə keçib - Hesabat
Mərkəzi Bank 2016-cı ilin 1-ci rübü üzrə tədiyyə balansı ilə bağlı məlumatları açıqlayıb. Fins.az-ın məlumatına görə, ilk rüb ərzində cari hesablar balansında son 10 ildə qeydə alınmayan ən böyük məbləğdə - 432,1 milyon dollar məbləğində defisit qeydə alınıb. Qeyd edək ki, 2015-ci ilin ilk rübündə cari hesablar balansında 57,8 milyon dollar, 2014-cü ilin yanvar-mart aylarında isə 3,3 milyard dollar profisit olmuşdu.
İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, tədiyyə balansının təhlili göstərir ki, hamı - istər ev təsərrüfatları, istərsə də biznes və hökumət sektoru qənaət rejiminə keçib.
Ev təsərrüfatlarının qənaəti özünü xaricdə turizmə xərclənən vəsaitlərin həcmində göstərir. Bu ilin 3 ayında xarici turizm xidmətlərinə 530 milyon dollar xərclənib - halbuki 2014-cü ilin eyni döründə bu məbləğ 814 milyon dollar, 2015-ci ildə 626 milyon dollar olmuşdu.
Biznes və hökumət sektorunun qənaət rejiminə keçməsi özünü xarici ölkələr tərəfindən göstərilən müxtəlif işgüzar xidmətlərə görə ödənişlərin kəskin azalmasında göstərir. 2016-cı ildə həmin xidmətlərə 200 milyon dollar xərclənib - amma 2014-də 635 milyon dollar, 2015-də 331 milyon dollar xərclənmişdi.
Xaricdə yaşayan şəxslərin ailələrinə göndərdiyi pullar (remitanslar) da xeyli azalıb. Bu ilin ilk 3 ayında bu xətlə ölkəyə 179 milyon dollar daxil olub - əvvəlki 2 ildə həmin məbləğ 310-360 milyon dollar intervalında olmuşdu.
Neftin qiymətinin azalması Azərbaycan hökuməti ilə yanaşı xarici neft şirkətlərinin də mənfəətinin kəskin azalmasına səbəb olub. Belə ki, 2016-cı ilin 3 ayında beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin ölkədən çıxarılan həcmi (repatriasiyası) 313 milyon dollar olub - halbuki 2014-cü ildə bu rəqəm 815 milyon dollar olmuşdu.
banner

Oxşar Xəbərlər