• çərşənbə axşamı, 16 aprel, 13:31
  • Baku Bakı 19°C

Hökumət 2015-ci ilin büdcə layihəsini hazırlamağa başlayır

31.01.14 13:26 1227
Hökumət 2015-ci ilin büdcə layihəsini hazırlamağa başlayır
Nazirlər Kabineti Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin ölkə prezidentinə vaxtında təqdim edilməsi məqsədi ilə sərəncam qəbul edib.
Sərəncamda deyilir ki, Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2014-cü il sentyabrın 15-dək, İqtisadiyyat və Sənaye Nazirliyi növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2014-cü il sentyabrın 10-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyi 2015-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bundan əlavə, Dövlət Statistika Komitəsi bu il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək üçün 2013-cü ilin ilkin statistik məlumatlarını 2014-cü il fevralın 5-dək İqtisadiyyat və Sənaye və Maliyyə nazirliklərinə təqdim etməlidir. Həmçinin, Komitə növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatları müvafiq qurumlara təqdim etməlidir.
Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi məqsədi ilə təkliflərini martın 1-dək Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyi 2015-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini aprelin 10-dək, dəqiqləşdirilmiş variantını sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə iyulun 20-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir.
İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü il dəqiqləşdirilmiş, 2015-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun 2015-ci il üçün ilkin proqnozlarını martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir. Bundan əlavə, İqtisadiyyat və Sənaye Nazirliyi 2015-ci il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin orta illik indeksinin, orta aylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını martın 1-dək, dəqiqləşdirilmiş variantını isə avqustun 1-dək Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir.
Vergilər Nazirliyinin regional və yerli bölmələri növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini iyunun 1-dək Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etməlidir.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklər, komitələr, idarə və təşkilatların rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılıb və bələdiyyələrə növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını hazırlamaq üçün iyulun 15-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etmək tövsiyə olunub. Naxçıvan MR-nın Nazirlər Kabineti, dövlət büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar, həmçinin yerli icra hakimiyyətləri Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir dövlət proqramı üzrə xərclər ayrıca göstərilməklə) iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Sərəncamda həmçinin bildirilir ki, nazirlik, komitə və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir dövlət proqramı üzrə xərclərin və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələb olunan vəsaitin məbləği ayrıca göstərilməklə) və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir. Həmçinin onlar dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Dövlət Sosial Müdafiə Fondu və Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını martın 15-dək, dəqiqləşdirilmiş variantını isə iyulun 1-dək İqtisadiyyat və Sənaye və Maliyyə Nazirliklərinə təqdim etməlidir.
Nəqliyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, «Avtomobil Yolları» Məqsədli Büdcə Fondunun, Maliyyə Nazirliyi «Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu»nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını martın 15-dək, dəqiqləşdirilmiş variantını isə iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir.
Nazirlik, komitə və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar iyulun 1-dək aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir. Bundan əlavə, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları barədə təkliflər hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunmalıdır.
banner

Oxşar Xəbərlər