AZE | RUS | ENG |

Hökmdar və onun qırğısı

Hökmdar və onun qırğısı
Çingiz xan həm böyük hökmdar, həm də güclü sərkərdə idi.
Öz ordusunu Çinə və İrana yeritmiş, çoxlu torpaqları fəth etmişdi. Bütün ölkələrdə insanlar onun şücaətindən danışır, deyirdilər ki, makedoniyalı İsgəndərdən sonra hələ Çingiz xan kimi hökmdar dünyaya gəlməyib. 
Bir gün müharibələrdən vətəninə qayıdandan sonra o meşəyə gəzməyə çıxdı. Dostlarının çoxu da onunla birlikdə idi. Onlar at belində yol gedir, ox və yaylarını da götürmüşdülər. Onların arxasınca isə nökərlər gəlirdi, ov itləri də yanlarında.
Gülüş səsləri meşəni başına götürmüşdü, hər biri axşam qayıdanda evə daha çox ov aparmaq istəyirdi. 
Çingiz xanın sevimli qırğısı da onun biləyi üstündə idi, həmin vaxtlarda qırğıları da əhliləşdirib ova aparırdılar. Sahibləri işarə verən kimi qırğılar havaya qalxır, ətrafa göz gəzdirib ov axtarırdılar. Elə ki onlar hardasa ceyran yaxud dovşan görürdülər, ox sürətilə ovlarına doğru şığıyırdılar.
Bütün günü Çingiz xan və adamları meşədə at çapıb ov etdilər. Amma onlar gözlədikləri kimi çox ov tapa bilmədilər.
Axşama yaxın onlar evə qayıtmağa hazırlaşdılar. Çingiz xan o meşədə çox olmuş, çox at çapmışdı, ona görə də meşənin hər cığırına bələd idi. Onun dostları ən yaxın yolla evlərinə qayıtdı. Çingiz xan isə uzaq yolla, iki dağın arasındakı dərədən keçib evinə qayıtmağa qərar verdi.
Həmin gün hava çox isti olmuş, hökmdar çox susamışdı. Sevimli qırğısı da uçub getmişdi, çox güman ki, birbaşa hökmdarın evinə uçmuşdu. 
Hökmdar susadığından atını yavaş-yavaş çapırdı. Yadına düşdü ki, bir dəfə cığırın yaxınlığında bir bulaq görüb. O həmin bulağı tapmağı çox arzulayırdı. Yay isti keçdiyindən dağ çaylarının da çoxu qurumuşdu.
Nəhayət, o qayanın qırağından su damcıladığını görüb çox sevindi. Bilirdi ki, qayanın yuxarısında bulaq var, su da ordan damcılayır. Adətən payız, qış aylarında bu yerdən daha çox su damcılayırdı, amma indi yalnız hərdənbir bir damcı su düşürdü. 
Hökmdar atdan düşdü, ov çantasından gümüş fincanını çıxartdı, fincanı elə tutdu ki, yavaş-yavaş damcılayan su onun içinə düşsün. Fincanın dolmağı çox uzun çəkəcəkdi, hökmdar çox susamışdı, gözləməyə səbri çatmazdı. Su fincanın yarısına çatanda o fincanı ağzına yaxınlaşdırıb içmək istədi. Elə bu vaxt başı üstdən səs gəldi, bir an sonra o gördü ki, gümüş fincan əlindən yerə düşüb, içindəki su da dağılıb. 
Hökmdar başını yuxarı qaldırdı, bilmək istədi ki, fincanı onun əlindən kim salıb. Məlum oldu ki, onun sevimli qırğısı edib bu işi. 
Qırğı bir neçə dəfə havada dövrə vurdu, sonra yenidən qayanın təpəsindəki bulağın yanında yerə endi.
Hökmdar fincanını yerdən götürdü, onu yenə də yuxarıdan daman suyun altına tutdu.
Bu dəfə də o çox gözləyə bilmədi, su fincanın yarısına çatanda fincanı ağzına yaxınlaşdırdı. Amma dodağı fincana dəyməmiş qırğı yenə də sürətlə aşağı şığıdı və fincanı vurub onun əlindən yerə saldı.
Hökmdar bu dəfə çox hirsləndi. O fincanı yenə də əvvəlki kimi tutdu, su damcı-damcı düşüb fincanın yarısına çatanda içmək istədi. Sevimli qırğısı bu dəfə də ona mane oldu.
Hökmdar qəzəblənib özündən çıxdı. O, qəzəblə qışqırdı:
– Axı sən niyə belə hərəkət edirsən? Səni tutsam boğazını üzdürəcəm!
Sonra o fincanını bir də doldurdu, bu dəfə fincanı dodağına yaxınlaşdırmazdan qabaq qılıncını qınından çıxartdı.
– Hə, cənab qırğı! Bu dəfə də suyu içməyimə mane olsan boğazını üzdürəcəm.
Hökmdar sözünü deyib qurtarmamış qırğı yenə də sürətlə aşağı şığıdı, fincanı Çingiz xanın əlindən yerə saldı. O elə bu anı gözləyirdi, qırğı havaya uçanda qılıncla ona zərbə endirdi.
Bircə an sonra yazıq qırğı al qana boyandı və yerə düşüb sahibinin ayağı altında öldü.
– Mənə verdiyin əzab-əziyyət üçün cəzanı verdim! – Çingiz xan dedi.
Sonra o fincanını axtardı, məlum oldu ki, fincanı iki qayanın arasına düşüb, heç cür onu ordan götürə bilməzdi.
– Eybi yoxdur, mən qayanın başına çıxıb bulaqdan su içərəm, – o, öz-özünə dedi.
O çox çətinliklə qayanın başına qalxdı, qayaya dırmaşmaq onu lap yordu, indi susuzluqdan onun ciyəri yanırdı.
Nəhayət, o axtardığı bulağı tapdı. Amma bulağın içində nə olsa yaxşıdır? Çox zəhərli, yekə bir ilan ölüsü bulağın içində idi. 
Hökmdar ilan ölüsünü görüb dayandı. Hətta susuz olmağı da yadından çıxdı. O qırğını fikirləşdi, qılıncı ilə al qanına boyadığı qırğını.
– Ah, qırğı mənim həyatmı xilas etdi! Bəs mən onun borcunu necə qaytarım! O, mənim ən sevimli dostum idi! Mən onu ölürdüm, – Çingiz xan təəssüflə dedi.
O qayanın başından düşdü, bayaqkı yerinə çatıb qırğının cəsədini əlinə aldı, onu ov çantasına qoydu. Sonra atına minib evinə tərəf sürdü. Yol boyunca öz-özünə eyni sözləri təkrar edirdi:
– Bu gün mənə həyat dərs aldım: Acıqlı olanda heç nə etmə!

Ceyms Baldvin
İngilis dilindən tərcümə edən: Sevil Gültən

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6848
GBP 1 İngilis funt sterlinqi 2.2728
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6245
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.9906
CHF 1 İsveçrə frankı 1.7133
USD 1 ABŞ dolları 1.7000